“Həkimlərin ümidinə qalsaydım, indi arabada gəzirdim” - Fərid Əliyev

138 dəfə oxunub
“Həkimlərin ümidinə qalsaydım, indi arabada gəzirdim” - Fərid Əliyev

Fiziki məhdudiyyətli aktyorumuz Fərid Əliyevin həyat hekayəsi

Son illərdə ölkəmizdə bir sıra özəl teatrlar fəaliyyətə başlayıb. Bu teatrlardan biri də əlilliyi olan və olmayan aktyorlardan ibarət ilk və tək inklüziv teatrı olan ƏSA Teatrıdır. Bu teatrda fiziki məhdudiyyətli gənclər xüsusi önəm kəsb edir. Bu gün haqqında danışacağım insan ƏSA Teatrının aktyoru Fərid Əliyevdir. Fərid Teatrın əsas aktyorlarındandır.

O, uşaq yaşlarından beyin iflici keçirib. Deyir ki, anası onu sağlam dünyaya gətirib: “Uşaq yaşımda qızdırma tutmuşam, dilim qatlanıb və sudurqa keçirmişəm. 4-cü sudurqada beyin iflici xəstəliyinə tutulmuşam. Canımdan bu xəstəliyin çıxması üçün valideynlərim hər üsula əl atıblar. Gəzmədikləri yer qalmayıb, hətta xalq təbabətinə də müraciət ediblər. Hər səhər məni yeni kəsilmiş qoyun dərisində basdırıblar ki, bu xəstəlik canımdan çıxsın. 4-5 yaşlarımda danışmağa başlamışam. 17-18 yaşıma qədər isə yıxıla-yıxıla gəzmişəm. Bu xəstəlikdə gəzmək möcüzəvi bir şeydir. Çox inadkar olmuşam. Uşaq beyin iflici xəstəliyindən əziyyət çəkənlərin əksəriyyəti yerimir. Uşaq vaxtı evdə sürünə-sürünə gəzirdim. Bizim həyətdə daş hasar var. Həmin hasar mənim özüm boyda idi. O hasardan tuta-tuta bir addım atanda beş dəfə yıxılırdım. Ayağımdan qan açılana, sümüyüm daşa dirənənə qədər gəzməyə çalışırdım. Sonra hasarsız da gəzməyi bacardım”.

İlk uğuru yerimək olan Fərid qarşısına daha böyük məqsədlər qoyub. Özünə inkişaf edəcəyi və daha çox şeylərə nail olacağı, həyatla mübarizə aparacağına dair söz verib, sözünü tutub da: “Həkimlər mənə hər şeyi qadağan etdilər. Düşündüm ki, fiziki cəhətdən özümü möhkəmləndirmək üçün idmana getməliyəm. Həkimlər isə buna icazə vermirdi. Anam məni idmana yazdırdı. Ayağımı işlətmək üçün bütün günü onu məşq etdirməli və daha möhkəm hala gətirməli idim. İdmanla buna nail oldum. Əvvəllər ayaqlarım bədənimi saxlamırdı. Ayaqlarımı bərkitdikdən sonra bədənimi bərkitməyə başladım. Həkimlərin ümidinə qalsaydım, indi arabada gəzirdim. Həkimlər dərman verirdi, deyirdilər ki, sakit otur, heç bir hərəkət etmə. İndi sürücülük vəsiqəm olmasa da, hərdən dələduzluq edib, maşın  da sürürəm.  Düzdür, bilirəm ki, qanunla olmaz, ancaq içimdəki o həvəsi söndürürəm. Hər zaman həkimin dediyini yox, demədiyini etmişəm. Hər insan özünün həkimidir və mən bədənimə, özümə həkimdən daha çox bələdəm”.

“Bundan sonra  sağalmaq istəmirəm”

Fəridlə söhbətimizdə fikir verdim ki, o daima gülür, çevrəsindəki insanlara pozitiv enerji ötürür. Deyir ki, ətrafda ona pis gözlə baxan insanlara fikir vermir, həmin insanları gülüşü ilə cəzalandırır: “Bundan sonra  sağalmaq istəmirəm. Çünki bu xəstəliklə dost olmuşam. Biz bir-birimizə məhkumuq və mən onu qəbul etmişəm. Qoy, Allah mənim sağlamlığımı ehtiyacı olanlardan birinə versin. Məni axıra kimi belə saxlasın. Ölənə qədər belə qalsam da, Allahıma şükür edərəm. Bu xəstəlik mənim qarşıma elə insanlar çıxardı ki, ikiüzlüsünü də, ifritəsini də, xainini də görmüşəm. Ağıl insanın özünə verilir, görünüşünə yox”.

