İnternet uşaqlara necə təsir edir? - Xeyrimi çoxdur, ziyanımı? - Analar danışır

Hit: 5170
İnternet uşaqlara necə təsir edir? - Xeyrimi çoxdur, ziyanımı? - Analar danışır

Beynəlxalq NHS Digital hesabatında  açıqlanıb ki, şagirdlər sosial mediadan istifadə etdiyi üçün vaxtında oyana bilmir, dərsləri zəifləyir, sağlamlıq problemi yaranır.

Faktor.az bu məsələ ilə bağlı analara "Siz bu prosesin uşaqlarınıza təsirini görürsünüzmü, görürsünüzsə, necə zərərsizləşdirirsiniz" sualı ilə müraciət edib.

"Mətbuat.az" saytının əməkdaşı Günay Elşadqızı:

"XXI əsr uşaqlarının ən böyük sevgisi telefonlaradır. Təəssüf ki, mənim qızım da telefonu çox sevir. Qızımı loqopedə aparıram, həkimlərlə məsləhətləşirəm ki, niyə indi gec dil açan uşaqlar bu qədər çoxalıb? Əslində bir çox amillər var, amma hamısının dediyi bir söz var ki, əsas amillərdən biri telefondur. Məncə, indi bütün valideynlər uşaqlarının telefona bağlılığından əziyyət çəkir. Düzdür, qızım gününün böyük hissəsini bağçada keçirir, axşam maksimum dərəcədə zaman ayırmağa çalışırıq uşağa. Amma yenə də telefon gördüsə, almayana qədər sakitləşmir və bunu bütün uşaqlarda görürəm. Hətta sosial şəbəkələrdə də tez-tez bununla bağlı videolar çıxır qarşıma. Ancaq birmənalı şəkildə də pisləyə bilmərəm internetdən istifadəni, çünki həqiqətən də uşaqların dünyagörüşündə, həyatı, ətraf aləmi tanımasında böyük təsiri olur".

Mövqe.az saytının əməkdaşı Zülfiyyə Quliyeva:

"Bizim uşaqlar balaca olduğundan sosial şəbəkə istifadə etmirlər. Amma telefonda oyunlar oynayırlar. Əlbəttə ki, bu onların sağlamlığına təsir edir. Gecə əllərindən alıb, yatırda bilmirəm. Dərslərini tələsik hazırlayırlar, fikirləri telefonun yanında qalır. Gözləri qızarır".

Jurnalist Fəxriyyə Eyyubzadə:

"Bu gün elə bir zamanda yaşayırıq ki, sosial media nəinki uşaqlarımıza, bizim özümüzə də mənfi təsir göstərir. Belə ki, sosial media bizi dost, tanış və yaxınlarımızdan təcrid etməklə yanaşı, səhhətimizə də mənfi təsir göstərir. Amma bunun qarşısını almaq asan məsələdir. Təbii ki, iradəsi olan insanlar üçün. Mən elə insanlar tanıyıram ki, telefon onun üçün hava, su qədər dəyərli, siqaret qədər asılılıq yaradan amildir. Məsələn, mən övladlarımın 3-nə onlarla öz aramda müəyyən edilmiş vaxtda telefon verirəm. Televizora belə gün ərzində 1 saat baxa bilərlər. Qalan vaxtları isə onları öyrədici məşğələlərə, oyunlara cəlb edirəm. Elə vaxt olur ki, onlar üçün it, pişik, aslan, hətta oğru və ya polis oluram. Ümumiyyətlə, uşaqlara çox kiçik yaşlarda hüquq və öhdəliklərini öyrətmək, "olar" və "olmaz", nəyin hansı səbəbdən yarandığını izah etmək vacibdir ki, gələcəkdə belə problem yaranmasın".

Jurnalist Şərafət Şəfa:

"Doğrudur! Bu gün ən böyük problemlərdən biri də budur! Internet və telefon aludəçiliyi, deyərdim ki, bir çox uşaq və gəncləri uçuruma aparır. Təkcə sağlamlıqlarını almaqla yetmir, eləcə də mənəvi dəyərlərə və ətraf aləmə biganəlik sindromu yaradır. Bunu gördüyüm üçün övladlarımı bacardıqca sosial şəbəkələrdən uzaq tutmağa çalışmışam. Bu gün, demək olar ki, bütün ailələrdə bu problem var. Bunu zərərsizləşdirməyin yeganə yolunu uşaqları telefondan qoparıb mütalinə sevməyə yönləndirməkdi. Ağır iş olsa da, bunu etmək mütləq yaxşı nəticə verəcək!!! Çünki özüm belə etmişəm!"

