Azərbaycan insanını necə Yaponiya insanı etmək olar? - SORĞU

Hit: 1883
Azərbaycan insanını necə Yaponiya insanı etmək olar? - SORĞU

Biz niyə texnoloji sahələrə açıq deyilik? Həm virtual, həm də real həyatda istifadə etdiyimiz hər şey başqa beyinlərin məhsullarıdı. Bu vəziyyətdən qurtulmaq üçün nələrə diqqət etməliyik, hansı sahələr inkişaf etdirilməlidir? Ya da sualı yığcamlaşdırıb belə qoyaq:  Azərbaycan insanını necə Yaponiya insanı etmək olar?

Faktor.az bu sualla bağlı cəmiyyətin tanınmış simalarına müraciət edib:

Millət vəkili Fazil Mustafa:

"Bizim cəmiyyətdə təhsil səviyyəsinin aşağı olması və təhsilin hədəflərinin qeyri-müəyyənliyi imkan vermir ki, insanlar bu mövzuda sağlam müzakirə aparsınlar. Ona görə də başqa beyinlərin məhsulunu kopyalamaqdan başqa əlacımız qalmır. Bu sahədə də bəlkə  ən tənbəl kopyaçı da sayıla bilərik. Heç olmazsa, texnoloji yeniliklərə açıq olsaydıq və çevik şəkildə yenilikləri həyatımıza gətirə bilsəydik, bu qədər də geridə qalmazdıq. Yapon insanı uşaq bağçasından sistemli və dəqiq hədəf üzrə yetişdirilir, bizdə isə uşaqları Allah ümidinə buraxırıq. Təhsil mədəniyyəti çox aşağıdır, nə qazanmışıqsa rus və Avropa təhsilinin ənənələrindən qazanmışıq, ruhən hələ də mollaxanalarda qalmışıq. Böyük bir intellektual sıçrayış baş verməlidir ki, bu durumumuzdan qurtula bilək".

Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər QOŞALI: 

"Birmənalı şəkildə, “biz texnoloji sahələrə açıq deyilik” hökmü ilə razı deyiləm. Virtual yaxud gerçək həyatda başqa beyinlərin məhsullarından istifadə etməyimiz də, o hökmü doğrulamaz. Hətta, mövcud virtual platformalarda, yeni nəsil telefonlarında, bilgisayar proqramlarında bir sıra boşluqları bizim gənclərin üzə çıxardığı haqqında bilgilər KİV-lərdə yayılmaqdadır.

Sualınızın böyük cavabı, müəyyən qədər, “Azərbaycan insanını necə Yaponiya insanı etmək olar?” sualında sıxılıb qalıb, deyə düşünürəm. Əlbəttə, heç bir ölkənin insanı başqa ölkənin insanına çevrilmir – hətta, bir ittifaqda yaşasalar da. – Yeddi onillik boyunca Sovet insanı olduqmu? – SSRİ və ya Çar Rusiyası bizi rusmu etdi? Səfəvi, Osmanlı və digər imperiyalarımızda barındırdığımız digər xalqları türk etdimi? və s. 

Yaponlar Xirosima və Naqasakiyə atom bombası atıldıqdan sonra – həyatın dibinə yuvarlanmamaq üçün bir tutacaq aradı və o tutacağın adı ELMdi! Almanlar iki yerə parçalandıqdan sonra birləşmə üçün İŞə və İÇGÜCə dayandı, toparlandı və s.!

Sanki, məğlub olduğun oyunun həmən ardından bir sonrakı oyun haqqında fikirləşmək kimi! – Necə deyərlər, olan oldu, ağlaşma qurmağın yeri deyil. Rəhmətlik Cabir Novruz deyirdi, “millət udar, uduzar da, kaş millətdə RUH yaşasın!” – Uzun sözün qısası, biz uzaq keçmişdəki şöhrətimizi, dünyadakı nüfuzumuzu itirdikdən sonra toparlanmaq üçün gah dindən, gah ədəbiyyatdan, gah tarixdən yapışdıq sanki. – Bəlkə bu mənə belə gəlir, bəlkə, doğrudan da belədir – bu dartışıla bilər, lakin dartışılmaz bir məsələ var: BİZ DÜNYADA HAQQ ETDİYİMİZ ƏRAZİLƏRDƏ və EHTİYACIMIZ OLAN MƏRTƏBƏDƏ DEYİLİK! Bu çatışmazlığı düzəltməkçün çağdaş dünyanın çağırışlarına sağlam cavabımız olmalıdır. Rəqib bicsə, oyunbazsa – ona uyğun, güclüsə - gücə uyğun, böyüksə - ona uyğun, ağıllıya, ağıllı, dəliyə dəli uyğunluğu ilə – illa da bir çıxış yolu vardır, vardır!