26 yaşı olan müsahibimin aktyorluq sevgisindən danışırıq. O, heç zaman aktyor olmağı arzulamayıb, heç bu sənətə marağı da olmayıb: “Ən böyük arzum sistem işçisi olmaq idi. İstəyirdim ki, ya polis, ya da əməliyyatçı və ya kəşfiyyatçı olum. Hərbi xidmətə getmək yaşım gələndə dedilər ki, “sən hərbi xidmətə yaramırsan”. Bu yararsızlıq məni hər şeydən soyutdu. O vaxta qədər dərslərimi çox yaxşı oxumuşam. Ondan sonra oxumağın bir mənası olmadığını düşündüm. Bir gün bir filmə baxdım. Gördüm ki, baş rolda oynayan aktyor fiziki məhdudiyyətlidir. Düşündüm ki, bəs, o insanlar rola çəkilə bilirlərsə, mən niyə çəkilməyim? Rejissor dostlarıma müraciət etdim. “Bir ailəm var” serialına çəkildim. Daha sonra Eyyub Yaqubovun “Sovetski” klipində yer aldım. Zaur Hacılı adlı bir dostum var. Ona aktyor olmaq istəyimi yazdım. O dedi ki, Əsa Teatrında fiziki məhdudiyyətli insanlarla tamaşa hazırlayırlar. Sosial şəbəkə vasitəsi ilə teatrın rəhbəri Nihad Qulamzadəyə yazdım. O, isə məni teatra dəvət etdi. Əvvəlcə Nihad məni teatra qəbul etmədi. 3 ay davamlı olaraq teatra getdim və nəhayət, məni işə qəbul etdilər. Teatrda aktyor işləmək üçün 3 ay sürünmüşəm. Nəhayət, mənə orada “Yuxum” tamaşasında aktyor və İppolit rollarını verdilər. Daha sonra “Adamlar və siçanlar”da Karlson, “Paris partladı” tamaşasında Qulaməli obrazını canlandırdım. İndi isə yeni hazırlanan “Göy quş” tamaşasında Şəkəri oynayacağam. Özüm də şəkər kimi oğlanam. ƏSA Teatrında bizə qışqıran, göstəriş verən, nəyisə tələb edən rəhbərliyimiz yoxdur. Hər kəs özü özünün müəllimidir. Əgər sən tamaşaçı qarşısına çıxırsansa, öz üzərində işləməlisən. Aktyor rejissordan mizanları və sözləri aldıqdan sonra öz üzərində işləməlidir”.

Fəridə “Necə bir obrazı canlandırmaq istəyərsiniz?”- deyə sual verirəm. Gözü yol çəkir: “…Həyatda ən böyük arzumu – polis obrazını canlandırmaq istəyərəm. Bu arzumu həyata keçirə bilməsəm də, heç olmasa onun obrazını yaratmaq istəyərəm”.

İradəcə yox, bədəncə zəifik

Həmsöhbətim deyir ki, “hərbi xidmətə yararsızsınız” sözündən sonra bir günün içində sanki böyüyüb: “O yaşa qədər özümü əlil saymamışam. 2015-ci ilə qədər özümə əlil deməmişəm. Sonra fiziki məhdudiyyətli insanları tanıdım. İndi mənim 100-dən çox əlil dostum var. O günə qədər çevrəmdə olan insanların heç biri əlil olmayıb. Əlilləri tanıyandan sonra gördüm ki, onların dostluğu, insanlığı sağlamlardan yaxşıdır. Çünki onlar daha sədaqətli, daha istiqanlıdırlar”.
Fərid valideynlərindən danışarkən onlara minnətdarlıq hissini gizlətmir: “Anam məni sağlam övlad kimi böyüdüb. Bu xəstəliklə gəzməyimi anama borcluyam. Anam olmasaydı, indi mən həvəsdən düşərdim. Bu vəziyyətə gəlməyim üçün 50 faiz özümə borcluyamsa, 50 faiz də anama borcluyam. Ancaq atam hər zaman deyib ki, qoy, evdə otursun. Əlil uşaqlar kimi çölə çıxmağımı istəməyib. Ancaq mən o qapıdan çölə çıxmağı bacardım”