"Sputnik Azərbaycan" informasiya agentliyinin əməkdaşı İradə Cəlil:

"Yox, mən usaqlarımda bu təsiri görmürəm. Çünki onların sosial şəbəkələrdən istifadəsini özüm idarə edirəm. Düşünürəm ki, bu, həqiqətən belədir. Hər bir yaşın öz inkişaf dövrü var. Bu inkişaf dövründə uşaq beynini nə ilə məşğul etdisə elə də davam edir. Məsələn, bu dövrdə dərs oxuyan uşaq bütün zamanını dərsə həsr edəcək və  uşağın beyni ancaq dərslə çalışır. O zamanını oyunlara sərf edirsə, ancaq oyunlar barədə düşünür. Buna görə də valideynlər diqqətli olmalı, uşaqlarının boş vaxtını idarə etməlidirlər".

"Sputnik Azərbaycan" informasiya agentliyinin əməkdaşı Rumiyyə Miraslan 

 “İki məktəbli övladı anası olaraq, deyim ki, bu məsələ mənimçün, bütün gücümü "səfərbər” etməmə baxmayaraq, böyük problemdir. Əsasən də 6-cı sinif şagirdi olan oğlum sosial mediadan, daha dəqiq desəm, yutubdan asılı vəziyyətə düşüb. Videolar çəkir, xüsusi oyunlar oynayır. Bu da təbii ki, həm səhhətinə, həm də dərslərinə mənfi təsir göstərir. Aqressivləşir, özünə qapanır, təmiz havada az olur, həmçinin dərsləri axsayır. Ona görə də oğlumun ancaq istirahət və tətil günlərində kompüterdən istifadə etməsinə izin verirəm. Ümumiyyətlə, çalışıram ki, bacardığım qədər uşaqlarımı kompüterdən, telefondan uzaq tutum. Qızımın 8-ci sinifdə oxumasına rəğmən, telefonu yoxdur. Əsla sosial şəbəkələrdən  istifadə etməsinə icazə vermirəm. Çünki sosial şəbəkələrdə əhalinin hər təbəqəsindən olan insanlar cəmləşib. Qorumasaq, nəzarət etməsək, övladlarımız səviyyəsiz, mahiyyətsiz, əxlaqsız insanların təsirinə düşə bilərlər. Bu, elə bir məsələdir ki, zərərsizləşdirməni dövlətdən və ya kimlərdənsə gözləmək olmaz. Birbaşa valideynlər özləri buna güclü nəzarət etməlidirlər. Məsələn, qızımın və ya oğlumun hansısa sinif yoldaşının sosial şəbəkədə hesab açdığını görəndə, əsəbiləşirəm. Düşünürəm ki, görəsən, 18 yaşı tamam olmamış uşağın sosail şəbəkədə hesab açmasına valideyni necə razı olub? Bu sualın cavabını axtaranda isə belə bir qərara gəlirəm ki, bu məsələdə aidiyyatı qurumlar da hansısa addımları atmalıdır. Ən azı sosial şəbəkələrdə filtirasiya sistemləri tətbiq olunmalıdır ki, valideyn nəzarəti olmayan uşaqları həmin filtirasiya sistemləri vasitəsilə qorumaq mümkün olsun”.

"Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sərdi Ülkər Abdullayeva: 

 "Biz uşaqlarımızı sosial mediaya yaxın buraxmırıq. Çünki bunun onların fiziki sağlamlığına, zehni qabiliyyətlərinin zəifləməsinə, psixologiyasına mənfi təsir etdiyini bilirik. Qohum və tanışların, eləcə də məktəb müəllimlərinin davamlı olaraq sosial mediadan istifadə edən uşaqlar haqqında dedikləri sözügedən hesabatda əksini tapanları təsdiqləyir. Düşünürük ki, bu hal internetdən və mobil tətbiqlərdən nəzarətsiz və məhdudiyyətsiz olaraq istifadə edən uşaqlarda yaranır. Biz uşaqları yalnız dərsləri üçün zəruri olan əlavə informasiyaları almaq, dizayn sahəsində qabiliyyətləri inkişaf etdirmək, xarici dil bilgilərini genişləndirmək, müxtəlif sənət nümunələrinin necə yaradıldığını öyrənmək, boş vaxtlarında musiqiyə qulaq asmaq və uşaq filmlərinə baxmaq üçün gadgetlərə yaxın buraxırıq. Bu zaman vaxt məhdudiyyəti tətbiq edirik. Onlara nadir hallarda kompüterdə oyun oynamaq fürsəti veririk. Kompüter oyunları seçəndə də çalışırıq ki, bu, daha çox onların zehni qabiliyyətini inkişaf etdirəcək oyunlar olsun. Məsələn, şahmat, qrafiklər qurmaq və s. kimi".

Jurnalist Esmira Qasımova:

"Mənim  qızım yalnız Instaqram istifadə eləyir. Yuxusuna və dərslərinə heç bir təsir göstərmir. Sağlamlıq problemi də yoxdur.

