Mayda niyə toy etmirlər? - Folklorşünas açıqladı

50 dəfə oxunub
Mayda niyə toy etmirlər? - Folklorşünas açıqladı

XXI əsrdə yaşamağımıza baxmayaraq cəmiyyətimizdə hələ də batil inanclara inanan, işlərini, planlarını həmin inanclarla tənzimləyən insanlar az deyil. Bunlardan biri də may ayında cütlüklərin özlərinə toy etməməsidir. Etsələr belə, valideynləri buna icazə vermirlər. Heç düşünmüsünüz ki, niyə bizə mayda toy dəvətnaməsi gəlmir?

Məsələ ilə bağlı "Yeni Sabah" AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyevin fikirlərini öyrənib. Fəlsəfə doktoru bildirib ki, keçmişdən bu günümüzə qədər kortəbii şəkildə, əsasını öyrənmədən hər kəsin əməl etdiyi bir adət var:

"May ayı, vay ayıdır, mayda toy etmək olmaz. Amma “niyə toy etmək olmaz” soruşulanda demək olar ki, çoxları səbəb deyə bilməyəcək. Xalq inancına görə “may ayı ağır aydır, çiçəklərin solan vaxtı olur, çiçəklər solan vaxt qurulan ailə də tez solar, uzunömürlü olmaz”, yaxud may ayında yasəmən ağacı çiçək açır, yasəmən sözünün də mənası “ya sən, ya mən” deməkdir. Həm də yasəmən uğursuzluq simvolu sayılır, hətta onu hər kəs qapısında əkmir ki, “düşər, düşməzi olar”. Ona görə də yasəmən çiçək açanda toyu olan gənclərdən ikisindən birinə nəsə olar, bədbəxtlik baş verə bilər. Mayda yağışların çox olduğu (guya göylər ağlayır), bərəkətsiz ay sayıldığı üçün də (məhsulun qıt olduğu) toy etməyənlər də olur. Bütün bunlar təbii ki, batil inanclardır.

 Ümumiyyətlə may ayında toy olmasıyla bağlı qadağaya nə dində, nə folklorda, nə tibbdə, nə də başqa heç bir yerdə rast gəlinmir. Bu ayda toy etməməyin heç bir elmi əsası yoxdur. Keçmişdə toylar adətən payızda edilirdi. Bu da onunla bağlı idi ki, yaz aylarında hamı əkinlə, yayda biçinlə məşğul olurdu. Qışda isə soyuq, şaxta olduğuna görə bir qayda olaraq toylar üçün ən münasib vaxt payız fəsli idi. Həm də digər fəsillərdə meyvə-tərəvəz ya heç olmurdu, ya da az olurdu, amma payızda məhsul bol olurdu, toy ucuz başa gəlirdi. Digər tərəfdən kənddə maldarlıq və qoyunçuluqla məşğul olan insanlar yazda dağa köçür, payızda arana qayıdırdılar. Qohum-əqrabanın dağda olduğu vaxt toy ediləndə, şənlikli olmurdu, yaxın qohumlar toyda iştirak edə bilmirdi.  Azərbaycanda may ayı toy edilməməsinin səbəblərindən biri də ölkəmizdə xeyli sayda rus və ermənilərin yaşamasıyla bağlıdır. Uzun müddət birlikdə yaşayan xalqların adət-ənənələri istər-istəməz bir-birinə təsir edir, mənimsənilir, ona əməl olunur. Həm ruslar, həm də ermənilər may ayında toy etmir, uğursuzluq sayırlar. Onlara görə bunun da öz səbəbləri var. “May (latınca Maius)- Qriqori təqvimində ilin V ayıdır (31 gün) və Roma ilahəsi  Mayanın adından götürüldüyü güman edilir. Rus dilində “mayeta”, “mayetnıy”, “mayatsya” sözlərinin kökü “əzablı, əziyyətli, yorucu, üzücü” mənasını verir. Rusların inancına görə bu ayda toy edənlər ömür boyu əzab çəkər, çətinliyə düçar olar. Ermənilər isə guya aprelin 24-də baş vermiş qondarma soyqırımlarına 40 gün yas saxlayırlar deyə may ayında toy etmirlər. Böyük ehtimalla bu ənənənin ölkəmizdə yayılması və heç bir əsas olmadan əməl edilərək geniş yayılması həm ruslarla, həm də ermənilərlə uzun müddət birlikdə yaşamağımızdan  irəli gəlir."

Əpoş Vəliyev sonda bildirib ki, Azərbaycanda may ayı toy etməməyin heç bir dini, tibbi, elmi qadağası yoxdur. May ayında rahat şəkildə toy etmək olar. Təki hər zaman elimizdən, obamızdan toy səsi gəlsin, ailə quranlar xoşbəxt olsun. 



Redaktorun seçimi