Meşə torpağındakı bənövşə qoxusu...
Yəqin bənövşənin kökünün meşə torpağındakı duruşunu və bu vəhdətdən gələn qoxunu xatırlayırsınız. Bənövşə kökünün zərif saçaqlarının necə də qonur meşə torpaqında adamda yaratdığı duyğunu bilirsinizmi? Onu ilk dəfə görəndə o meşə torpağındakı bənövşə kökünün incə saçaqlarının adama rahatlıq bəxş edən azadlığı, özgürlüyü sinəmə hava olub dolmuşdu.
Kürən saçlar və bu kürənliyin bir boy-buxunda müəllimlik etməsi o ili 4-cü sinifə getdiyim o sentyabr günündə ilk qarşılaşmadan yaratdığı mutluluğu özüm də bilmədən bir anda məni gələcəyə aparmışdı. Mən o gələcəkdə müəllim olub kəndə qayıtmış, kəndin ən gözəl qızına vurulub yurdun körpə balalarına sinif boyunca gəzişib dərslər verirdim. O vaxtkı deyimlə APİ-ni qırmızı diplomla bitirib kəndə dönmüş, institutdan nə qədər təklif etsələr də qalmamış, o ucqar dağlar qoynundakı 7 para kəndin məktəbinə, elm ocağına dönməyi özünə şərəf, şan bilmişdi. Onun gəlişi nəsə bambaşqa bir şey idi. Xatırladıqca ruhumda ekztaz yaradır. O, yaz fəsli kimi gəlmişdi məktəbimizə. O, başında yüzlərlə quşların civ- civ civildəşdiyi böyük və yaşıl bir ağacdı. O divarlar arasından öncə hər sentyabr ilk dərslərini o nəhək dağdağan ağacının dibində keçərdi.
İllər bir birini əvəz etdikcə, onunla müəllim-şagird statusundan ötədə doğma bir varlıq olmuşduq. Nədənsə onu çox istəməyə başamışdım. Mənə elə gəlirdi ki, Ədalət müəllimi daha çox istədikcə, sevdikcə, sayğı göstərdikcə, o daha çox qorunur, daha çox güclü olurdu.
Hərdən hiss edirdim ki, hər gün əlimə aldığım, yazdığım, oxuduğum o kağız dediyim nəsnə ilə mənim aramda nəsə bir məsafə vardı. Ədalət müəllimlə yaxın ünsiyyət başladıqdan sonra o kağızla aramdakı məsafələr yerli - dibli itib yox oldu. Bəzən özümü üzərində hansısa mətnlər yazılmış kağız kimi, kağız səhifə olaraq hiss edirdim. Bəzən də nədənsə gizlənmək ehtiyacı yarananada bəhs etdiyim o kağızların, vərəqlərin arasında itib - batar, gizləndiyimi zənn edərdim. Bu duyğuları, bu həssaslığı sanki o məktəbə gələndən sonra qazanmışdım.
Sözsüz ki, mən haqsızlıq edib bəzi müəllimlərimi bir- birindən ayıra bilmərəm. Hər birinin həyatımda öz yeri, öz çəkisi bu günə kimi həssas mükəmməlliyini qoruyub saxlayır. Ancaq Ədalət Əsədov mənə yalnız orta məktəb proqramıyla kifaylətlənib məlum parçalar üzərindən dərs keçməzdi. Dünya ədəbiyyatından, xüsusən də, Azərbaycan şifahi xalq ədəbiyyatının elə bir incəliyini ehtiva edən məqamı yox idi ki, ordan söhbət açmamış olsun.
