“Saçım saçın olsun”- Örnək
Saçlarını xərçəng xəstəsinə bağışlayan Səmanur Niftəliyeva: “Ən çox dəyər verdiyin əşyanı da ehtiyacı olan insanlarla paylaşmağı bacarmalısan”
Bu dəfə "Örnək” rubrikasının qonaqları xərçəng xəstələrinə təmənnasız motivasiya verən və ümid olan "Saçım saçın olsun” layihəsinin rəhbəri Sevinc Məmmədova və saçını bağışlayan Səmanur Niftəliyevadır.
"Qoy bütün qadınlar gözəl olsun”
Layihə rəhbəri Sevinc orta təhsillidir. İki yerdə işləyir. Gündüzlər bir restoranda aşpaz köməkçisi, saat 19:00-dan gecə yarısına qədər ayıq sürücü xidmətində operator kimi çalışır. İş qrafiki gərgin olsa da, könüllü şəkildə xəstələrə ümid olmaq üçün də işləyir. Deyir ki, bir xərçəng xəstəsi üçün saçının tökülməsinin necə travma olduğunu öz həyatından bilir: "Anam da xərçəng xəstəsi olub. Onun saçları töküləndə çox sarsılmışdı. Öz saçını özü qırxmışdı. Üstündən çox vaxt keçib, amma o mənzərəni hələ də unuda bilmirəm. Mən bilirəm qadın üçün saçlarını itirmək nə deməkdir. Onsuz da xəstəliyin ağırlığı onları incidir. Bir də keçəlliyə görə, onların cəmiyətdən xaric olmasını, insan içinə çıxmağa utanmasını istəmirəm. Qoy bütün qadınlar gözəl olsun”.
Ümid, sevinc, motivasiya…
Sevinc layihəni həyata keçirərkən ilk vaxtlar usta tapmaqda çətinlik çəkib: "Layihəyə dəstək gözlədiyimdən də çox gəldi. Xanımlar, qızlar dəstək oldular, paylaşdılar. Lakin ilk günlər saç ustası tapmaqda çətinlik çəkirdim. Evimdə bağışlanan xeyli saç olsa da, həmin saçlardan təmənnasız parik hazırlamağa könüllü ustalar tapa bilmirdim. Amma bu işi öhdəsinə götürəcək salon da, saç ustaları da tapdım. Artıq həmrəy olub, xərçəng xəstələrinə motivasiya verə bilirik”.
"Səmanur kimi azyaşlının bunu dərk etməsi çox önəmlidir”
Səmanurun saçlarını bağışlamasına gəldikdə isə, Sevinc deyir ki, azərbaycanlı uşaqların belə böyük ürəyə sahib olmaları çox sevindiricidir: "Səmanurun qeyd etdiyi 6 yaşlı qız uzun saçlarının olmasını çox istəyirdi. Aksiyanı gördükdən sonra mənə xəstəxanadan səs atmışdı ki, saçlarının uzun olmasını çox istəyir. Bununla bağlı ailəsi Səmanura məlumat verib. O da saçlarını bağışladı. Balaca qızcığaz o qədər sevindi ki... Səmanur kimi azyaşlının bunu dərk etməsi çox önəmlidir”.
"Bizim üçün dəyərli olan əşyamızı paylaşmaqdan çəkinməmişik”
Örnək uşaq yetişdirən Səmanurun atası Qəşəm Niftəliyevlə söhbətləşirik. Deyir ki, uşaqlıqdan xəstə olduğu üçün xəstəlikdən əziyyət çəkən insanları anlayır: "Mən uşaqlıqdan həm kasıb ailədə böyümüşəm, həm də xəstə olmuşam. Bu həyatı yaşayan xəstələrin vəziyyətini daha yaxşı anlayıram. Xərçəng xəstələrinin vəziyyəti isə nisbətən kritikdir. Səmanur gözünü açandan ailədə paylaşmağı görüb, öyrənib. Biz kənddən Bakıya təzə gəlmişik. Evimizdə artıq nəyimiz olubsa, onu ehtiyacı olanlarla paylaşmışıq və bunu da övladlarımıza aşılamışıq. Uşaq görüb ki, bizim üçün dəyərli olan əşyamızı, ərzağımızı belə, paylaşmaqdan çəkinməmişik. Adətən insanlar bir-birlərinə xoşlamadıqları hədiyyələri verir, ən sevdiklərini özlərinə saxlayırlar. Biz isə daha çox istədiyimizi vermişik. Həmişə inanırıq ki, Allah heç bir yardımı qarşılıqsız qoymur”.
"Saça hələ də namus kimi baxırlar”
Həmsöhbətimiz deyir ki, saçın bağışlanması kənd yerində o qədər də yaxşı qarşılanmayıb: "Kəndin bəzi yerlərində geri düşüncəli insanlar saça hələ də namus kimi baxırlar. Bilirdim ki, biz tərəf yaxşı qarşılamayacaq. Amma önəmli olan bizim düşüncəmiz və qərarımızdır”.
Uşaqların tərbiyə məsələsinə gəldikdə isə, həmsöhbətimiz deyir ki, informasiya bolluğunun tüğyan etdiyi dövrdə uşaq tərbiyə etmək asan deyil. Onun sözlərinə görə, əvvəllər uşağın tərbiyəsindən ananı cavabdeh tuturdularsa, indi ata da ana qədər məsuliyyətli olmalıdır: "Uşaq tərbiyəsi toplumumuzda anaların öhdəliyinə atılıb. Amma mən bu fikirlə heç vaxt razı olmamışam. Çünki ata da ana qədər məsuliyyətli olmalı, əl-ələ verib cəmiyyət üçün xeyirli övlad yetişdirməlidirlər. Bu dövrdə uşaq tərbiyə etmək asan deyil. İnternet, telefon, seriallar artıq həyatımızın bir parçasına çevrilib. Bunun üçün övlad tərbiyəsində diqqətli olmalıyıq”.