Əslində, məsələ başqa xalqla qiyaslandıqda çevrilmədə deyil; söhbət hər xalqın özünü öz keçmişi ilə qiyasladıqda görmək istədiyimiz mərtəbədən gedir (yaxud getməlidir).

Əgər çağdaş dünya texnoloji yeniliklərlə üstünlüyə yol tanıyırsa, gizli və aşkar, öz beyinlərimizi stimullaşdıraraq, başqa beyinlərin mövcud üstün məhsullarından ən azından ilkin dövrçün faydalanmaqla özümüzə ayar verməli, daha yaxşılarını yaratmağa qeyrət sərf etməliyik.

Mən inamsız deyiləm, şair demiş, “ümidsiz heç deyiləm”! Bugün başqa dövlətlərin işinə yarasa da, məhz bizim soydaşlarımızın, həmvətənlərimizin beyin məhsulu olan nəzəriy-yələr, texnoloji yeniliklər, silahlar və s. sabah-birisigün məhz özümüzün ola bilər, öz ölkəmizdə ürətimə və gələcəkdə satışa meydan aça bilər. Bizdən daha balaca əraziyə və əhaliyə malik ölkənin örnəyində görürük ki, bu mümkündür, mümkündür.

Onu da vurğulamadan keçməyək ki, bizim cavanlar da keçən illərdə virtual platformalar yaratmışdı, onların işlək olub-olmaması bir başqa məsələdir – demək, yarada bilirik. Elə bilirəm, BİLİK Fondu, ELM Fondu, əlbəttə, AMEA və digər elm-təhsil ocaqlarımız açıq elanlar, qapalı bildirişlərlə, qiymətli beyinləri qorumaq, elmə, yaradıcılığa həvəslən¬dir-mələrlə, sizin bir vətəndaş yanğısı ilə toxunduğunuz mövzuda irəliləyişə nail ola bilər. İlla da olar!

Heydər Əliyev Fondunun dəstəklədiyi “Start up” layihələrini, Müdafiə Sənayesi Nazirliyimizin çalışmalarını şükranlıqla qeyd edərək, bütövlükdə millətimizə, ölkəmizə uğurlar diləyirəm!"

Sosioloq Aslan Abbaszadə: 

"XX əsrin sonu XXI əsrin əvvəlləri dünya texnologiya aləminə keçid etmişdir. İndilərdə XXI əsri "Texnologiya əsri" adlandırırlar. Əbəs yerə deyil ki, bu dövrdə böyükdən tutmuş kiçiyinə kimi hər bir nəsil texnologiyanın bir növ "əsiri" olmuşlar. Belə ki, biz artıq hər hansı bir informasiyanı ənənəvi üsulla, yəni kitab və yaxud arxivlərə baş tutmadan həll etmərik. Onlayn olaraq kitabxanalara müraciət edər, texnologiyanın bizə bəxş etmiş olduğu rahatlığı sonuna qədər istifadə etməkdən çəkinmərik. İnsanlar nə üçün vaxtını belə şeylərə sərf edirlər? Nə üçün reallıqdan uzaqlaşmışıq? Virtuallıq son zamanların daha aktual mövzularından birinə çevrilib. Qeyd etdiyim kimi, heç kim rahatlığı qoyub özünü çətinliyə atmaz. İndiki dövrdə vaxt qızıldanda dəyərlidir və bu qızıl vaxtlarını hər hansı bir arxivdə, kitabxanada və digər yerlərə sərf etmək istəmirlər. Diqqətlə düşünəndə bu məntiqlidir. Məsələn, sizin gecənin bir yarısı hər hansı bir kitabxanaya getmə imkanınız yoxdur, lakin sizin əlinizin altında olan mükəmməl texnologiya sizə bu imkanı əldə etməyə üstünlük verir. İstədiyiniz informasiya artıq sizin üçün bir klik məsafəsi qədər yaxındır. Texnoloji vasitələr həyata rahatlıq gətirir və digər münasibətlərə ayıracaq vaxtı artırır. Lakin hər şeyin də öz qədəri var. İmkan olduqda mümkün qədər ənənəvi vasitələrə də əl atmaq lazımdır. Çünki texnologiyanın bugünə çatmasında ən öncü vasitə məhz onlardır. Bunu unutmayaq. Əslində biz texnologiyaya yaxınıq. Sadəcə bunu çox ön plana çıxartmırıq".

