Ticarət obyekti hansı məbləğdə və necə sığortalanmalıdır? - Ekspert rəyi

Hit: 442
Ticarət obyekti hansı məbləğdə və necə sığortalanmalıdır? - Ekspert rəyi

Bu gün Bakının Nizami rayonundakı “Diqlas” ticarət mərkəzində baş verən yanğın daşınmaz əmlak sığortasının aktuallığını gündəmə gətirib.

Faktor.az ONA-ya istinadən xəbər verir ki, ölkəmizdə icbari olan bu sığorta növü istər yaşayış, istərsə də qeyri-yaşayış obyektlərini dəymiş zərərdən sığortalayır.

Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.

Sığorta mütəxəssisi Ceyhun Əsgərov ONA-ya bildirib ki, sahibkarlıqla məşğul olan hər bir şəxs öz daşınmaz əmlakını icbari şəkildə sığortalamalıdır. İcbari sığortada 4 kateqoriya var ki, bu kateqoriyalara əsasən risklər bölünür və onlara görə ödəniş təyin edilir: “İcbari sığorta ilə yanaşı, mülki məsuliyyət sığortası var ki, o da icbari şəkildə olmalıdır. Məsələn, kiminsə obyektində yanğın hadisəsi baş verə və bu yanğın qonşu obyektə keçə bilər. O zaman bu kimi halların qarşısını almaq üçün əmlak sahibi icbari şəkildə məsuliyyət sığortasına cəlb olunur”.

Qeyd edək ki, sığortalanan ticarət mərkəzi və ya digər obyektlərin konstruksiyası sığortalanır. Bu zaman ticarət obyektinin daxilində yerləşən dükanlar sığortalı hesab edilmir. Onların da sığortalı olması üçün həmin dükan sahiblərinin sığorta şirkətlərinə müraciət etməsi gərəkdir.

Ceyhun Əsgərovun sözlərinə görə, qanun tələb edir ki, əmlakın qiyməti, yəni smeta dəyəri nə qədərdirsə, ən azı o məbləğdə də sığortalanmalıdır. Bu zaman obyektin bazar qiyməti deyil, inşa qiyməti nəzərdə tutulur.

Əmlakın icbari sığortası zamanı sığorta şirkəti daşınmaz əmlakı təbii fəlakətlərdən, daxili subasmadan, yanğından və digər bu kimi hadisələrdən sığortalayır.

 








Redaktorun seçimi