Narazılıq olarsa, ayıraram, oğlum isə daha çox yutub kanalından istifadə edir, öz kanalı var. Həmçinin bütün sənədli filmləri ordan izləyib, məlumatını artırır".

Yazar Şəbnəm Karslı:

"Ümumiyyətlə, telefon, tablet və ya komüterin uşaqlara verilmə saatları müəyyən edilməlidir. Ağlayan uşağı susdurmaq üçün telefonu müddətsiz əlinə vermək başlıca yanlışdır. Fiziki oyunlara yönləndirmək lazımdır. Bəlkə də bizdə əkiz uşaq olduğu üçün bir az daha çətin olub, indi də çətinlik davam edir. Amma bir yandan da oyun dostu olduqları üçün şanslı sayılırıq. Onların virtual dünyaya bağlı olmaması üçün əlimizdən gələni edirik. Bizim uşaq olanda yatma saatlarımız vardı. Bu gün də o qayda evimizdə davam edir, axşam 9 tamamda uşaqlar yatır. Səhər də heç bir problem olmadan oyanırlar. Valideynlərin məsuliyyət hissi olmalıdır, rejim tətbiq edilməli və fövqəladə bir vəziyyət olmadıqca bu rejim pozulmamalıdır. Hazırda 8 yaşları var, o rejim pozulmadan davam edir. Təəssüf ki, gecə gec saatlara qədər körpə uşaqları yatırmayan, rejim tətbiq etməyən valideynlər zamanla daha çox çətinliklə üzləşirlər. Bünövrə sağlam qurulmalıdır".

Jurnalist Maya Quliyeva:

"Sosial media  ümumilikdə həyatımızın  bir  parçası   deyil, artıq  tamı  olub. Böyüklərin  çoxunun işi  ilə əlaqəli istifadə etdiyi interneti  uşaqlar  oyun, film, sosial  aləmdə  tanışlıq, yazışma, gündəlik  şəkillərinin  paylaşılması  və s.  kimi dəxlisiz  istifadəsini  görürük. Uşaq   doğulanda  ata və ananın əlində  telefon  görür və  ağlayaraq  istəyinə çatıb  o telefonu  öz əlinə alır. İndi  bir  çox ailədə  necə  deyərlər körpənin əlində süd balonu və oyuncaq yerinə telefon  görmək  olar.  Hətta  -"bizim  uşaq interneti  sökür"  deyə  fəxr  edənlərimiz  də  az  deyil. Amma   bu  "fəxr "  uşağın  gələcəkdə Skolioz -  onurğa sütununun əyriliyi  xəstəliyi  olmamasına   zəmanət   verirmi?  Skolioz xəstəliyi xüsusən gənc və yeniyetmə yaşlarında özünü daha qabarıq büruzə verir. əyriliklər əsasən döş və bel nahiyələrində müșahidə olunur. Günün  yarıdan  çoxunu  komputer  və  telefonda başı  aşağı və oynadığı  oyunun  təsirindən  tam  stressdə   keçirən uşağın  həm  psixologiyasında, ətrafla  əlaqədə, əsəb və sinir  sistemlərindəki  problemlər, qumar  oyunlarına   meyillik, sürətli  maşınlara   meyillik, birinci  olmaq  üçün qarşısına   çıxanı  əzmək  bu  kimi  digər   pis vərdişlər  onun  gələcəkdə   əlbətdə  ki,  pis  örnək  olmayacağına   hardan  zəmanət  verə  bilər? Uşağın  gec  danışmasına {kiminlə  danışsın?}, qonaq  getdiyi   yerdə digər  uşaqlarla  da  ancaq aqressiv  olması. Uşaqlarımızı   sosial   aləmdən  uzaq   tutmaq   lazımdı. Bəli,  mən  özüm  şəxsən  icazə  vermirəm. Birlikdə  filmə  və ya başqa  bir  verlişə baxmaq,  elmdə  ya  da hansısa  maraqlı  bir  sahədə  yenilikləri   izləmək   olar. Amma  gününü   sosial  aləmdə  keçirtməsinə   tam qadağa qoymaq   lazımdı. Adi   bir   oğrunun  ölümü, etdiyi pis  əmələ  görə  ona  edilən "hörməti"  görən  şagird   kitab  alarmı  əlinə!? Biz  yaşda  valideynlərin   ən azından  uşaqlığı  yarı   müharibə  olsa   da   olub. Klas-klas, Zapaz, Gizlənqaç, Dəsmal  səndə, əl səndə, Bənövşə, Eşşəkbeli  və s  kimi oyunlarımız  olub. Bəs  indiki  uşaqların  uşaqlığı nə olub?  Gələcəkdə   bir-birinə   nə  danışacaqlar. Uşaqlıq   yaşamayan  uşaqlarımızın   biz  özümüz "qatili " olmayaq".

Faktor.az









Redaktorun seçimi