Türkiyədə təhsil alan azərbaycanlı tələbələr hansı problemlərlə üzləşirlər? - SORĞU - FOTOLAR

Hazırkı dövrdə təhsil almaq asan görünsə də, məsələnin pərdəarxası məqamları çoxdu. Çünki hər bir işin çətinlikləri var. Xüsusilə də, xarici ölkələrdə təhsil alan həmvətənlərimiz şübhəsiz ki, bir çox problemlərlə qarşılaşırlar. Azərbaycandan təhsil almaq üçün ən çox axın qardaş Türkiyəyədi. Bəs görəsən, orda təhsil alan tələbələrin çətinlikləri ən çox nəylə əlaqədardı?
Faktor.az saytı olaraq bununla bağlı Türkiyədə təhsil alan tələbələrdən sorğu götürdük.
Sorğunu sizə təqdim edirik:
Türkiyədə təhsil sahəsində hansı problemlərlə üzləşirsiniz?
Türkiyənin Qazi Universitetində jurnalistika fakültəsi üzrə magistr təhsili alan həmkarımız Fidan Afər:
"Tibbi xidmətlər bizim üçün problemdir. Yəni, dövlət sığortamız olmadığı üçün həkimə getdiyimizdə bizə bəzən üçqat, bəzən isə 10-12 qat artıq fiyat söylənilir.



Türkiyə və Azərbaycan mədəniyyətləri arasında ciddi toqquşmalar yaşanır. Qəbul etmək istəməsək də, biz Rusiya mədəniyyətinə daha yaxınıq.
Azərbaycan və Türkiyədəki ət arasında dad fərqi var. Bu səbəbdən Türkiyədə yeməklərə normadan artıq acı istiot vurulur. Çayları daha acı, meyvə-tərəvəzləri dərmanlıdır. Donuz əti yemədikləri üçün kolbasa kimi məhsullardan məhrum olursunuz. Qatılaşdırılmış süd (сгущенка) yoxdur. Keşniş, qırmızı çuğundur kimi təməl ehtiyacları mövsümə uyğun almaq olur.
Şəxsi avtomobil yoxdursa, bir yerdən başqa yerə getmək zülmdür. Tıxac, insanların çoxluğu, yolların uzunluğu, şəhərin böyüklüyü – hamısı insanın gününü məhv edir.
Türkiyədəki insanlar Azərbaycanın olduqca dindar və qatı müsəlman ölkəsi olduğunu düşünür. Azərbaycan dilini isə demək olar ki, başa düşmürlər.
Sadəcə turist kimi gəlib, burada yaşamaq istəyənlər üçün bir müddət əvvəl sərt qanunlar var idi. Pulunuz yoxdursa, “oturma izni” deyilən kartı ala bilmirsiniz. Yəni Türkiyədə də yaşamağa rəsmi olaraq icazə verilmir. Suriyadan gələn insanlar burda dövlətin yardımı ilə xan kimi yaşayır. Üstəgəl, ölkənin altını üstünə çevirirlər. Azərbaycanlılar üçün bu qədər qatı qanunların olması isə qəbulolunan deyil.
İxtisasınız üzrə işləmək üçün diplomdan əlavə bir az da təşəbbüskar olmaq lazımdır. Əks halda hər hansı işdə işləməli olacaqsınız. Bu isə bir müddət sonra insanı mənən yorur.
Vətəndaş olmadığınız üçün kredit kartı verilmir, bank işləriniz üçün başqalarına müraciət etməli olursunuz.
Təsadüfən bir nəfərlə dava etsəniz, haqlı olsanız belə sizi deportasiya ilə hədələyəcəklər.
Qısası, qürbətdə xan olunca, vətənində dilən gəz...".
Türkiyədə təhsil alan həmvətənimiz Anar Orucov:
" Əvvəlcə, Aksaray universitetinə gedəndə ev tuta bilmirdim. Çünki azərbaycanlılar evin parketindən tutma hər şeyini söküb satmışdılar. Ona görə yurdda qalmalı oldum. 500 manata gedim Türkiyədə oxuyum məsələsi də var. Azərbaycanlılara təqaüd də vermirlər. Narkotikdi, oğurluqdu hamısı var. Əsas problemlərdən biri də iş tapa bilməməkdi. Çünki sağ olsun azərbaycanlılar burda hamıya fırıldaq gəliblər. Türklər də deyir, azərbaycanlılar kafedə işləyə bilməz".
Firuzə Firdevs // Faktor.az