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və innovasiyalar şöbəsinin müdiri, Fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Alıyev (Afşar):

"Azərbaycan xalqının düşüncə tərzi və təfəkkür potensialı inkişaf etmiş xalqların göstəricilərindən olduqca yüksəkdir. Xarici universitet və elmi mərkəzlərdə çalışan, mühazirə deyən, tədqiqat aparan alimlərimizə rəğmən elə dünyanın tanınmış alimlərinin söylədikləri fikirlərə istinad edə bilərik.

Azərbaycanda elmin və təhsilin inkişafı ilə bağlı dövlət tərəfindən onlarca qanun, dövlət strategiyası, proqramlar, layihələr hazırlanıb. Elm və təhsil birbaşa ölkə prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında olduğundan bu sahədə əsaslı işlər görülür. Artıq Azərbaycan universitetləri qarşısında “Tədqiqat universiteti” statusunun alınması şərti qoyulmuşdur ki, bu statusa cavab verəcək universitetlər də öz fəaliyyətlərini müəyyən edilən şərtlər əsasında qururlar. Artıq hər bir universitet zamanın təlabatına uyğun olaraq ayaqda qalmaq üçün tabeliyində Texnopark və İnkubatorlar yaratmağa başlayıb. Tələbələrin “start-up” layihələrinə cəlb edilməsi yolunda ciddi işlərə başlanılıb.

Amma geri qalmanın bəzi obyektiv və subyektiv səbəbləri də vardır ki, o səbəblərdən bəzilərinə işiq salmaq olar.

Ən başlıca səbəb hələ də təhsilimizi istənilən səviyyəyə qaldıra bilməməyimizdir. Əslində biz təhsilimizi müəyyən irəliləyişə nail olunacaq səviyyəyə qaldırırırq, amma qloballaşan dünya bizim sürətdən daha sürətlə inkişaf edir. Bax biz sürətimizi artırmalıyıq və bu zaman baş verə biləcək problemlərin həllini də öncədən planlaşdırmalıyıq. Elm və təhsilin vəhdəti yaradılmalıdır. AMEA kimi nəhəng elm mərkəzinində aparılan elmi tədqiqat işlərini ölkə iqtisadiyyatının inkişafına yönəltmək elmi institutların nəticələrinin istehsalata tətbiq edilməsi üçün sənaye və istehsalat müəssisələri ilə işləmək üçün koordinasiya mərkəzləri qurulmalıdır. Bu sahədə də beynəlxalq təcrübə dəqiq öyrənilməlidir.

Elmə təsadüfi insanların axınının qarşısı alınmalıdır. Elmi dərəcə və adların verilməsi işi ciddiləşməli, sərtləşməli və ədalətli olmalıdır. Ən qısa müddətdə fundamental və dəqiq elmlər sahəsində mütəxəssis hazırlanması istiqamətində dövlət proqramları qəbul edilməlidir. Yerli elmi mərkəzlərlə, beynəlxalq elmi mərkəzlər arasında kadr mübadiləsi proqramları işlənib hazırlanmalıdır.

Orta məktəblərdə texnologiya dərslərinin səmərəli tədrisi təşkil olunmalıdır. Sənaye və istehsalat müəssislələri istehsal etdikləri məhsulların nümunələrini orta məktəblərə göndərməli, orada xüsusi labaratoriya və mini istehsalat qurğular otaqları düzəltməlidirlər. Şagirdlərin maddi və mənəvi həvəsləndirilməsi üçün onlardan istehsal etdikləri məhsulların səmərəliliyinin artırılması üçün müxtəlif ideyaların, layihələrin təqdim edilməsini təmin etməlidirlər. Zavod və fabriklərə məktəblilərin mütamadi ekskursiyaları təşkil edilməlidir. Şagirdlər traflı məlumatlandırılmadan sonra istehsalat qurğuları və avadanlıqları ilə tanış edilməlidir. Məktəb rəhbərliyi ekskursiyalardan sonra onlardan istehsalata dair əlavə ideya və təkliflər alınmalıdır. Hər bir ideya verən məktəbə şirkət və müəssisələr tərəfindən maddi ödəniş və digər yardımlar edilməlidir.

