Bilik Fondu tələbələr arasında Cümhuriyyət tarixinə həsr olunan bilik yarışı keçirdi

Hit: 312
Bilik Fondu tələbələr arasında Cümhuriyyət tarixinə həsr olunan bilik yarışı keçirdi
Azərbaycan Respublikasının Prezidenti yannda Bilik Fondunun Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan və Bakı Qızlar universitetlərinin tələbələrindən ibarət “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvlərinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Fondda təcrübə keçən tələbələrinin iştirakı ilə “Azərbaycan Xalq Cümhuriyyəti – 100” mövzusunda bilik yarışı keçirilib.
 
AMEA Mərkəzi Elmi Kitabxanasında baş tutan yarışdan öncə gənclər alimlər və Fondun əməkdaşları ilə görüşüblər. Fondun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla tədbiri açaraq, ölkə başçısının “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi" və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında imzaladığı sərəncamları xatırladıb.
 
Bildirib ki, bu sərəncamlardan irəli gələn vəzifələrin icrası ilə bağlı Bilik Fondunun “Cümhuriyyət tariximiz qürurumuzdur” layihəsi çərçivəsində respublikamızın bütün bölgələrində, 20 şəhər və rayondakı Heydər Əliyev Mərkəzi, 5 Gənclər Mərkəzi, təhsil, mədəniyyət, sənaye-istehsal müəssisəsilərində 270-dən çox maarifləndirici mühazirə, 100-dən çox respublika və beynəlxalq səviyyəli konfrans və elmi seminarlar, “dəyirmi masa”lar və müsabiqələr keçirilib. Türkiyə, Gürcüstan, Ukraynada Bilik Fondunun keçirdiyi tədbirlərdə Cümhuriyyət ideyaları ilə birlikdə bugünkü Azərbaycan həqiqətləri barədə dinləyicilərə ətraflı məlumatlar verilib. Keçirilən tədbirlərdə Milli Məclis üzvləri, AMEA-nın həqiqi və müxbir üzvləri, ali məktəblərin professor və dosentləri, mədəniyyət xadimləri və jurnalistlər iştirak ediblər.
 
Fondun nəşr etdirdiyi “Azərbaycan Xalq Cümhuriyyəti: 100 sual, 100 cavab” elmi-kütləvi xarakterli məlumat kitabından söz açan H.Abdulla nəşrin 50-dək kitabxanaya hədiyyə edildiyini diqqətə çatdırıb.
 
Görüşdə Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərlinin ““Cümhuriyyət İli” bizə nə verdi?” mövzusunda mühazirəsi dinlənilib. 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin qısa zaman ərzində gördüyü böyük işləri sadalayan alim həmin dövrdə reallaşmayan, ancaq müstəqilliyin bərpasından sonra gerçəkləşən bəzi hadisələr barədə də məlumat verib. Bildirib ki, ikinci müstəqillik ərəfəsində Bakı nefti dünya bazarına tam gücü ilə Bakı-Ceyhan Beynəlxalq neft kəməri vasitəsilə çıxıb, çoxlu sayda ali hərbi məktəblər açılıb, Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilib, Parlament seçkiləri keçirilib, ölkədə latın qrafikalı əlifbaya keçilib, aqrar məsələ həll olunub, Qafqaz İslam Ordusunun şərəfinə abidə qoyulub.
 
Fondun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Elnarə Əliyeva “Tariximizi öyrənək və öyrədək” Klubunun fəaliyyəti barədə geniş məlumat verib. Tələbələrin bu il də fəallıq göstərdiklərini və müxtəlif məzmunlu tədbirlərə qatıldıqlarını söyləyib.
 
Çıxışlardan sonra yarış başlayıb. Yarışda Klub üzvləri olan universitet tələbələrindən və təcrübəçilərdən ibarət 5 komanda iştirak edib. Onlar verilən sualları operativ cavablandırıblar.
 
Münsiflər heyətinin qərarı ilə Bakı Dövlət Universiteti və Azərbaycan Universitetinin komandaları 1-ci, Bakı Qızlar Universitetinin komandası 2-ci, Azərbaycan Dövlət Pedaqoji Universitetinin komandası 3-cü yerə layiq görülüb.

 









Redaktorun seçimi