Nəsimi niyə namaz qılmırdı? - VİDEO

Hit: 8113
Nəsimi niyə namaz qılmırdı? - VİDEO

Deyilinə görə Nəsimi farz namazları belə lazımınca qılmırmış.Bəzən qılır, bəzən qılmırmış. Bunu ətrafdakı mollalar qəbul etməyərək onu kafir adlandırmışlar. Amma Nəsiminin namaz qılmamağının inamsızlıqla, imansızlıqla heç bir əlaqəsi yoxdur. Onun hər kəliməsi, hər misrası mən müsəlmanam hayqırır. “Başını top eylə gəl, gir vəhdətin meydaninə” deyərək təriqət, mərifət mərtəbələrini geridə qoyub həqiqət mərtəbəsinə ermiş, eşqlə, vəcdlə nardan və nurdan olan qat-qat pərdənin bir zərrə aralanmasını diləmiş. Qəlbini maddi və mənəvi kirlərdən arındırmış, nəfsini ruhunun qulu edərək ilahi eşqlə yoğurmuş, qəlbindən dünyanı çıxarıb ataraq onu ilahinin nuru ilə dolmaq üçün hazır hala gətirmişdir.

Rəhman-i rəhimi duymağa, onunla həmrah olmağa ən böyük, ən qalın pərdə, ən aşılmaz əngəl elə insanın özü, onun  mənliyidir. “Nəfsini it kimi”  kötəkləsə də, mənliyi ruhunun bir küncündə gizlənib hərdən baş qaldırır, mən də varam, məni də gör deyir. Bu “mən” ilahi nurun, ilahi təcəllinin, başına yağmaq istəyən rəhmətin qarşısını bir çətir kimi alır. Bu yerdə Nəsimi silkinib “Bir nəfəs ansız gərəkməz cənnətül-məva bizə” deyir. Dindarların əsas məqsədi olan cənnəti belə Onsuz istəmir.Cənnət insanın nəfsinin istəyidir. Çünki nəfs rahatlığa, lüksə düşkündür.Eşq əhli, sufi isə bir nəfəsi belə Onsuz almaq istəmir, çünki ruhunun ehtiyacıdır İlahi. Ondan başqa cənnət, onun surətindən başqa varlıq-gözəllik aramaz:        

Yar eşiyindən bizi, zahid, çağırma cənnətə,

Cənnət-ül məva sizə, bu surət-i ziba bizə.

Nəsimi bütün ruhunun gücüylə eşq kamilliyinin verdiyi məqamda fena fillah olsa da o bir “ibn-il vaxt”dır. Canlı varlıqların varolma qabiliyyəti, varlıq istedadı çərçivəsində, sadəcə, zaman içində mövcuddur. Zamandan kənarda mövcud olma, var olub ilahi eşqi əks etdirmə gücünü və qabiliyyətini yer şəraitində, “ətə, sümüyə bürün”müş insan bilə bilmir. Zaman içində, zamana pərçimlənən insan məhdud varlıqdır, ancaq Nəsimi “öz içindəki ilahi ünsürü inkişaf etdirərək” zaman pərçimindən qurtulararq “Allaha çatmışdır”.Yəni, “Mən haqqam” hikmətini əxz etmişdir.

Elə buradan da şəriət mərtəbəsində çabalayan din məddahlarının kasıb qəlblərində, üfiqsiz düşüncələrində Nəsiminin “küfrü başlayır”. Zahid “ətə-sümüyə bürünmüş” ruhunun girdabında İlahi eşqin varlığını bilir, ilahi qüdrəti anlayır, dərk edir, bütün ibadət, itaəti ilə örnək bir Allah adamı olur.Din çərçivəsində mövcud olan qayda qanunlar, qadağanlar, günah-savab, ibadət, zikr...ən sonda cənnət mükafatı zahidin, abidin həyat düsturudur.Bu düsturla o hər şeyi bilir, vəzifələrini yerinə yetirir, cənnəti qazanır.

Eşq əhli isə ilahi qüdrəti canında, qanında, damarlarında  hiss edir, yaşayır, onunla həmahəng olur. Hər nəfəsi sinəsini yarıb bir hu çıxarır, aldığı hər nəfəs içinə bir hu çəkir daşıyır.Aldığı nəfəs içini gəzib dolanıb, varlığını hu ilə gözəlləşdirir, canını hu ilə dəyərləndirib hikmət yazır içinin hər hüceyrəsinə. Eşq əhli olur və eşq əhli ayırd edə bilmir içindəki Nəsimi hansıdır, hardadır, ya o içində ilahi olan hansıdır, hardadır. Bir-birinə qarışır, biri o birinin eynisi olur. Yaxınlıq uzaqlıq birləşir, görməklə görməmək, susmaqla danışmaq, varlıqla yoxluq bir olur.“Mən sizə şah damarınızdan daha yaxınam”, deyib “ruhundan üfürdüyü” nəfəsi ilə tam bir eynilik yaradır.Bütün bilinməzlər bilinir, bütün bilinənlər sirr olur.Eşqlə nəfəs can bir olur.Vəhdəti vücud olur.Leylinin Məcnunla görüş səhnəsindəki kimi: Əgər sən sən isən, ya məndəki Leyli kimdir?-hikməti bir baxıma bu təcəllinin təzahürüdür, ifadəsidir.

Ey dürri-kani hər şey, kim bilə kim, nə kansan?

Can səndən oldu çün hey, bilməz səni nə cansan?

Nəsimi də canının içində olan varlığın, canın nə olduğunu, necə olduğunu  bilmir, ancaq:

Surəti nəqşində hər kim görmədi nəqqaşini,

Vahab surət onun gözsüz yaratmış başını.

 

Bilmək, bilməmək eşq əhlinə birdir:

Aşiq qatında küfr ilə islam çü birdir,

                                 

Hər qanda məskən eyləsə aşiq, əmirdir.

Hər kimsənin ki, özünə açıldı gözləri,

Əhli bəsirət olduyi adı bəsirdir.

Mənliyini yenib bəsirət gözü açılan aşiq vəcd halində özünü necə görə bilər. Varlığı O İlahi olanla doludur, O ilahi onun varlığına tam hakimdir. Bir zərrə təcəlli edərsə Tur dağı yerindən oynayar, amma “Mən yerə göyə sığmadım, mömin  bəndəmin  qəlbinə sığdım”deyib ululuq verdiyi qulunun qəlbinə etdiyi təcəllidən o vəcdə gəlir, cezbəyə düşür.Bu halda can candan xəbərsiz olur, can öz əslini bilir, görür, özünü əslindən qopmuş, aralı düşmüş deyil, əslinə qayıtmış, əsli ilə qovuşmuş olaraq görür, özünü saxta eqoyla mən deyə adlandırmır, əsil olan ilahi olanla, içində daşıdığı ilahi varlığın üzə çıxması ilə Ona çevrilir və haq mənəm deyir.Bu məqamdakı insanın hər halı, hər anı ibadətdir, namazdır.

Onun namazı nəfəsinin sayı qədərdir.Çəkdiyi hər nəfəs namazdır, aldığı hər nəfəsdə haqqın varlığında bərqərar olur.

 Ey Nəsimi, sən namaz adına əyilib qalxan, alnını torpağa qoyub ilahinin cənnətini dilənən nəfsdən arisən, sənin namazını mollalar anlamaz, sən namazın səcdəsisən ilahinin qovuşağında........

Nəsimi, ruhumun bütün dolaylarında aşkardır.

Müəllif: AYİŞƏ NƏBİ

                                                                                                             

                                                                             

 









Redaktorun seçimi