Benzin, qaz, işıq pulu bahalaşacaq? - Açıqlama - VİDEO

993 dəfə oxunub
Benzin, qaz, işıq pulu bahalaşacaq? - Açıqlama - VİDEO

Azərbaycanın 2019-cu il üçün dövlət büdcəsində 2 milyard manata yaxın kəsirin yaranmasının əsas səbəbi xərclənmə ilə bağlıdır.

Bunu Sonxeber.az-a İqtisadi və Sosial İnkişafın Mərkəzinin sədri, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, büdcə layihəsi parlamentə təqdim olunduqdan sonra büdcə xərclənmələrinin artması baş verib: "Bu da xüsusən parlament deputatlarının bir sıra xərclərə əlavələr edilməsi təklifi ilə əlaqədardır. Nəticədə büdcə parlamentə ilkin təqdim edilərkən onun xərclər hissəsi 24,7 milyard manat proqnozlaşdırıldığı halda, təkliflərdən sonra bu rəqəm 25 milyard manatdan çox təşkil edib. Bu da birbaşa büdcənin kəsirinə təsir göstərir".

V. Bayramlı qeyd edib ki, büdcədə kəsirin yaranması digər ölkələr üçün də xarakterik haldır: "Bununla belə, sözsüz ki, büdcə kəsirinin hansı yollarla örtülməsi vacib məqamdır. Yüksək kəsirin qiymətli kağızlar bazarına çıxmaqla örtülməsinin tərəfdarıyıq. Digər ölkələrin təcrübəsi də göstərir ki, büdcədə formalaşmış yüksək kəsir daha çox qiymətli kağızlar bazarında daxili borclanma hesabın örtülə bilinir. Bu daha məqbul yol hesab edilir".

Bəs büdcə kəsiri kommunal ödənişlərin, yanacağın qiymətinin artırılması hesabına örtülə bilinərmi? Ekspert bu məsələyə münasibət bildirərkən diqqətə çtdırıb ki, kommunal xidmətlərə görə ödənişlərin, eləcə də Tarif Şurası tərəfindən tənzimlənən digər qiymətlərin necə dəyişəcəyini proqnozlaşdırmaq çox çətindir: "Biz xüsusən yanacağın qiymətinin artırılmasının tərəfdarı deyilik. Bu, inzibati qərardır, çünki Tarif Şurası bununla bağlı qərar verir. Sözsüz ki, yanacağın və xüsusən dizel yanacağının qiymətinin artırılması arzuolunan deyil. Belə ki, dizel yanacağının qiymətində artım baş verəndə birmənalı şəkildə digər məhsulların qiymətinin artmasına gətirib çıxarır".

V. Bayramlı hesab edir ki, hökumət xüsusən qiymət artımına gətirib çıxardan vasitələrlə büdcə kəsrinin örtülməsinə çalışmamalıdır: "Büdcə kəsirinin örtülməsində daha məqbul yol kimi qiymətli kağızlar bazarına dövlət qiymətli kağızlarının çıxarılmasını təklif edirik".

Xatırladaq ki, Milli Məclis 2019-cu il üzrə dövlət büdcəsinin gəlirlərini 23 168 mln. manat, xərclərini 25 190 mln. manat, büdcə kəsrini 2 022 mln. manat səviyəsində təsdiqləyib.



Redaktorun seçimi