Həmsöhbətimiz cəmiyyətin ona münasibətindən heç zaman narahat olmayıb: “Əslində, kənardakı insanların mənə olan münasibəti vecimə olmayıb. Qohumlarımız haqqımda danışanda məni “xəstə” adlandırırdılar. Bu söz mənə çox pis təsir edirdi. Çünki heç vaxt özümə xəstə gözü ilə baxmamışam. O sözlər anama deyiləndə nə hisslər keçirdiyinin şahidi olmuşam. Qohumlarım elə deyəndən sonra kənar adamların mənim haqqımda nə dediyinin heç bir əhəmiyyəti yox idi”. “Bəs, həmin o insanlar səhnədə sizi izləyirmi” – deyə soruşuram. Cavab məni qətiyyən təəccübləndirmir: “Bəli. Bəlkə də o vaxt haqqımda söylədikləri sözlərin peşmançılığını çəkirlər. Mənə xəstə deyən o insanın oğlu üçüncü qrup əlil statusunu aldı”.

Onunla ailədən, sevgidən, gələcəkdən danışırıq. Fərid o qədər uşaq kimidir ki, səmimiliyi, saflığı üzündən sezilir: “Mənə əlil deyəndə xətrimə dəymir, ancaq cəmiyyətimiz tərəfindən bu söz çox pis qəbul olunub. Biz özümüzə zəif kimi baxırıq. İradəcə yox, bədəncə zəifik. İradə cəhətdən biz sağlam insanlardan da güclüyük. İnsanlar əlil sözünü elə qəbul edir ki, bu söz söyüşə bərabərdir. Mən gedib insanları bir-bir yığıb onların ağızlarını yuma, dünyagörüşlərini dəyişə bilmərəm. Uşaq vaxtımdan özünə qapalı olmamışam. Ancaq çevrəmdə, qohumlarımda elə insanlar olub ki, məni görəndə uşaqlarının və özlərinin qulaqlarını çəkib yerə vurublar. Əvvəllər nəqliyyatdan istifadə edəndə gündə, ən azı, belə düşünən 10-12 nəfərlə rastlaşırdım. İndi isə ayda bir dəfə. Guya onların qulaqlarını çəkməklə Allah onun qarşısını alacaq?”

İstəmirik ki, insanların bizə yazığı gəlsin

Onu kədərləndirən bir məsələ var. Deyir ki, eyni xəstəlikdən əziyyət çəkən  həmyaşıdlarını görəndə bu ona pis təsir edir: “Hər dəfə onları görəndə halım pisləşir. Çünki eyni xəstəliyin daşıyıcılarıyıq. Onları gəzən görəndə çox sevinirəm. Mənim xəstəliyimdən əziyyət çəkən xəstələrin 95 faizi arabada gəzir. Mənim xəstəliyim elədir ki, daima hərəkətdə olmalıyam. Fiziki məhdudiyyətli insanlarla tez-tez görüşlər keçirirəm. Evə qapanan əlillərlə danışıram. Onlar ayağa durmaq üçün qarşılarına məqsəd qoymurlar. Bir addım atandan sonra yıxılırlarsa, təzədən arabalarında otururlar. Ötən gün Salyan rayon Əlillər Cəmiyyətinə getdim. Orada qeydiyyatda 250 əlil var. Cəmiyyət üzvündən xahiş etdim ki, onlarla görüşməyimə şərait yaratsın. Baxım ki, onların xəstəliyi nədir ki, çölə çıxmaq istəmirlər. İstəyirəm ki, onlar qapıdan bayıra çıxsınlar. Onları hər dəfə görəndə soruşuram ki, ev sizə bu qədərmi maraqlı gəlir? Mən bütün günü hərəkətdə oluram, cəmiyyət içində oluram, başqa cür mümkün deyil. Halbuki, bizim evdə oturmaq üçün hər bir şərait var”.

Son olaraq, Fəridlə ƏSA teatrından danışırıq. Bildirir ki, bu teatr onların ailəsidir, bura bir ocaq kimi baxır: “Biz ƏSA Teatrına ailə kimi baxırıq. Teatrı yaradan Nihad bizə müdir olmayıb, dost olub. Orada biz hamımız dostuq. Mən bu teatrda işləmək üçün can qoymuşam. Səhnədə elə bir performans göstəririk ki, bizim əlilliyimizə görə yox, tamaşalarımıza görə əl çalsınlar. İstəmirik ki, insanların bizə yazığı gəlsin. Adam var üzdən xəstədir, adam da var ki, içdən. Daxili xəstə olan insanlara yazığım gəlir. Bu dünya imtahandır, mən də bu imtahanın bir parçasıyam”.

///Kaspi.az



Redaktorun seçimi