“Yaxın 10 il üçün Milli Meşə proqramı hazırlanıb”

Hit: 315
“Yaxın 10 il üçün Milli Meşə proqramı hazırlanıb”

“Abşeron yarımadasındakı neftlə çirklənmiş ərazilərin təmizlənməsi istiqamətində ciddi işlər görülür”. Bu sözləri Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə mətbuat konfransında deyib.

O bildirib ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ətrafı, Yod-brom zavodunun ərazisi təmizlənərək yaşıllıqlar salınır, ərazi bərpa olunur, çirklənmiş ərazilərin qiymətləndirilməsi, inventarlaşması işləri aparılır:

“Meşə sahələri artırılır, açıq sahələrdə aqrobağlar salınır, tez böyüyən ağac plantasiyaları yaradılır, kənd təsərrüfatına yararlı torpaq sahələrinin kənd təsərrüfatına təyinatı üçün istifadə olunması işləri görülür, yaxın 10 il üçün Milli Meşə proqramı hazırlanıb. Bakı və Abşeronda 7 min hektar ərazidə yaşıllığın salınması üçün proqram hazırlanıb, magistral avtomobil yollarının kənarlarında aqrobağlar salınır, ağacəkmə aksiyaları keçirilir, əhaliyə ağac tingləri paylanılır. Hədəflərimizə nohur balıqçılığı (akvakultura) və marikulturanın inkişafı daxildir, təbii və süni su hövzələrində sivil, müasir fermalar yaradılır, bununla bağlı dövlət proqramı hazırlanıb, balıqartırma müəssisələrinin daha effektiv işlənməsi üçün özəlləşdirilməsi işlərinə baxılır.

Tullantıların idarə olunması istiqamətində işlər görülür, əsasən plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması üçün ekoloji təbliğat, polietilen torbalardan istifadənin azaldılması, alternativ qablaşdırma materiallarına keçidin təşviq edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, tullantıların çeşidlənməsi üçün konteynerlərin yerləşdirilməsi istiqamətində işlər görülür”.

R. Səttarzadə onu da qeyd edib ki, hazırda atmosfer havasının çirklənməsinin azaldılması üçün ekoloji təmiz yanacaq növləri ilə işləyən avtomobillərdən istifadənin təşviq edilməsi, köhnə nəqliyyat vasitələrinin, xüsusilə də dizel mühərrikli avtomobillərin idxalının müəyyən dərəcədə məhdudlaşdırılması istiqamətində işlər görülür:

“Ekoloji cəhətdən təmiz avtomobillərdən (elektromobillər, hibrid avtomobillər, digər alternativ yanacaq növü ilə işləyən) istifadənin təşviq edilməsi işləri aparılır. Alternativ yanacaq növü kimi sıxılmış təbii qazı misal gətirmək olar. Bu həm avtomobillərin təhlükəsiz istismarı, həm də atmosfer havasına atılan zərərli maddələrin miqdarının kəskin azalması üçün yaxşıdır. Bu da şəhərlərdə, böyük meqapolislərdə ətraf mühit üçün çox vacibdir. Bundan əlavə sıxılmış təbii qaz digər yanacaq növləri ilə müqayisədə daha ucuzdur və avtomobillərin istismar müddətini də artırır”.









Redaktorun seçimi