***
Aradan illər keçir, Ədalət müəllimlə görüşəndə özümdən asılı olmadan o illərə qayıdıram. Dərsdən sonra yaratdığımız dərnəyin uşaqlarına əlavə dərslərin keçirilməsi, mütailə etmək, mütaliə dairəmizi genişləndirmək üçün verdiyi siyahılar mənim xatirimdə unudulmaz anlar, məqamlar kimi qalıb. O məqamlar lap belə yaz ağzı Sultanlı deyilən yerdə (kənddən aralıda pöhrəlik olan köfşənliyidi) açan nəlbəki Qızıl güllərin burnumun ucunda aləmləri varlığıma nizamlayan qoxusu qədər unudulmaz və can yaxandır. Mən dünyada müəllimin necə də gerçəkdən, qutsal bir varlıq və kimliyə sahib olduğunu indi, indi anlayır, dərk edirəm. Kimsə bu dünyada mənim xatirələrimi oluşduran o gerçəkləri fikrimdən, düşümcəndən uzaqlaşdıra bilməz. Bax, Ədalət Əsədov o müdhiş duyğulara qol- qanad verən, məni bir zamanlar o ucqar dağ kəndinin kimsəsizliyində duyan, ruhumda tufanlar qopardan bir qutsal dəyər daşıyan kişidir. O mənim hər zaman önümdədir, o mənim hər zaman müqəddəs bildiyim bir kimlik sahibi, müəllimlik adını göylərin şah budağına qonduran elm fədaisidir. Onunla necə qürur duymuya bilərəm?
***
Bir də o yadımdadır.. O yadımdadır ki, bir bazar günü öz evindəki üzərinə Hərtiz dağının ardından qalıxıb düşən gün işığının yayıldığı olduqca mistiq, sirli, dərk edildikcə adamı sonsuzluğa sürükləyən kitabxansı vardı Ədalət müəllimin. O kitabxanada elə kitablar var ki, onların hər birinin ayrı ayrılıqda qoxusu indi də burnumun ucunda tutiyə kimi titrəyib durmaqda, gahdan da ürəyimin başına həzin - həzin vurmağındadır. O kitabxanadakı kitabların əksəriyyəti təmiz və səlqəli şəkildə üzlənmiş kitablar idi. Hər səhifəsində isə, o gözəl, muncuq dənəsi kimi aydın xəttiylə yazdığı qeydləri yer alırdı. O qeydlər kitabın səhifəsini necə də qədim rəsmlər, cizgilər kimi bəzərdi. Elə biləsən o kitabların hər səhifəsindəki yazılar, sözlər, cümlələr, fikirlər, düşüncələr məhz Ədalət müəllimin dənəvər xəttiylə səhifə boyunca düzdüyü inci saçan qeydlərinə görə yazılmışdı. Bütöv səhifələrə bir də geri çəkilib diqqətlə baxanda, yaşadığım andan, məkandan qobup uzaq bir keçmişin ucsuz - bucaqsız yollarıyla, labrintləriylə, xarabalıqlarıyla, gülüstanlıqlarıyla, saysız-hesabsız evlrin otaqlarıyla harasa doğru yürüdüyümün hissiyatına qapılırdım. Özü də bu əhval-ruhiyyə məndə tez -tez baş verirdi. Bəlkə də indiki yaşıma, indiki dövrümə və dünyaya baxışıma o zamanlar Ədalət Əsadovun kitabxanasındakı o kitablar, o kitabların səhifələrindəki qeydləri vasitəsi ilə dəfələrlə gəlməli olmuşam. Hərdən indiki yaşantılarım, hətta uşaqlarım, onlarla davranışım, söhbətlərim mənə olduqca tanış gəlir. Az keçəndə bu haləti ruhiyyənin fərqinə varanda, istər istəməz bu doğma insanın mənə bir zamanlar könül qapılarını açdığı kimi, evinin də, kitabxanasının da qapılarını açaraq verdiyi o qutsal istiqamət idi. Mən ona görə o ünsiyyətə, münasibətə müəllimim adına qutsallıq bənzətməsi atıfında bulunuram ki, Ədalət müəllim təkcə mənim üstümdə əsmirdi. O yeddi para kəndin neçə neçə uşaqlarına, xanəmirlərinə ruhuyla, varlığytla, ürəyinin atəşi, odu, eşqiylə dərs keçirdi, dərs. Mən o dərsi hər dəfə onu görəndə yenidən alıram. Təzələnib durulur, yenilənib varlığımın boşluqlarını doldurub azacıq da olsa, bu göy qübbəsinin altında kimliyimə sahib çıxmağı bacarıram. Məncə, insanın kimliyi onun aldıqları, ala bildikləri qədərdir, ala bildiklərindədir.
Hə.... Onu ilk dəfə görəndə o meşə torpağındakı bənövşə kökünün incə saçaqlarının adama rahatlıq bəxş edən azadlığı, özgürlüyü sinəmə hava olub dolmuşdu. Harda olsam, mən o qoxunu burnumun ucunda hiss edirəm.
Xanəmir Telmanoğlu