“Donuz qripi” təşvişini kimlər yaratdı?

Hit: 576
“Donuz qripi” təşvişini kimlər yaratdı?

Ölkə ərazisində yanvarın 16-dan 17-ə keçən gecədən başlayaraq 18-i gündüzədək gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xəbərdarlıq edildi. Sözügedən hadisə ilə bağlı nazirliyin bütün qurumları səfərbər edilərək gücləndirilmiş iş rejiminə keçib.

Daha sonra təhlükəli hava şəraiti ilə bağlı Təhsil Nazirinin 17-18 Yanvar tarixində qeyri-dərs günü olması ilə bağlı əmr imzalaması valideyinlərdə çaşqınlıq yaratdı. Mövcud vəziyyətdən istifadə edən saxtakarlar isə "Whatsapp" vasitəsi ilə müxtəlif iddialar yaymağa başladılar. Hətta dərslərin təxirə salınmasını "donuz qripi" ilə də əlaqələndirib əhalini təşvişə saldılar.

Məsələ ilə bağlı Faktor.az-a açıqlama verən sosioloq Aslan Abbaszadə bildirdi ki, bu cür təşviş yaradan xəbərlərin yayılması ya məqsədli şəkildə, ya da bilgisizlik nəticəsində yayılır:

“Son günlərdə havanın kəskin dəyişəcəyi xəbərləri əhali arasında sürətlə yayılmağa başladı. Buna səbəb bəzi xəbər portallarında yazılıb-pozulan məlumatlardır. Əslinə qalsa, qış aylarında havanın kəskin dəyişməsi, şəxtalı, küləkli keçməsi normal haldır. Əvvəllər qış sərt keçəndə, anidən basdıranda ölkə ərazisində böyük fəsadlar törədirdi (yolların sürüşkənliyi, işıq, su, qaz sistemlərində baş verən nasazlıq və s.). Havanın pis olacağının və öncədən dövlətin bu haqda tədbirlər görməsinin harası yanlışdır? Əlbəttə ki, bu hal bəyəniləndir. Sonradan yaranan fəsadların aradan qaldırılmasındansa, öncədən vəziyyətdən xəbərdar olub, yarana biləcək fəsadların aradan qaldırılması istər əhalinin rifahı, istərsə də maddi baxımdan çox müsbət haldır. O ki qaldı sosial şəbəkələrdə yayılan "donuz qripi" məsələsinə, Səhiyyə Nazirliyinin heç bir xəbər verməməsinə rəğmən, belə məlumatın yayılması çox absürd və gülməlidir. Məqsəd əhali arasında təşviş yaratmaqdı. Əgər nəsə bu kimi halın şübhəsi belə olsa idi, Səhiyyə Nazirliyi bu haqda əhaliyə məlumat verərdi və ola biləcək şeylərin qarşısı alınardı".









Redaktorun seçimi