Ekspert - "Məktəblərdə heyvanlara sevgi aşılanmalı, şagirdlərə bu istiqamətdə dərslər keçilməlidir"

Hit: 422
Ekspert - "Məktəblərdə heyvanlara sevgi aşılanmalı, şagirdlərə bu istiqamətdə dərslər keçilməlidir"

Azərbaycanda heyvanlara qarşı davranış sahəsində maarifləndirmə işinə ehtiyac var.

Bunu Trend-ə Canlı Aləmin Mühafizəsi və Ətraf Mühitə Etik Münasibət Təşkilatının rəhbəri Mənsurə Rəsulzadə deyib.

M.Rəsulzadə bildirib ki, heyvanlarla mübarizə aparmaq doğru deyil: "Bu, təbiətə qarşı atılan addım deməkdir. Heyvanlarla davranmağın sivil yolları var".

Onun sözlərinə görə, itlərin heç də hamısı dişləyən olmur: "İtlərin dişləməsi özünümüdafiə instinktindən yaranır. Heyvanları öldürmək, güllələmək və ya evtanaziya etmək radikal addımlardır. Belə vəziyyətdən optimal çıxış yolu odur ki, bu işə heyvanları sevən, mərhəmətli insanlar cəlb edilsin. Belə insanlar bizim cəmiyyətimizdə də kifayət qədərdir. Onlar könüllü şəkildə heyvanları qoruyurlar. Əlaqədar qurumlar bu cür könüllü, mərhəmətli insanları cəlb etməlidir".

M.Rəsulzadə sahibsiz heyvanlarla rəftar üzrə dünya təcrübəsini də bölüşüb: "Amerika Birləşmiş Ştatları, Rusiya və Ukraynada da bu sahədə müsbət təcrübə var. Sahibsiz heyvanlarla rəftar baxımından daha bir müsbət təcrübə isə Türkiyədə var. Belə ki, bu ölkədə bələdiyyələrin tərkibində heyvan sığınacaqları yaradılıb. Burada onların qida və su ehtiyacı qarşılanır. Küçələrdən yığılan sahibsiz it və pişiklər sterilizə edilir, tibbi yoxlamadan keçirildikdən sonra himayə olunmaları üçün heyvansevərlərə təklif olunur. Bir sıra ölkələrdə "Satın alma, himayə et" kampaniyaları həyata keçirilir".

Ekspert təklif edir ki, məktəblərdə heyvanlara sevgi aşılanmalı, şagirdlərə bu istiqamətdə dərslər keçilməlidir: "İndi uşaqlar təbiətdən uzaqlaşıb virtual oyunlar oynayır. Onların təbiətlə, heyvanlarla əlaqələrini yaxşılaşdırmaq lazımdır. Təbiətlə, heyvanlarla harmoniya vacibdir".

O əlavə edib ki, Azərbaycanda sahibsiz heyvanlar üçün bir sıra müasir sığınacaqlar yaradılıb: "Bu sığınacaqlarda kimsəsiz heyvanların vaksinasiyası həyata keçirilir, onların himayə edilməsi istiqamətində maarifləndirmə işləri aparılır".

Xatırladaq ki, Sulutəpə qəsəbəsində 4 yaşlı Hüseyn Məmişov yaşadığı evin həyətində sahibsiz itin hücumuna məruz qalaraq yanaq nahiyəsindən xəsarət alıb. H.Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi əməliyyat edilib.









Redaktorun seçimi