Bakının mərkəzində öldürülən tələbənin atası dəhşətli FAKTLARI AÇIQLADI

Hit: 683
Bakının mərkəzində öldürülən tələbənin atası dəhşətli FAKTLARI AÇIQLADI

Bir neçə gün öncə Nərimanov rayonunda tələbənin restoran həyətində ölməsi ilə bağlı mərhumun atası Kamal Əskərov Baş prokuror Zakir Qaralova və Bakı Şəhər prokuroruna müraciət edib.

Faktor.az xəbər verir ki, K.Əskərov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, oğlu Qalib Əskərov mayın 14-ü, saat 12:29 radələrində Nərimanov rayonunda yerləşən “Şüa” restoranının qarşısında öldürülüb: “Cinayəti törədən şəxslər məlum olsa da, həmin şəxslər barəsində qanuna müvafiq hüquqi tədbirlər görülməyib. Mənim oğlum həmin gün Balabəyov Cümşüd İlham oğlu və qeyriləri tərəfindən öldürülüb, lakin Cinayət Məcəlləsinin 221.2.1-ci, yəni bir qrup şəxs tərəfindən xuliqanlıq etmə maddəsi ilə cinayət işi başlanıb və yalnız Cümşüd Balabəyov cinayət məsuliyyətinə cəlb olunub.

Həmin maddə ilə cinayət işinin başlanması tamamilə qanunvericiliyin tələbinə ziddir. Oğlum Rusiya Federasiyasının vətəndaşıdır, Bakıda İdarəetmə və Texnologiya kollecinin ikinci kursunda təhsil alırdı. O, mütəmadi olaraq Azərbaycan ərazisində yaşamaq üçün Dövlət Miqrasiya Xidmətində tibbi yoxlanışlardan keçib, habelə yaşadığı ərazi üzrə sağlamlıq haqqında arayışları olub.

Qalibin epilepsiya və hansısa ürək xəstəliyinin olması haqqında şayiələr yayılıb. Hadisənin baş verdiyi gün Qalib Əskərovun meyiti daxili və xarici müayinə olunub, həmin gün mən ekspertlə söhbət edən zaman o, Qalibin heç bir epilepsiya xəstəliyinin olmamasını, meyitin dilinin yuvada olmasını, yəni dil qatlanma kimi hallarının olmamasını bildirib”.

Tələbənin atası qeyd edib ki, baş verənlər yaxınlıqdakı təhlükəsizlik kamerasının yaddaşına da düşüb:

“Hadisənin baş verdiyi ərazidə “Şüa” restoranına məxsus müşahidə kamerasının qeydə aldığı videodan görünür ki, oğlum və onu öldürən şəxslər həmin əraziyə başqa yerdən, yəni kollecin həyətində dava edərək gəliblər. Belə ki, restoranın qarşısına gələn zaman oğlumun həmin gün üzərində olan ağ köynəyinin cırılması, şalvarında dava izlərinin olması aydın müşahidə olunur. Oğluma qarşı həmin şəxslər tərəfindən kollecin qarşısında fiziki zor tətbiq edilməsinə baxmayaraq kollec rəhbərliyi, habelə orada fəaliyyət göstərən mühafizəçilər tərəfindən heç bir tədbir görülməyib.

Kollecin direktoru Faiq Şahbazov hadisənin baş verdiyi gün oğlumun dərsə gəlmədiyini bizə dedi. Daha sonra istintaqla müəyyən olundu ki, Qalib dərsdə olan zaman həmin Cümşüd Balabəyov və digər şəxslər onu kollecdən bayıra çağıraraq döyüblər.

Nərimanov rayon prokurorluğunda aparılan araşdırmanın hal-hazırkı gedişatı bizi qanə etmir. Oğlumun ölümündə təqsirli olan bütün şəxslər barəsində ədalətli qərar qəbul edilməsini xahiş edirəm”.

 









Redaktorun seçimi