Universitetə qəbul olub, amma hərə bir qapı göstərir - VİDEO

18 dəfə oxunub
Universitetə qəbul olub, amma hərə bir qapı göstərir - VİDEO

Azərbaycanda magistraturaya qəbul olan Orxan Nərimanzadəseçdiyi ixtisas üzrə təhsil ala bilmir. Tələbə bütün prosedurlardan keçsə də, qəbul olduğu universitet onun ixtisasının tədris olunmadığını bildirib.

Şikayətçi Rəssamlıq Akademiyasının dekorativ-tətbiqi sənət və bədii keramika fakültəsinin bakalavr dərəcəsini bitirib. Daha sonra o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə eyni ixtisas üzrə magistr dərəcəsinə qabiliyyət imtahanı verib və qəbul olunub. Müsahibimiz universitetdə qeydiyyatdan keçib, təhsil haqqını ödəyib, dərs ili başlayanda isə.... 

“Mənə dedilər ki, sənin daxil olduğun ixtisas bizdə tədris edilmir. Sən ancaq bədii xalça və qabiliyyət ixtisaslarından birini seçə bilərsən. Mən keramikanı bitirmişəmsə, xalçaçı və ya başqa ixtisasda ola bilmərəm. Bu, düz gəlmir. Jurnalda dekorativ sənət sahələri üzrə yazılır. Mən orada yenidən ixtisas seçimi etməli deyiləm.

Bu ixtisas üzrə qabiliyyət imtahanı vermişəmsə, bura da qəbul olunmalıyam. Çünki o yeri mənə İmtahan Komissiyası göstərir ki, sən buraya qəbul ola bilərsən. Qəbul oldum. Bəs qəbul olduğum yerdə ixtisas niyə yoxdur?”

Orxan Nərimanzadə bununla bağlı aidiyyəti qurumlara rəsmi şəkildə müraciət edib. Amma məsələ öz həllini tapmayıb. Qurumlar bu problemi bir-birinin üzərinə ataraq, mövcud vəziyyətin aradan qaldırılması üçün heç bir kömək göstərməyib:

“Məni İncəsənət Universitetindən İmtahan Komissiyasına göndərirlər, İmtahan Komissiyası deyir, bizlik deyil. Bizə planı İncəsənət Universiteti verir. Biz də o planı Nazirlər Kabinetində təsdiqləyirik və jurnallarda qeyd edirik. Təhsil Nazirliyinə müraciət etdim, dedilər ki, İncəsənət Universitetinin səhvidir, o, ümumiyyətlə, bu məsələ ilə maraqlanmadı. Daha sonra qaynar xəttə zəng vurdum. Dedilər, arxivə göndərilib. Məsələ həll olunmayıbsa, necə arxivə göndərilə bilər?”

Bu gün İncəsənət Universitetinin prorektoru məni çağırıb, “biz məsələni araşdırmışıq, sənə bu ixtisas üzrə tədrisin olmadığı barədə məlumat vermişik. Ancaq sən yenidən bu universiteti yazmısan”, - deyiblər. Ancaq bu, həqiqəti əks etdirmir. Mənə belə bir şey deyilməyib. 

Şikayətçi həmin ixtisas üzrə Rəssamlıq Akademiyasına keçid edilməsini tələb etsə də, təklifi  qəbul olunmayıb. 

Məsələni araşdırmaq üçün adıçəkilən qurumlara, ilk olaraq isə Dövlət İmtahan Mərkəzinə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirdi ki, Dövlət İmtahan Mərkəzi tərəfindən hansısa bir yanlışlığa yol verilməyib.

O, jurnalda  dekorativ tətbiqi sənətin olduğunu təsdiqlədi və bildirdi ki, Orxan Nərimanzadə həmin ixtisasa qəbul olub.

“Bəli, jurnalda dekorativ sənət ixtisası var. Tələbə Rəssamlıq Akademiyasına daxil ola bilməyib, əvvəl onun müsabiqəsində iştirak edib. Müsabiqədən keçə bilməyib, sonra boş qalan plan yerlərinin müsabiqəsində özü götürüb Mədəniyyət və İncəsənət universitetinin dekorativ-tətbiqi sənətini yazıb. Oraya qəbul olub.

Bizim tərəfimizdən hər hansı bir yanlışlıq, pozuntu yoxdur. Tədrisin təşkili məsələsi DİM-in səlahiyyətində olan məsələ deyil. Bu tədrisi ali təhsil müəssisəsində təşkil edirlər”. 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat xidmətinin rəhbəri Nərmin Qaralova məsələ ilə bağlı bildirdi ki, tələbə Orxan Nərimanzadə universitetdə həmin ixtisasın olmadığını bildiyi halda, seçim edib:

“2000-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dekorativ-tətbiqi sənət və bədii keramika fakültəsi tədris edilmir. Tələbə Nərimanzadə Orxan Əkrəm oğlu həmin fakültənin olmadığını bildiyi halda seçim edib”.

Ümid edirik ki, məsələ tezliklə öz həllini tapacaq. Əks halda, Orxan Nərimanzadə məhkəməyə müraciət edəcəyini bildirib. 

Baku TV əməkdaşlarının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:



Redaktorun seçimi