Azərbaycanda hansı kanallar izlənilir? - Tam Siyahı -Sorğu

Hit: 1374
Azərbaycanda hansı kanallar izlənilir? - Tam Siyahı -Sorğu

Son dövrlərdə insanlar televiziyalarda baxılmalı verilişlər olmadığından şikayətlənirlər. Bir çoxları evdə televizorun tozlandığını, aylarla qoşulmadığını deyir.

Faktor.az saytı Feysbuk sosial şəbəkəsində “Televiziyada nəyə və niyə baxırsınız?” sualı ətrafında  sorğu keçirib. Sorğuda iştirak edənlər maraqlı cavablar veriblər.

“Televizoru heç açmıram...”

Maraqlı məqamlardan biri budur ki, yüzə yaxın insanın qatıldığı sorğuda bir çoxları televizorlardan istifadə etmədiklərini, yaxud almadıqlarını vurğulayıb. Televiziyada ən çox cizgi film izlədiklərini qeyd edənlər də, az deyil. Sorğu iştirakçılarından 12 nəfər yetkin insan tez-tez cizgi film izlədiyini bildirib. Bəziləri maraqdan, bəziləri övladları və ya evin kiçikləri ilə, bəziləri də maraqlı heç nə olmadığı üçün cizgi filminə baxdıqlarını deyiblər.

İnternetə qoşulmaq üçün televizor alanlar

Televizordan musiqi dinləmək, ya da birbaşa internetə qoşulmaq üçün istifadə edənlər də az deyil. 4 nəfər ancaq internetə qoşulmaq üçün televizoru açdığını etiraf edib.

İzləyicilərin bir neçəsi də, musiqini kanallarını izləmək, yaxud radio dinləmək üçün televizordan istifadə edir.

Cizgi filmdən sonra izləyicilərin marağına səbəb olan futboldur. Qadın və kişi olmaqla, 8 nəfər, məhz, televizorda ancaq futbola baxdığını qeyd edib. Bir neçə izləyici də idman kanallarına maraq göstərdiyini bildirib.

Xəbərlər çox az izlənilir

Dörd nəfər film və sənədli film izlədiyini deyib. Xəbərlərə baxanların sayı isə cəmi üç nəfərdir. Nəzərə alsaq ki, sosial şəbəkə istifadəçilərinin çoxu xəbərləri, məhz, sosial şəbəkələrdən alır, başa düşüləndir.

Ən çox baxılan kanallar: Mədəniyyət TV, AzTV…

 Sorğuya qatılanlardan üç nəfər Mədəniyyət TV, AzTV kanallarını, iki nəfər ATV kanalını, cəmi bir nəfər isə ARB və Xəzər TV kanalını izlədiyini qeyd edib.

Statistikalar isə tamam fərqlidir. Sorğunun nəticələrini reallıqla müqayisə etmək üçün, Ailə TV kabel yayım şirkətinin mətbuat katibi Sabir Məşədizadə ilə əlaqə saxladıq. Sabir bəy, Ailə TV-nin 1 yanvar 2019-cu ildən, 22 may 2019-cu ilə qədər olan yayım statistikasını bizə göndərdi.

Statistikaya əsasən, beş ay ərzində azərbaycanda ən çox baxılan kanal ATV olub. Yerli və ümumi kanallar sırasında ikinci sırada Xəzər TV, üçüncü yerdə isə Rusiya televiziyasının “Первый” kanalıdır.

Türkiyənin “Star” telekanalı isə 4-cü yerdə gəlir. Cizgi film kanalı “Nickelodeon” 18-ci, Mədəniyyət TV isə 43-cü yerdədir.

Ölkə ərazisizindəki telekanallar və ümumi izlənmə saatları isə belədir:

 

Yerli          Ümumi      Kanal                            Saat

1                1                ATV AZ                      425.230

2                2                Xəzər TV                     343.491

3                6                AZ TV                         183.336

4                8                ARB TV                      144.922

5                13              Space TV                     102.919

6                16              İctimai TV                    78.224

7                25              İdman Azəbaycan       52.952

8                33              Lider TV                      46.323

9                43              Mədəniyyət                 34.397

10              63              Real TV                       18.444

11              65              Dünya TV                    17.386

12              66              ARB Günəş                 16.982

 

Cəmilə Məmmədli

 









Redaktorun seçimi