Bakıdakı apteklərdə yoxlamalar başlayıb

Hit: 170
Bakıdakı apteklərdə yoxlamalar başlayıb

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi paytaxtdakı apteklərdə yoxlamalara başlayıb.

Faktor.az bildirir ki, bu barədə  Nazirliyin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov virtualaz.org-a açıqlamasında bildirib.

Abubəkirov bildirib ki, əhalinin təhlükəsiz və keyfiyyətli dərman vasitələri ilə təmin edilməsinə nəzarət məqsədilə plan üzrə yoxlamalar aparılır. Artıq 17 aptek yoxlanıb, onlardan 9-da nöqsanlar aşkarlanıb. “Yoxlamalar zamanı aptekdə satılan dərman vasitələrinin sertifikatının, qeydiyyat vəsiqəsinin olmasına, dərmanların saxlama şəraitinə diqqət yetirilir, həmçinin Azərbaycan ərazisinə idxalına, saxlanmasına, istifadəsinə və satışına icazə verilməyən, istifadə müddəti bitmiş, keyfiyyətsiz, mənşəyi məlum olmayan, saxta dərman vasitələrinin satışının aparılmamasına nəzarət edilir. 9 aptekdə sertifikatı olmadan satılan 292 qutu dərman aşkarlanaraq götürülüb. Aptek sahiblərinə qarşı protokollar tərtib edilib, baxılması üçün aidiyyatı qurumlara göndərilir”, - mətbuat katibi əlavə edib.

Qeyd edək ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişikliklər edilməsi barədə 31 oktyabr 2017-ci il tarixli qanunun tətbiqi məqsədilə prezidentin 3 noyabr 2017-ci il tarixli 1658 nömrəli Fərmanının 3.3-cü bəndində dərman vasitələrinin keyfiyyəti və təhlükəsizliyi qaydalarına riayət edilməsi ilə bağlı yoxlamaların Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilməsi müəyyən edilib. Yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2 iyul, 2013-cu il tarixli qanuna və Prezidentin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”yə müvafiq olaraq aparılır.

Abubəkirov deyib ki, plan üzrə yoxlamaların aparılması dövriliyi qanunvericiliyə görə - yüksək risk qrupuna aid edilən sahibkara münasibətdə ildə bir dəfədən çox olmayaraq, orta risk qrupuna aid edilən sahibkara münasibətdə iki ildə bir dəfədən çox olmayaraq, aşağı risk qrupuna aid edilən sahibkara münasibətdə üç ildə bir dəfədən çox olmayaraq dəyişir. Yoxlamalar davam edir.









Redaktorun seçimi