Azərbaycanda işsiz vətəndaşlara ŞAD XƏBƏR

4785 dəfə oxunub
Azərbaycanda işsiz vətəndaşlara ŞAD XƏBƏR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində 2018-ci il üzrə işsiz və işaxtaran vətəndaşlara mal və materialların verilməsinə başlanılıb.

ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ilk olaraq Cəbrayıl rayonu üzrə 123 nəfər (Biləsuvar rayonu, 5 saylı qəsəbə), Füzuli rayonu üzrə 108 nəfərə, ümumilikdə 231 şəxsin əsasən heyvandarlıq üzrə kiçik ailə təsərrüfatlarını qurmaları üçün mal və materiallarla təmin olunması nəzərdə tutulub. Bu gün artıq onlardan bir qrupuna iri və xırda buynuzlu mal-qara verilib və digərlərinə də yaxın bir neçə gündə təqdim olunacaq.

Məlumatda bildirilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən ölkədə icrasına başlanılan özünüməşğulluq proqramı mühüm sosial-iqtisadi əhəmiyyəti ilə seçilir. Proqram aztəminatlı ailələrin dövlətin dəstəyi ilə fərdi təsərrüfatlara sahib olmalarına, onların gəlirlərini artırmaqla, dövlət sosial yardım proqramından asılılığının aradan qalxmasına, sahibkarlığa çıxış imkanı qazanmalarına şərait yaratmaqdadır.

Ötən il özünüməşğulluq proqramına 1200 nəfər cəlb olunsa da, bu il bundan dəfələrlə çox olmaqla özünüməşğulluq proqramına 7 minədək işsiz və işaxtaran vətəndaşın cəlb olunması nəzərdə tutulub. Artıq özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensialları olan 7300-dən çox vətəndaş seçilərək proqram üzrə təlimlərə cəlb olunub. Onlardan təlim kursunu bitirən və qiymətləndirmələr zamanı biznes planları uğurlu hesab edilənlərin hər biri mal və materiallarla təmin olunacaq, kiçik ailə bizneslərinin yaradılması üçün köməklik ediləcək.

 

Bu istiqamətdə ilk işlərə Cəbrayıl və Füzuli rayonları üzrə başlanılması məcburi köçkünlərin, habelə cəbhəyanı ərazilərdə yaşayanların sosial müdafiəsinin daim diqqət mərkəzində saxlandığını bir daha göstərir. Hər iki rayon üzrə proqram iştirakçıları məcburi köçkünlər olmaqla yanaşı, onların sırasında 50 nəfər əlilliyi olan şəxs, 8 şəhid ailəsi üzvü, 76 nəfər sağlamlıq imkanları məhdud uşağı olan valideyn və başqaları var. Eyni zamanda, 231 nəfər iştirakçıdan 63 nəfəri qadın, 71 nəfəri gəncdir. Verilmiş mal və materialların hesabına reallaşdırılan biznes planların böyük əksəriyyəti kənd təsərrüfatı sahələrini əhatə edir.

Proqram iştirakçıları onlara verilmiş mal və materiallardan düzgün və səmərəli istifadə edəcəklərini, bu gün dövlətin dəstəyi ilə yaratdıqları fərdi təsərrüfatlarını daim inkişaf etdirmək və gələcəkdə genişləndirmək, öz zəhmətləri ilə ailə gəlirlərini artırmaq üçün səylə çalışacaqlarını vurğulayıblar.



Redaktorun seçimi