Balaca qəhraman- məktəbli körpəni seldən xilas etdi

Hit: 505
Balaca qəhraman- məktəbli körpəni seldən xilas etdi

Dünən Qubanın Cimi kəndində məktəbli balaca uşağı xilas edib. 12 yaşlı Dəyanət çayda boğulan 4 yaşlı Qızbikəni seldən qurtarıb.

 Faktor.az xəbər verir ki, bu barədə məktəbin müəlliməsi Zeynəb Məmmədli yazıb. O, öz tələbəsi ilə qürur duyduğunu bildirib: "Heç vaxt ağlıma gəlməzdi ki, 1 gün icazəsiz dərsə gəlməyən şagirdimə "yaxşı ki, gəlmədin, çox sağ ol!" deyəcəm... Dünən günortaya yaxın saat 12 radələrində məktəbdən gördüm ki, qadınlar saçlarını yolaraq üzü çaya doğru qışqıraraq qaçırlar. Öncə nə olduğunu anlamadım. Tənəffüs vaxtına təsadüf etdiyindən küçəyə çıxaraq nə olduğunu öyrənməyə çalışdıq. Məlum oldu ki, 2-3 yaşlı bir oğlan uşağı və 4-5 yaşında qız uşağı valideynlərindən bixəbər birlikdə çaya gedib və hazırda yaranmış güclü selin qurbanı olublar. Amma sağ olduqlarına ümid edirək, dua edirdik onlar üçün. Uşaqların ikisinin də tapılıb, xəstəxanaya yetişdirildiyini biləndə içimiz rahatladı. Amma təəssüf ki, balaca Yusif tapılarkən dünyasını dəyişmiş halda olub. Çaydakı suyun axarı onu daşlara çırparaq xeyli məsafə apararaq quruya atıbmış. Olduqca dəhşətli idi bunu duymaq... "

Bəs balaca Qızbikə necə sağ qalmışdı?

 “Səhər yuxudan gec saatda oyandığı üçün dərsə gələ bilməyən Dəyanət, qarmaqlarını götürüb, 11:30 radələrində çaya düşüb. Balıq tutmaq istəyən Dəyanət, bir də baxıb ki balaca qız kiçik bir daşdan yapışıb, bədəninin yarısı isə suyun içində, ağlayır... O anda tez qaçıb uşağı sudan çıxararaq "sən harda olursan?" soruşub və suyun soyuğundan üşümüş Qızbikə titrəyərək "bbbbubuubuurda" deyib daha danışa bilməyib. Dəyanət özünü itirmədən uşağı onu axtaran nənəsinə çatdırıb. Balaca Qızbikəyə kənd sakinləri ilk yardım göstərərək, onu xəstəxanaya çatdıra bildilər. Bir can Dəyanət sayəsində xilas oldu! Amma günahsız, məsum bir körpə bu çayın qurbanı oldu... Sağ qalan Qızbikəni xəstəxanaya apararkən yol boyu "Yusif, Yusif" deyə sızıldadığını eşidincə sanki qanım dondu damarımda... Bir uşağın bu böyüklükdə ürəyi olarmı?! Özü su içində, soyuqdan donaraq, nəfəsi az az gəlsə də, gözləri yumulsa da "Yusif..." deyə səsləməsi çox acıvericidir.... Allah dünyasını dəyişən körpə Yusifi rəhmət etsin! Sağ qalan Qızbikəyə isə tezliklə xəstəxanadan evinə dönməyi nəsib etsin! Və, Dəyanət kimi böyük ürəkli uşaqlarıhər zaman qorusun! Bu gün bir körpənin canını qurtaran 12 yaşlı Dəyanət, sabah Torpaqlarımı azad edəcək əsgərlərdən biri olar inşallah!"

Balaca Dəyanətin valideyni aqub bəy də övladıyla qürur duyduğunu bildirib.

Cəmilə Məmmədli

 

 

 

 

 









Redaktorun seçimi