ADU-da Beynəlxalq Könüllülər Günü münasibəti ilə tədbir keçirilib

36 dəfə oxunub
ADU-da Beynəlxalq Könüllülər Günü münasibəti ilə tədbir keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təşkilatçılığı ilə 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibəti ilə tədbir keçirilib.

Tədbirdə könüllülük haqqında ümumi məlumat verilib. Bildirilib ki, könüllülük şəxsin iradəsi və sərbəst seçiminə əsaslanan, əvəzi ödənilməyən fəaliyyət növüdür. Könüllü fəaliyyətin cəmiyyətdə sosial, mədəni, iqtisadi, ekoloji problemlərin həllinə yönəlmiş ictimai faydalı fəaliyyət, eləcə də sosiallaşmaya təkan verən bir əyləncə növü olduğu vurğulanıb.

ADU-nun Linqvokulturologiya kafedrasının müdiri, professor Məxməxanım Qazıyeva universitetin rektoru akademik Kamal Abdullanın təşəbbüsü ilə universitet tələbələrinin məcburi köçkün məktəblərində pedaqoji təcrübəyə cəlb edilməsindən danışıb. O, bildirib ki, bu layihədə iştirak edən müəllim və tələbələr könüllü fəaliyyət göstəriblər.

Tədbirə qatılan Dünya Gənclərinin Alyansı İctimai Birliyinin prezidenti Səyavuş Əlizadə, “BİR” Tələbə Könüllü proqramının sədri Canoğlan İlyasov və Report İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev könüllülük fəaliyyətinin əhəmiyyətindən söz açıblar, ölkədə mötəbər tədbirlərin keçirilməsində könüllülərin aparıcı qüvvə olduqlarını vurğulayıblar.Səyavuş Əlizadə konüllüluk fəaliyyətinin dünyagörüşünün artmasında mühüm rol oynadığını bildirib. Canoğlan İlyasov isə ölkədə könüllülük mədəniyyətinin inkişaf etdiyini qeyd edərək “Bir” Tələbə Könüllü proqramının yaranması və fəaliyyəti haqqında ətraflı məlumat verib.

Könüllülük hərəkatına hər kəsin öz istək və arzusu ilə qoşulduğunu bidirən ADU-nun Tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev qeyd edib ki, bu hərəkat xoş mərama qulluq edir. Prorektorun sözlərinə görə, Azərbaycanda 20 mindən çox könüllünün olması və onların sayının artması sevindirici haldır. O, çıxışının sonunda tədbirinin əhəmiyyətini vurğulayaraq onun təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Tədbirdə könüllülüklə bağlı tələbələr arasında aparılan sorğu və könüllü fəaliyyətlə məşğul olan şəxslər haqqında videoçarxlar nümayiş olunub.



Redaktorun seçimi