“Clarivate Analytics” şirkətinin eksperti ADU-da təlim keçib

Hit: 206
“Clarivate Analytics” şirkətinin eksperti ADU-da təlim keçib

Oktyabrın 16-da Azərbaycan Dillər Universitetində (ADU) Elmi əməkdaşlıq şöbəsinin təşkilatçılığı ilə Amerikanın “Clarivate Analytics” şirkətinin Rusiya bölməsinin elmi informasiya resursları üzrə eksperti, linqvistika üzrə fəlsəfə doktoru Lera Kurmakaeva universitetin doktorantları və gənc tədqiqatçılarına “Beynəlxalq elmi jurnallarda nəşrlərə dair əsas tələblər” mövzusunda təlim keçib.

L.Kurmakaeva 16-19 oktyabr tarixlərində Bakıya səfəri zamanı “Beynəlxalq elmi jurnalların tələbləri və elmi məqalələrin yazılma qaydaları: Gənc alim və tədqiqatçılara dəstək” layihəsi çərçivəsində paytaxtın bir sıra aparıcı universitetlərində silsilə təlimlər keçir.

Təlimin əsas məqsədi mühüm elmi-tədqiqat nəticələrinin əldə olunmasında və təbliğində böyük imkanlara malik olan beynəlxalq elmi bazaların imkanlarından istifadə metodları, yüksək indeksli beynəlxalq jurnallarda məqalələr üçün qoyulan tələblər, müasir beynəlxalq jurnalların idarəedilmə prinsipləri və s. mövzularla bağlı gənc alim və tədqiqatçıları maarifləndirməkdən ibarətdir.

Rus dilində aparılan təlim iki hissədən ibarət olub.

Təlimin birinci hissəsində təlimçi Lera Kurmakaeva “Web of Science” platforması və onunla əlaqəli resurslarla iş üzrə istiqamətlərin verilməsi, platformada axtarışın səmərəli aparılması, ən nüfuzlu jurnalların və yüksək istinadlı məqalələrin axtarılıb tapılması, platformada qeydiyyatdan keçmək və s. məsələlərlə bağlı məlumat verib.

İkinci hissədə isə “Web of Science” platformasına daxil olmaq üçün jurnallar, eyni zamanda, çap olunacaq məqalələr qarşısında qoyulmuş tələblər, elmi məqalələri təqdimetmə qaydaları, seçim meyarları və digər praktiki məsələlər haqqında danışıb.

Təlimin davamında iştirakçıları maraqlandıran suallar cavablandırılıb.









Redaktorun seçimi