Bunlar texnoloji inkişafın inkişaf dinamikasını sışrayışlarla dəyişə biləcək innavativ yollardan biridir. Bu göstərilənlər tez bir zamanda sıra ilə həyata keçirilərsə Azərbaycan insanı regionda, sonra isə dünyada ən güclü inkişaf etmiş insan olacaq. Hətta Yaponiya insanı da Azərbaycan insanına həsəd aparacaq.

Çünki 50-60 il öncə Koreya, Yaponiya, Malaziya, Sinqapur insanları indiki Azərbaycan insanından 100 dəfə geridə idi. Əminəm ki, ən qısa müddətdə bizim ölkənin insanları da təfəkkürdə dünyanın ən güclü insanlarına çevriləcək".

Siyasi elmlər üzrə ekspert  Nəzakət Məmmədova:

"Əvvəla, ona görə ki, sənaye inqilabı Avropada baş verib. Texnoloji yeniliklər də məhz bu sənaye inqilabları nəticəsində yaranıb. Biz uzun illər sovet dövlətinin tərkibində olmuşuq. Doğrudur, SSRİ kosmosa ilk uçuş etmişdi, ancaq bunlar istisna olmaqla digər texnoloji yeniliklər Qərbdən casusluq yolu ilə əldə edilmişdi. O cümlədən nüvə silahı, raket texnologiyaları, sənaye naiiyyətləri və s.
Müstəqillik dövründə də Azərbaycan bəzi texnoloji nailiyyətlər əldə etdi, xüsusən son illərdə kosmosa peyk buraxılıb və s. Lakin gündəlik məişət əşyaları, avtomobil və s. biz xaricdən gətiririk. Düşünürəm ki, infirmasiya texnologiyaları, mühəndislik və s.sahələrə, ixtisaslara investisiya qoyulsa, biz bir neçə il sonra müəyyən nailiyyətlər əldə edə bilərik".

Bloger-jurnalist Bahadur Seyidov:

"Qoy, əvvəlcə onu deyim ki, nə vaxt Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinı sual ünvanlamışamsa, cavabsız qalıb. Buradan iki qənaətə gəlmək olur : Ya mətbuat xidmətinin rəhbəri jurnalistlərin sorğusuna cavab verməyi ciddiyə almır, ya da bu suallara cavab verəcək qədər məlumat bazası yoxdur.

İkinci ehtimalın üzərində daha çox dayanmaq istəyirəm.

Müasir dünyada texnologiya o qədər sürətlə inkişaf edir ki, o sürətlə  ayaqlaşmaq üçün üçün yalnız və yalnız təhsil səviyyəsinin inkişafına nail olmaq lazımdır.

Bu gün inkişaf etmiş ölkələrdə investorlar starup layihələrinə ciddi məbləğdə vəsait ayrılır.  Bizdə isə təəssüf olsun ki, hələ də əlində pulu olanlar restoran, mağaza açmağa meyil göstərirlər.

Mən bizdə bu işləri görə biləcək beyinlərin olmadığına inanmıram. Amma beyinlər inkişaf etmiş ölkələrə axır. Bu axının qarşısı alınmalıdır.  Sturup layihələrə dövlət maaliyə ayırmalıdır. Hətta test səviyyəsində olan ideyalar da maaliyələşməlidir.

Ciddi vəsaitlər ayrılmalıdır. Bu gün Facebookun günlük xalis gəliri 5 milyon dollardır. Hansı, zavod, restoran və ya mağazalar şəbəkəsi bu qədər pul gətirə bilər?

Bunu azərbaycanlı biznesmenlərə başa salmaq lazımdır. Başa düşsələr ki, bir oyun saytı onların oyanmaq üçün tikdiyi restoranlardan 100 qat artıq gəlir gətir, bizdə də texnologiya inkişaf edər. Sadəcə başa salmaq lazımdır".

Araşdırmaçı jurnalist Bəybala Mirzəyev:

