Mediada mənəvi dəyərlər - Yaxşı örnək, yoxsa ucuz təbliğat?

Hit: 351
Mediada mənəvi dəyərlər - Yaxşı örnək, yoxsa ucuz təbliğat?
Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev çıxışlarının birində, ifadə etdiyi bu cümlələr bizim üçün sözün əsl mənasında milli-mənəvi dəyərlərin nə olduğunun açardır:
"Dünyada yaşayan azərbaycanlılar öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdırlar. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi vətəni vardır. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıb. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz".
 
Onu da xüsusilə qeyd edək ki, milli-mənəvi dəyərlərin qorunmasında və təbliğində ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Bunun bariz nümunəsi kimi ulu öndər Heydər Əliyevin təşəbbüsü və qətiyyəti ilə hələ sovet dönəmində Azərbaycan SSR-in Konstitusiyası qəbul olunarkən orada ana dilimizin dövlət dili statusu təsbit olunmasını, Novruz bayramının daha geniş şəkildə təbliğ edilməsini göstərmək olar. 
Hazırda isə milli-mənəvi dəyərlərə bağlılığın qorunub saxlanması möhtərəm cənab Prezident İlham Əliyevin də daim diqqət mərkəzindədir. Cənab Prezident bildirib ki, məhz bu dəyərlər bizi bir xalq kimi qoruyub saxlayıb və bu gün müstəqillik dövründə Azərbaycanda dövlət quruculuğu prosesi də məhz milli-mənəvi dəyərlər üzərində həyata keçirilir.
 
Mənəvi dəyərlər nədir?
 
"İnsanı cəmiyyətdə formalaşdıran, inkişafına kömək edən davranış qaydalarıdır”.
 
Mənəvi dəyər anlayışının tərifi bu şəkildə, qısa olsa da bəzən mənəvi dəyərlərin inkişafını, eləcə də formalaşmasını maddiyyatla əlaqələndirirlər. Məhz bu baxımdan, mənəvi dəyər haqda ən gözəl fikri ensiklopedik alim, İslam dünyasında peripatetik fəlsəfənin inkişafında mühüm xidmət göstərmiş filosof, elmdə Aristoteldən sonra "İkinci müəllim" (əl-Müəllim əs-sani) fəxri adını qazanmış Əbu Turxan ifadə edib:
 
"Mənəvi dəyər maddi meyarla ölçülə bilməz".
 
Tək cümlə ilə ifadə olunmuş bu zəngin cümlə demək olar ki, mənəvi dəyərlər haqda düşüncələrə tam aydınlıq gətirib. 
 
Bəs mənəvi dəyərlərin qorunmasında və təbliğində media necə iştirak edir? 
 
Məsələyə münasibət bildirən tanınmış telejurnalist, media eksperti, professor Qulu Məhərrəmli Panorama.az-a açıqlamasında hazırda fəaliyyət göstərən onlayn medianı sərt tənqid edərək, milli-mənəvi dəyərlərin layiq olduğu bir səviyyədə işıqlandırılmamasının əsas problemlərdən biri olduğunu söyləyib:
"Bu gün bizim media həm ictimai əxlaqa, həm də mənəvi dəyərlər ciddi zərbələr vurmaqla məşğuldur. Bunu təbii ki, bir siyasət kimi aparmır. Bu sadəcə, davranışdan gələn nəticələrdir. Bunu deməyimin səbəbi isə, hazırda ölkədə medianın peşəkarlıq səviyyəsinin aşağı düşməsi ilə bağlıdır. Saytların çoxu boz, aşağı səviyyəlidir. Sarı mətbuat nümunəsi olan saytlar, qəzetlər hazırda ortadadır. Bunların da çoxu bizim danışdığımız mənəvi dəyərlərdən çox – çox uzaqdır”, - media eksperti qeyd edib.
 
Bu özünü nədə göstərir?
 
Qulu Məhərrəmli bunları aşağıdakı sıralama ilə sadalayıb:
 
1) Cəmiyyətin min illər boyu formalaşdırdığı dəyərlərin tapdalanması;
2) Ümumən cəmiyyət əxlaqi üçün qəbulolunmaz, xarakterik olmayan hadisə və faktların tirajlanması;
3) Sensasiyalı xəbərlərə həddindən artıq meyl;
4) Ailə-məşiət məsələlərində işıqlandırılması və yaxud tirajlanması məqbul sayılmayan, həm də bu cəmiyyət üçün xarakterik olmayan hadisələrin "maraqlı” adı ilə təbliğ olunması;
 
"Bunlar əlbəttə ki, şüuraltı dəyərlərə qarşı yönəlib. İnsanların həm özəl əxlaqına, həm də ictimai əxlaqına mənfi təsir göstərir. Bu baxımdan hesab edirəm ki, bizim mətbuatın xüsusən yeni yaranan saytların qeyri-peşəkar fəaliyyəti, şou-biznes üzərində siyasət qurub, bununla pul qazanmağa çalışmaları və həmçinin bəzi özəl televiziya kanallarının fəaliyyəti milli-mənəvi dəyərlərə həddindən artıq böyük zərər vurur. Hər şey mediada peşəkarlığa, ümumi biliyə və təbii ki ictimai düşüncəyə əsaslanır. Bunlar olmayan yerdə, yuxarıda milli dəyərlərlə sadaladığımız problemlər ortaya çıxır. Milli-mənəvi dəyər - bu xalqın illər boyu formalaşdırdığı, əxlaqı, düşüncəsi, davranışıdır. Bunların hamısı bir yerdə həmin o dəyərlərin əsasını təşkil edir”, - deyə professor bildirib.
 
