Azərbaycanda icra hakimiyyəti ləğv edilir, iddia - Gözlər İlham Əliyevdə

Hit: 11500
Azərbaycanda icra hakimiyyəti ləğv edilir, iddia - Gözlər İlham Əliyevdə

Politoloq: “Kompüter idarəçiliyi indi Azərbaycan üçün daha sərfəlidir”

Gəncənin icra başçısı Elmar Vəliyevin güllələnməsindən sonra ictimaiyyətdə yenidən icra başçılarının xalqla, vətəndaşla davranışı məsələsi gündəmə gəldi. Doğrudur, Elmar Vəliyevin vurulmasının arxasında üçüncü qüvvələrin olduğu qeyd edilir. Ancaq bununla yanaşı, sosial şəbəkələrdə gəncəlilər Vəliyevin nöqsanlı fəaliyyəti barəsində də çoxsaylı statuslar yazırlar.

Azərbaycanda hazırkı vəziyyətdə demək olar ki, icra başçıları xalqla dövlətin sərhədində yerləşirlər. Yəni hər hansı bir icra başçısının bölgədəki qeyri-etik hərəkəti, vətəndaşı, sahibkarı təhqir edən, incidən davranışı xalqda birbaşa olaraq dövlətə qarşı aqressiya yaradır. Bunu nəzərə alsaq, demək olar ki, hazırda bəzi icra başçılarının özbaşına fəaliyyətləri dövlətimiz üçün təhlükə yarada bilər.

Son aylar hökumət kabinetində qeydə alınan dəyişikliklər insanlarda yerli icra hakimiyyəti başçıları korpusunda da yeniləşmə olacağına dair inamın yaranmasına səbəb olub. Hökumətin tərkibində ciddi kadr islahatları həyata keçirilib, dəyişikliklər edilib. Xüsusilə də ötən illərdə yaradılan “ASAN Xidmət” modeli insanlar tərəfindən də müsbət qarşılanıb. Bəs icra hakimiyyətlərinin necə, “ASAN model”ə keçirilməsi mümkündürmü?

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu bildirib ki, gerçəkdən də bəzi icra başçılarının hərəkəti dövlətimiz üçün ciddi təhlükə yarada bilər: “Əvvəla, arzu edirəm ki, prezidentin bəlli müşavirədə məmurların ünvanına səsləndirdiyi tənqidi fikirlər son tənqidlər olsun. Yəni Azərbaycanda elə vəziyyətdir ki, artıq o səviyyədə olan məmurların qüsurları ciddi faciəyə səbəb ola bilər. Əgər istəyiriksə ki, icra başçılarının, məmurların fəaliyyəti yüksək səviyyədə olsun, bunun üçün Azərbaycanda elə də böyük iş görməyə ehtiyac yoxdur. Bütün bu məsələləri yoluna qoymağın sadə həlli var. Heç bir icra başçısı hansısa rayonda qapını sındırıb, icra hakimiyyətini zəbt etməyib. Bunun yolları var və prezidentə elə adamların namizədliyi gedən yerdə hansısa yol qırılmalıdır. Elə orijinal adamları tapıb həmin vəzifəyə qoyublar ki, adam təəccüblənir.

Mübariz Əhmədoğlu ile ilgili görsel sonucu

Təəccüblənir ki, məmurlarımız gör nə qədər əziyyət çəkib, belə orijinal, nüsxə adamı tapıb icra başçısı qoyublar. Azərbaycan xalqı prezidenti dəstəkləyir və bunu ölkə zülmətə qərq olanda da gördük. İşıqlar sönəndə sakitlik heç də əhalinin təbiəti və digər məsələlərlə bağlı deyil, prezidentin siyasətinə dəstəklə əlaqəli idi. Ancaq hər gün problem yaranarsa, vəziyyət dəyişə bilər. Elmar Vəliyevi düşünürəm ki, radikal düşüncə daşıyıcıları vurublar. Buna zərrə qədər şübhəm yoxdur. Ancaq bir məsələ də var ki, yəqin bu qüvvələr hərəkətlərini əsaslandırıb deyirlər ki, Vəliyevin filan yerlərdə nöqsanı olub. İcra başçısı qoyulan zaman elə adamlar seçilməlidir ki, onun ilk növbədə şəxsiyyəti və fəaliyyəti mümkün qədər az qüsur yaratsın. Çünki başımızın üstündə qonşu dövlət var və istənilən qüsurdan istifadə edirlər. Hər yerdə o adamları gözləmək mümkündür ki, onlar vadar etsinlər ki, rayon rəhbərləri səhvə yol versin. Ancaq onu da deyim ki, bizim rayon rəhbərlərinin də əksəriyyəti elə səhv etmək üçün hazır vəziyyətdə dayanıblar”.

Politoloq qeyd edib ki, rayonların idarə edilməsində ciddi islahatlara ehtiyac var: “Rayonların ”ASAN Xidmət" modeli əsasında idarə edilməsi çox mümkün olan bir işdir. Buna elektron hökumət desək, daha doğru olar. MDB məkanında ilk dəfə elektron hökumət Azərbaycanda qurulub. Ölkəmizdə tam təkmil formada elektron hökumət var və 10-12 ildir ki, fəaliyyətdədir. Azərbaycanın istənilən kəndində baş verən hadisə barəsində 10 dəqiqə sonra Prezident Administrasiyasının ərazi üzrə müvafiq şöbəsində məlumat olur. Bundan 10 dəqiqə sonra administrasiyanın rəhbəri, daha sonra isə prezident məlumat alır. Elektron hökumət sistemi İlham Əliyevin Azərbaycanda qurduğu ilk sistemlərdən biridir. Sadəcə olaraq, bu barədə geniş məlumat verilmir. Hər bir kənddə operator məlumatları yığıb mərkəzə göndərsə, bu, daha yaxşı idarəçilik olar. Kompüterin qardaşı, bacısı yoxdur ki, rüşvətxorluq, qohumbazlıq edə. Ona görə də kompüter idarəçiliyi indi Azərbaycan üçün daha sərfəlidir. Onsuz da icra başçılarının elə də böyük səlahiyyətləri yoxdur. Onların da işi məlumatları toplayıb, yuxarı ötürməkdir. Yuxarının tapşırığı olmadan icra başçısı qərar qəbul edə bilməz. Bir-iki kiçik məsələ var ki, onların səlahiyyətlərində yalnız budur. İndi bir-iki kiçik səlahiyyətdən ötrü əksər icra başçıları ölkə prezidenti, dövlət üçün bu qədər problem yaradırsa, bu sistemin olmasındansa, olmaması yaxşıdır. Yaxud da seçki sisteminə keçmək lazımdır və hər rayon da özünə müvafiq bildiyi şəxsi icra başçısı seçməlidir. İcra başçısı da bilər ki, adamlardan asılıdır. Bu gün hansısa biznesmendən pul alacaqsa, qonşular biləcək. Bu qaydada ictimai nəzarət yaratmaq lazımdır. İcra başçılarının çox ciddi islahatlara ehtiyacı var. Bu adamların böyük əksəriyyəti qaldıqca, ölkə üçün problem yaradacaqlar. İnanın ki, bu dəqiqə elə rayonlarımız var ki, orada yaranan problem zəncirvari hala çevrilib, ölkəyə böyük problem gətirə bilər". Y.M.









Redaktorun seçimi