Narkoloji Mərkəzdəki yanğında təqsirləndirilən: Yanğına cavabdeh olmamışam

99 dəfə oxunub
Narkoloji Mərkəzdəki yanğında təqsirləndirilən: Yanğına cavabdeh olmamışam

Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin işçisi Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Faktor.az-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə sərbəst ifadə verən təqsirləndirilən M.Abdullayev Narkoloji Mərkəzdə baş verən yanğında heç bir günahı olmadığını deyib: "Əmək müqaviləmdə üzərimə düşən vəzifələr yazılıb, onların arasında yanğın təhlükəsizliyinə cavabdehlik məsələsi yoxdur. Lakin hadisədən sonra Səhiyyə Nazirliyinin kadrlar şöbəsinin müdiri məni çağırıb, yanğın təhlükəsizliyi ilə bağlı təlimata qol çəkməyimi istədi. Mən də imtina etdim. Çünki sonradan quraşdırılmış iş idi. Sənədə qol çəksəydim, avtomatik günahkar olduğumu üzərimə götürmüş olacaqdım. Düzdü, mənə ittiham irəli sürülüb, amma mən heç vaxt yanğın təhlükəsizliyinə cavabdeh şəxs olmamışam”.

M.Abdullayev qeyd edib ki, həmin gün çox güclü külək olub: "İki qıfıllı təhlükəsizlik qapısı olub. Əgər dəhlizin o biri başındakı qapı da açıq olsaydı, ümumiyyətlə, oradan heç kim sağ çıxmazdı. Hər gün növbətçi kim olurdusa, açar da ona verilirdi. İkinci təhlükəsizlik qapısının açılması yanğın vaxtı təhlükəli olardı. Külək hər iki tərəfdən yanğının şiddətini artırardı".

Sualları cavablandıran M.Abdullayev deyib ki, Mərkəzin həyətində 6 ton su tutumu olan böyük bir hovuz vardı, lakin oranı qamış basmışdı: "Biz də dəfələrlə “Azərsu”ya müraciət etmişdik ki, hovuz təmizlənsin, amma heç bir tədbir görülmədi".

Məhkəmənin növbəti iclası fevralın 12-nə təyin edilib.

Qeyd edək ki, ötən il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Xatırladaq ki, Mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğundan onun cinayət işi ayrıca icraata verilib. O daha sonra dünyasını dəyişib.

 



Redaktorun seçimi