Q.Məhərrəmli sonda əlavə edib ki, hazırda mənəvi dəyərlərin təbliği ilə bağlı media və eləcə də Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən müəyyən layihələr həyata keçirilisə də, bu yetəri qədər deyil. 
 
Milli mənəvi dəyərlərin qorunması və təbliğində medianın rolunu şərh edən Bakı Dövlət Universiteti (BDU) Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu Panorama.az-a bildirib ki, hazırda ölkə mediasındakı vəziyyəti nəzərdən keçirərkən heç də ürəkaçan mənzərə ilə qarşılaşmırıq:
"Kütləvi informasiya vasitələrində gedən materiallarda xalqımızın əxlaq normaları gözlənilməli, bayağı xarakter daşınmamalıdır. Biz elə bir zamanda yaşayırıq ki, gənclərimizin mənəvi-əxlaqi zəmində yazılmış məqalələrə böyük ehtiyacı var. Bu gün kütləvi informasiya vasitələri gənclərimizin milli dəyərlər zəminində tərbiyə olunmasında güclü vasitədir. Xüsusilə, gənc, yeniyetmə qızlarımızın ağır, mürəkkəb zaman kəsiyində düzgün tərbiyə olunmasında KİV böyük qüvvəyə malikdir. Lakin təəssüf ki, elə mətbuat nümunələri var ki, ucuz sensasiya xatirinə, çox vaxt isə milli mentalitetimizə uyğun olmayan yazılarla çıxış edir, gəncliyin mənəviyyatına açıq-aşkar böyük zərbələr vurur. Bazar iqtisadiyyatı  dövründə əvəzsiz məfkurə sahəsi olan medianın başlıca məqsədi gəncliyin mənəvi yetkinliyi uğrunda xidmət göstərmək olmalıdır. Təsirli, cəlbedici, məntiqi, reallığa söykənən ibrətli yazılarla mətbuat bu günün problemlərindən söz açmalı, cəmiyyəti maraqlandıran hadisələr barədə tərəfsiz, dəqiq və qərəzsiz informasiya ötürücüsünə çevrilməlidir. Çünki yaradıcılıq üçün ən zəngin mənbə həyatdır, yaşayıb yaradan insanların fəaliyyətidir". 
 
V.Zifəroğlunun sözlərinə görə, bu gün igid oğullarını itirmiş anaların, tənha qocaların, həyat yoldaşları qürbətə qazanc dalınca getmiş cavan gəlinlərin, qaçqın şəhərciklərində əlləri qoynunda qalmış qadınların dərd-sərindən yazmaq, işıqlandırmaq bir nömrəli məqsəd olmalıdır:
 
"Bu gün inkişaf edən Azərbaycanda avropalaşmanın üstünlükləri olsa da, bunun  mənfi tərəfləri də var. Televiziyada  efirə  gedən  xarici  kinofilmlərin,  musiqilərin   təsiri  altında  formalaşan gənc nəsil ənənəvi mədəni-mənəvi və bədii  oriyentirlərdən  sürətlə  uzaqlaşır.  Milli şüura  və  mentalitetə  yad  olan  və  ekrandan   təbliğ edilən bu amillər gənc nəsil arasında önəmli yer tutmağa başlayır. Bütün bunlar isə öz növbəsində gənc və daha yaşlı nəsil arasında hətta bəzən keçilməsi mümkün olmayan böyük sədd yaradır, onların biri-birini anlamasını çətinləşdirir. Böyük və ciddi məsələrdən biri də ölkədə sektant qrupların, missionerlərin, özünü əsl müsəlman kimi qələmə verən qeyri-ənənəvi təriqətlərin sürətlə  artmasıdır. Bütün  bunlar  gənclərə  böyük  təsir  göstərir,  onları  milli-etnik  kökdən  ayırıb,  özgə  dünyagörüşünün,  yad  mənəviyyatın və dinin quluna çevirir. Bu cür fəaliyyət təkcə jurnalistikanın praktikasına deyil, milli-mənəvi dəyərlərimizə, əxlaq və etik normalara da ziddir", - deyə BDU-nun dekanı əlavə edib.  
 
Media eksperti Zeynal Məmmədli Panorama.az-a açıqlaması zamanı qeyd edib ki, ümumiyyətlə, milli-mənəvi dəyərlərdən danışdıqda, ilk növbədə onun sərhəddini müəyyən etmək lazımdır:
"Milli-mənəvi dəyərlər dedikdə nə nəzərdə tutulur? Milli dəyərlər sözünə çox spekulyasiya etmək olmaz. Bütün  bəşəri dəyərlər, istisnasız  həm də milli dəyərdir. Nifrətdən uzaq olan, insanları birliyə, barışığa, xeyirxahlığa, yaxşılığa və.s çağıran bütün dəyərlər həm milli, həm də bəşəri dəyərlərdir". 
 
Zeynal Məmmədli vurğulayıb ki, tək bu mövzuda deyil, ümumiyyətlə təbliğatla məşğul olursa, bu normal media üçün çox anormal prosesdir:
 
"Biz təbliğatla məşğul olmuruq. Biz xəbərləyirik, yəni ancaq bildiririk.Mənəvi dəyərlərə üstünlük verən, həmin dəyərləri daşıyan, gözəl örnək olan insanlar - biz bunlar haqda demirik ki, bu ən gözəli, ən dəyərlisi və ya ən yaxşısıdır. Amma o bizdə göründükcə, istifadə olunduqca insanların diqqətini çəkir və nəticədə insanlar bənzəməyə örnəklər tapırlar".  
 
Məqalə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu "Media və mənəvi dəyərlər” mövzusunda keçirilən müsabiqəyə təqdim olunur.
 
Orxan Aslanlı
Panorama.az








Redaktorun seçimi