Dövlət Gömrük Komitəsinin sədri İran Gömrük Administrasiyasının rəhbəri ilə görüşüb

58 dəfə oxunub
Dövlət Gömrük Komitəsinin sədri İran Gömrük Administrasiyasının rəhbəri ilə görüşüb
İyunun 12-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev İran İslam Respublikasının iqtisadi məsələlər və maliyyə nazirinin müavini, İran Gömrük Administrasiyasının prezidenti Mehdi Mirəşrəfinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Görüş Bakı şəhərində, Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisi çərçivəsində baş tutub.
 
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan-İran münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib, iki qonşu ölkənin dövlət başçılarının rəhbərliyi altında qarşılıqlı əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminliyini vurğulayıb.
 
Qarşılıqlı münasibətlərin uğurlu inkişafında gömrük xidmətlərinin də mühüm rolu olduğunu diqqətə çatdıran Səfər Mehdiyev, istər gömrük xidməti rəhbərləri səviyyəsində, istərsə də sərhəd-gömrük buraxılış məntəqələrində mütəmadi xarakter alan ikitərəfli görüşlərin iki qonşu ölkənin gömrük sahəsi üzrə mövcud əməkdaşlığının davamlı inkişafına müsbət təsirindən danışıb.
 
Azərbaycan iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verən Səfər Mehdiyev, bu islahatların iş adamlarının çevik, səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaratdığını vurğulayıb.
 
İran İslam Respublikasının iqtisadi məsələlər və maliyyə nazirinin müavini, İran Gömrük Administrasiyasının prezidenti Mehdi Mirəşrəfi ölkəsinin Azərbaycanla münasibətləri genişləndirməkdə daim maraqlı olduğunu deyib, bütün istiqamətlərdə, o cümlədən, gömrük sahəsində qarşılıqlı əməkdaşlıqdan razılığını ifadə edib.
 
Qonaq birgə fəaliyyətin bundan sonra da intensivləşdirilməsinin vacibliyini bildirib, Azərbaycan gömrüyünün əldə etdiyi nailiyyətlərə toxunaraq, xüsusilə, son dövrlərdə həyata keçirilən islahatları biznes mühitinin yaxşılaşdırılmasına, ticarətin asanlaşdırılmasına yönələn uğurlu addımlardan biri kimi dəyərləndirib.
 
Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
 
Tərəflər iki ölkənin dövlət sərhədindən şəxslərin, nəqliyyat vasitələrinin keçidinin daha da sürətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.



Redaktorun seçimi