Uşaq əməyinin istismarına qarşı mübarizə sahəsində Azərbaycanda fəal dövlət siyasəti həyata keçirilir

28 dəfə oxunub
Uşaq əməyinin istismarına qarşı mübarizə sahəsində Azərbaycanda fəal dövlət siyasəti həyata keçirilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətinin prioritetlərindən biri kimi, ölkəmizdə uşaqların müdafiəsi, onların sağlam və firavan böyüyərək  layiqli vətəndaş kimi yetişmələri üçün kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlərin bir istiqaməti də uşaq əməyinin istismarına qarşı mübarizəyə yönəlib. Ötən dövrdə ölkəmiz BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına, «Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında» Ümumdünya Bəyannaməsinə və s. sənədlərə qoşulub. Milli qanunvericilik həmin sənədlərdən irəli gələn mütərəqqi beynəlxalq normalar, həmçinin BƏT-in «İşə qəbul etmək üçün minimum yaş həddi haqqında», «Uşaq əməyinin  ən pis formalarının  qadağan edilməsinə və onların  aradan qaldırılması üçün təcili tədbirlərə dair» Konvensiyaları əsasında təkmilləşdirilib. 

Azərbaycan qanunvericiliyi uşaqların həyat və sağlamlığına, mənəviyyatına   təhlükə  törədə biləcək işlərə cəlb edilməsini qadağan edir.  Ölkəmizin Əmək  Məcəlləsinə əsasən, uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaş müəyyən edilib. Bu yaşa çatmamış uşaqlarla bağlanılan əmək müqaviləsi etibarsız sayılmaqla, belə müqaviləni bağlayan işəgötürən inzibati məsuliyyətə cəlb edilir. 15 yaşdan 18 yaşadək işçilərin əməyindən istifadə ilə bağlı onlar üçün əmək şəraiti, iş və əmək məzuniyyəti vaxtı, müddəti və s. baxımından əlavə təminatlar, güzəştlər müəyyən olunub. 

Əmək  və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti uşaq əməyinin istismarı hallarına qarşı inzibati tədbirlər görməklə yanaşı, uşaq əməyinin istismarının qarşısının alınmasına dair ardıcıl təbliğat-maarifləndirmə işləri də aparır. Müvafiq Tədbirlər Planına əsasən, cari ilin ötən dövründə də respublikamızın müxtəlif bölgələrində işgötürənlərin, eləcə də orta məktəblərin müəllim və şagird heyətlərinin iştirakı ilə “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda maarifləndirmə tədbirləri keçirilib. Görülən tədbirlər nəticəsində ölkəmizdə uşaq əməyindən qeyri-qanuni istifadə hallarının sayı minimuma enib. 

Uşaq əməyini istismar etmək uşaqların hüquqlarını ciddi şəkildə pozmaq, onların fiziki, sosial-əqli, psixoloji və ruhi inkişafına zərər vurmaqdır. Belə halların qarşısının alınmasında birgə səylərin gücləndirilməsi qarşıdakı dövrdə də prioritet təşkil edəcəkdir.



Redaktorun seçimi