ƏNƏNƏVİ SPARTAKİADA BAŞA ÇATIB - FOTOLAR

36 dəfə oxunub
ƏNƏNƏVİ SPARTAKİADA BAŞA ÇATIB - FOTOLAR

Fərqlənənlərə mükafatlar təqdim edilib

“Nərimanov” elektrik deposunda Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən ənənəvi spartakiada başa çatıb. Yarışlar 6 idman növü – şahmat, dama, stolüstü tennis, nərd, voleybol və mini futbol üzrə təşkil edilib.
Şahmatçıların zəka döyüşündə elektrik təchizatı xidmətinin elektrik mexaniki Ayaz Qocayev, damaçılar arasında tunel qurğuları xidmətinin rəngsazı Ramil Salahov, stolüstü tennis turnirində elektromexanika xidmətindən mühəndis texniki qurğular dispetçeri Fərhad Məmmədov, nərd ustalarının döyüşündə hərəkət xidməti stansiya rəisinin müavini Telman Vəliyev, voleybol komandalarının final yarışında dəmir yolunun tikintisi və əsaslı təmiri dəstəsinin komandası 1-ci yerə çıxıb.
Mini futbol turnirinin həlledici matçlarına da yekun vurulub. Depolar üzrə iş və hərəkət qatarlarının istismarı üzrə iş departamentlərinin işçilərindən ibarət kollektiv rəqib komandaları geridə qoyaraq qalib olub. Ümumilikdə, iştirakçılarının sayı ildən-ilə genişlənən spartakiadada 206 idmançı qüvvəsini sınayıb.
MİHİ-nin yarışların yekununa həsr olunmuş yığıncağında spartakiadanın qalib və mükafatçıları ilə görüş keçirilib. "Əsas iştirakdır" olimpiya devizini xatırladaraq, kollektivdə sağlam mühitin formalaşmasında idman yarışlarının da özünəməxsus rolunu qeyd edən MİHİ sədri Arif Mərdanov bütün yarış iştirakçılarını təbrik edərək mükafatları təqdim edib.

1
1
1
1
1
1
1
1
1



Redaktorun seçimi