"Xeyr, mən məsələni belə qoymaq istəməzdim. Biz azərbaycanlılar Anadolulu türk qardaşlarımız demişkən, alt yapı etibarilə, fitrətən çox istedadlı millətik. Elmə, təhsilə, zəka inkişafına kifayət qədər açıq millətik. Mən hətta məşhur bir deyimi - "yəhudilər dünyanın ən ağıllı millətidir" ifadəsini də bir qədər redaktə edirək deyərdim ki, azərbaycanlılar dünyanın iki ən ağıllı millətindən biridir. Sadəcə olaraq, son bir neçə əsrdə bizə elmi potensialımızı realizə etməyə imkan verməyiblər. Bu da ilk növbədə müstəmləkə tariximizdən qaynaqlanır. Çar Rusiyasının Azərbaycanı işğal etməsindən sonra tam 150 il ərzində millətimizə qarşı "təhsil terroru" siyasəti yürüdülüb. Çar rejimi Güney Qafqazda məhz Azərbaycan türklərinə təhsil almağı qadağan etmişdi. Ermənilərə və gürcülərə gimnaziyalar, seminariyalar, litseylər açmağa icazə verən mənfur çar siyasəti azərbaycanlıları isə qəsdən belə bir imkandan məhrum edirdi. Hətta hərbi qulluqdan da məhrum edilmişdik. Yəni ki, azərbaycanlılar əsgərliyə aparılmırdı. Bütün bu cürə məkrli siyasətlərin arxasında isə heç şübhəsiz ki, gizli məqsədlər dayanırdı. Və bu cür yasaqların hökm sürdüyü bir mühitdə millətin elmə, texnoloji yeniliklərə açıq olmağından danışmaq mümkün deyil. Çarizmin yürütdüyü həmin murdar siyasətin fəsadları hələ də canımızdan çıxmayıb. Lakin hazırda vəziyyət tədricən düzəlməyə doğru gedir. Bu gün azərbaycanlı tələbələrin səsi dünyanın ən mötəbər universitetlərindən gəlir. Və yaxud, sosial şəbəkələrdə tez-tez dünyanın ən nüfuzlu şirkətlərində çalışan azərbaycanlı mütəxəssislər barədə xəbərlərə, paylaşımlara rast gəlirik. Hətta NASA kimi planetimizin 1 nömrəli elmi-hərbi laboratoriyasında işləyən soydaşımız da var. Bütün bunlar nədən xəbər verir?

Demək ki, millətimiz gerçəkdən də istedadlı millətdir. Sadəcə olaraq istedadlı insanlarımızın düzgün və effektiv yönləndirilməsinə ehtiyac var. Heç Azərbaycan insanını Yaponiya insanı etməyə də ehtiyac yoxdur. Çünki Azərbaycan insanı IQ göstəricilərinə görə yaponlardan heç də geri qalmır. Mən əlimi ürəyimin üstünə qoyub, birmənalı şəkildə əminliklə deyə bilərəm ki, biz hazırda təhsil və texnologiyalar sahəsində dünyanın ən qabaqcıl ölkəsi sayılan Cənubi Koreya ilə də inamla yarışa, ayaqlaşa bilərik. Mənim bu əminliyim, nikbinliyim əsassız da deyil. Çünki ötən əsrin 70-ci illərinə qədər dünya çapında heç bir xüsusi nailliyyətləri ilə diqqəti çəkməyən koreyalılar birdən-birə sıçrayış etdilər və cəmi 40-50 il ərzində istər iş dünyasında, istərsə də təhsildə, sənayedə çox böyük uğurlara imza atmağı bacardılar. Bu gün hər kəs Cənubi Koreyanı nümunə kimi göstərir və hətta inkişafın "Cənubi Koreya modeli" deyilən bir ifadəyə də tez-tez rast gəlirik. Demək ki, eyni müvəffəqiyyətlərə biz də imza ata bilərik. Sadəcə olaraq biraz zamana ehtiyac var. Mən optimist ovqata köklənməyin tərəfdarıyam".

Araşdırmaçı fizik Şamxal Abbasov:

"Çox şey səbəb ola bilər. Bax məsələn, biri təhsil... Təhsil sisteminin quruluşu, əvvəla, hər şey orta məktəbdən başlayır, əgər mən komputerdən istifadəni  bacarmıramsa,  zorla IT mühəndislikdə oxusam da,  heç nə çıxmayacaq. Buna görə orta məktəblərdə uşaqlara hər şey haqda məlumat vermək lazımdır ki, onlarda maraq yaransın və gələcəkdə nə olmaq istədiklərini özləri müəyyən etsinlər. Qəbul prosesində də istədikləri ixtisası seçə bilsinlər. Daha sonra əgər mən kompüteri  açıb - yandırmağı 11-ci sinifdə oxuyarkən öyrənmişəmsə, bu sahədə hansı gələcəkdən söhbət açmaq olar ki... Məktəblərdə robot texnologiyaları, ümumiyyətlə, müasir texnologiyalar haqda dərs olmalıdı. Şahmat dərsləri olmalıdı ki, düşünmə qabiliyyəti güclənsin. Əsas problemi təhsilin quruluşunda görürəm".

Faktor.az









Redaktorun seçimi