Azərbaycanda tarixi körpü bərpa olunur

45 dəfə oxunub
Azərbaycanda tarixi körpü bərpa olunur

Mayın 22-də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Qazax rayonunda - Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən “Sınıq körpü”də (Qırmızı körpü) aparılan təmir-bərpa işləri ilə tanış olub.

Abidənin bərpa və konservasiya layihəsi “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən hazırlanıb.

Dövlət Xidmətinin məsul şəxslərinin də iştirak etdiyi tədbirdə abidədə aparılan bərpa işlərinin vəziyyəti haqqında məlumat verilib.

Bildirilib ki, hazırda körpüdə olan karvansaraların, tağların bərpası həyata keçirilir, körpünün istinad divarları möhkəmləndirilir. Bərpa işlərində abidənin tarixi görkəminin qorunmasına xüsusi diqqət yetirilir.

Hazırda körpünün üstü beton qatından təmizlənib. Abidənin üzəri tarixi görkəminə qaytarılıb. Bərpa işləri başa çatdıqdan sonra körpüdən piyadaların keçidi üçün istifadə olunacaq. Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi olan “Sınıq körpü”də bərpa işləri bu ilin sonuna kimi yekunlaşacaq.

Qeyd edək ki, “Sınıq körpü” XII əsrdə Azərbaycan memarları tərəfindən inşa olunub. Tikilinin uzunluğu 175 metrdir və dörd aşırımdan ibarətdir. Körpünün sağ və sol sahillərində karvansara kimi istifadə olunan geniş yerlər tikilib. Sol tərəfdəki karvansaranın sahəsi 116, sağ tərəfdəkinin isə 166 kvadratmetrdir.



Redaktorun seçimi