Ali məktəblərə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlayır

54 dəfə oxunub
Ali məktəblərə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlayır

Ali məktəblərə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlayır.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, elektron ərizələrin qəbulu 2019-cu il iyunun 13-dən iyulun 17-dək (V ixtisas qrupu üzrə iyunun 13-dən 27-dək ) internet vasitəsilə aşağıdakı qaydada aparılır.

Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in internet səhifəsinə daxil olub, “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Tələb olunan məlumatlar “Tələbə-Məzun” dövlət elektron məlumat sistemindən onlayn əldə olunur. Bu məlumatları tam olmayan subbakalavrlar ilk olaraq məzunu olduqları orta ixtisas təhsili müəssisələrinə müraciət etməli və məlumatlarının sistemə daxil olunmasını təmin etməlidirlər. Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

Müsabiqədə iştirak ödənişsizdir.

Qeyd edək ki, qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda – iyulun 24-dən avqustun 6-dək ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər. Subbakalvrlar ixtisas seçimində Dövlət İmtahan Mərkəzinin müvafiq ixtisas qrupları üzrə müəyyən etdiyi keçid balı ilə iştirak edəcəklər. Məsələn: I,II,III və IV ixtisas qruplarının biri üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavr 200 balla (müəyyən ixtisaslar üzrə müvafiq olaraq 150 və 250 balla), V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavr 60 balla ixtisas seçimində iştirak edəcək. Xüsusi qabiliyyət tələb edən ixtisasları seçmək istəyən subbakalavrlar ixtisasların uyğunluğu cədvəlinə müvafiq olaraq, seçdikləri komissiya üzrə - V qrupa daxil olan bədən tərbiyəsi istiqamətinin 60, 61, 62-ci komissiyaları və 14-cü komissiya-dizayn ixtisası üzrə iyunun 20-dən 28-dək, digər komissiyalar üzrə iyunun 20-dən iyulun 3-dək, I qrupa daxil olan memarlıq ixtisası üzrə iyulun 8-dən 13-dək Mərkəzin internet saytında qeydiyyatdan keçib qabiliyyət imtahanlarında iştirak edib məqbul qiymət almalıdırlar.

İxtisas seçimi zamanı eyni bir yerə biri abituriyent digəri subbakalavr olmaqla iki nəfər iddia edərsə, bu zaman həmin yerə abituriyent qəbul olunacaq. Ancaq bir yerə iki subbakalavr iddia edərsə, o zaman aşağıdakı ardıcıllıqla qeyd olunan meyarlar üzrə göstərciləri daha yüksək olan subbakalavra üstünlük veriləcək:

1. Ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG),

2. Təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika,kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası.

Ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) və attestat üzrə yekun qiymətlərin ədədi ortası (AYQƏO) müvafiq orta ixtisas təhsili müəssisəsi tərəfindən “Tələb-məzun” dövlət elektron məlumat sisteminə daxil edilərək təsdiqlənməlidir.

Yuxarıda qeyd olunan göstəriciləri “Tələb-məzun” dövlət elektron məlumat sisteminə daxil edilən və cari ilin buraxılış kursunda oxuyan kollec məzunları da müsabiqədə iştirak edə bilərlər.

Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır.

Hərbi çağırışçıların müsabiqədə iştirak etmək üçün möhlət haq­qında arayışı və hərbi sənədlərində bu barədə Azər­bay­can Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatı ol­malıdır. Möhlət hüququnu təsdiq edən məlumatlar Xidmətin müvafiq idarəsi tərəfindən elektron məlumat bazasına daxil edilməlidir. Hərbi qeydiy­yatın aparıl­ması Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

Subbakalavrlar ali təhsil müəssisəsilərinin ixtisaslarını seçərkən tədris dili orta ixtisas təhsili pilləsində təhsil aldıqları dilə uyğun ixtisasları seçə bilərlər.

Subbakalavrlar xarici dil fənni üzrə əlavə tələblər qoyulan ixtisasları seçə bilməzlər. Çünki bu ixtisaslar üzrə xarici dil fənninə bal məhdudiyyəti tətbiq olunur və subbakalavrlar imtahanda iştirak etmədikləri üçün bu ixtisasları seçə bilmirlər.

Cari ildə qəbul imtahanında iştirak etmiş subbakalavrlar öz seçimindən asılı olaraq, imtahanda topladığı bal ilə və ya DİM-in müvafiq ixtisas qrupları üzrə müəyyən etdiyi keçid balı ilə müsabiqədə iştirak edə bilər.

İxtisasların uyğunluğu, yəni subbakalavrın bitirdiyi ixtisasdan asılı olaraq seçə biləcəyi ali təhsil müəssisələrinin ixtisaslarının siyahısı, müsabiqə şərtləri və digər zəruri məlumatlar yaxın vaxtlarda “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq.



Redaktorun seçimi