İki marşrut xətti birləşdirilərək "BakuBus"a verildi - VİDEO

Hit: 435
İki marşrut xətti birləşdirilərək "BakuBus"a verildi - VİDEO

Sabunçu dairəsindəki dayanacaqların yeri dəyişdirilir.

Faktor.az xezerxeber.az-a istinadən bildirir ki, Zabrat şosesinin Heydər Əliyev prospekti ilə kəsişən hissəsində, yerüstü piyada keçidinin yaxınlığındakı ərazidə günün pik saatlarında xeyli tıxac yaranırdı. Buna səbəb kimi də həmin ərazidəki dayanacaqlar, eləcə də orada avtobuslar və digər nəqliyyat vasitələrinin saxlanılması göstərilirdi. Bakı Nəqliyyat Agentliyi tərəfindən problemin aradan qaldırılması üçün layihə hazırlanıb və işlərə başlanılıb. Zabratdan şəhər istiqamətində gedən hissədə, yerüstü piyada keçidindən sonrakı boş ərazidə cib tipli dayanacaq məntəqəsi quraşdırılır. Keçidin altındakıdayanacaq pavilyonu da həmin əraziyə köçürüləcək. Həmin hissədə işlərin 80 faizi yekunlaşıb. Ardınca isə yolun əks tərəfində işlərə başlanılacaq.

İşlərin 1 həftəyə yekunlaşdırılması nəzərdə tutulub. Heydər Əliyev və Babək prospektlərinin Yusif Səfərov küçəsi ilə kəsişməsində, Fəzail Bayramov küçəsindəki yolötürücü qovşağın altında isə hərəkətin təşkili dəyişdirilir. Fəzail Bayramov küçəsində geriyədönmə yeri təşkil edilir ki, bunun sayəsində də sürücülərin Yusif Səfərov küçəsinə çıxışı asanlaşacaq.

Paytaxt nəqliyyatındakı digər dəyişiklik isə 20 və 94 nömrəli müntəzəm marşrut xətləri ilə bağlıdır. Bu marşrut xətləri ilə bağlı müsabiqəyə yekun vurulub. Müsabiqənin nəticələrinə əsasən hər iki marşrut üzrə sərnişindaşıma xidmətləri "BakuBus" MMC tərəfindən həyata keçiriləcək.

Bu marşrut xətlərinin son dayanacaq nöqtəsi isə Metronun "Əhmədli" stansiyası olacaq.

Bundan əlavə, daha bir marşrut xətti üzrə gedişhaqqının ödənişi "BakıKart" vasitəsi ilə həyata keçiriləcək. Bu gündən etibarən 199 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslarda nağdsız ödəniş sistemi tətbiq ediləcək. Xəttə texniki baxımdan saz vəziyyətdə olan və validatorla təchiz edilən nəqliyyat vasitələri buraxılacaq. 199 nömrəli marşrut xəttinin hərəkət sxeminə uyğun dayanacaqlarda ödəmə terminallarının qoyulması ilə bağlı tədbirlər görülür. Bununla da nağdsız ödəniş sistemi ilə çalışan marşrut xətlərinin sayı 23-ə çatıb.









Redaktorun seçimi