Gömrük-sərhəd buraxılış məntəqələrinin fəaliyyəti yeni tələblərə uyğun qurulur

Hit: 459
Gömrük-sərhəd buraxılış məntəqələrinin fəaliyyəti yeni tələblərə uyğun qurulur

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində gömrük-sərhəd buraxılış məntəqələrində "bir pəncərə" üzrə "bir inspektor - bir nəqliyyat vasitəsi" prinsipinin tətbiqi mövzusunda təlim keçirilir.
Təlimdə Dövlət Gömrük Komitəsinin gömrük-sərhəd buraxılış məntəqələrində çalışan 20-dən çox əməkdaşı iştirak edir.
Təlimdə qeyd edilib ki, gömrük sistemində aparılan islahatlar çərçivəsində həyata keçirilən innovativ layihələrdən biri də "bir pəncərə" üzrə "bir inspektor - bir nəqliyyat vasitəsi" prinsipidir.
Əvvəllər gömrük-sərhəd keçid məntəqələrində "bir pəncərə" prinsipi üzrə işləri bir neçə əməkdaş görürdüsə, artıq bu işləri bir əməkdaş təkbaşına icra edəcək. Belə ki, indiyədək malların və nəqliyyat vasitələrinin qeydiyyatı, sanitar, fitosanitar, gigiyenik və baytarlıq xidmətləri, eləcə də yol vergiləri və icazə blankları üzrə qeydiyyat işlərilə Dövlət Gömrük Komitəsinin bir neçə əməkdaşı məşğul olurdu. Xidmət zamanı bir neçə prosesin fərqli əməkdaşlar tərəfindən icrası müddətində vaxt itkisi yaranırdı. Bundan sonra isə bu işlərin bir gömrük əməkdaşı tərəfindən görülməsi nəticəsində vaxt itkisinin qarşısı alınacaq, bu yenilik bütün inspektorların eyni bacarığa malik olmasına, daha çox insana xidmət etməsinə rəvac verəcək və vətəndaş məmnunluğu təmin ediləcək.
Təlimdə ekspertlər tərəfindən "bir pəncərə" üzrə "bir inspektor - bir nəqliyyat vasitəsi" prinsipinin konsepsiyasına dair ümumi məlumat və gömrük-sərhəd buraxılış məntəqələrində nəqliyyat vasitələrinin və malların qeydiyyatının aparılması, yol vergilərinin hesablanması, icazə blanklarının tətbiqi üzrə biliklərin artırılması istiqamətində geniş məlumat verilir.
Təlim müddətində iştirakçılara fəaliyyətlərini "bir pəncərə" üzrə "bir inspektor - bir nəqliyyat vasitəsi" prinsipinə uyğun qurmaq vərdişləri aşılanacaq.
Hazırda təlimdə iştirak edən ilk qrup ilə çalışmalar oktyabrın 19-dək davam edəcək. Təlim hər həftə yeni qrupun iştirakı ilə 1 ay davam edəcək.









Redaktorun seçimi