"Məktəbdə kim olduğumu bilmirdilər" - Rafael İsgəndərovun qızı

Hit: 1697
"Məktəbdə kim olduğumu bilmirdilər" - Rafael İsgəndərovun qızı

Faktor.az Azərbaycanın Əməkdar artisti Rafael İsgəndərovun qızı Gülarə İsgəndərova ilə müsahibəni təqdim edir.

- Salam, Gülarə xanım.

- Salam, xoş gördük.

- Özünüz haqqında oxuculara bir qədər məlumat verərdiniz...

- Hüseynli Gülarə Rafael qızı 1993-cü il 30 sentyabr tarixində Bakıda anadan olmuşam. Orta təhsilimi 201 nömrəli orta məktəbdə almışam. 2011-ci ildə müəyyən səbəblərdən Azərbaycan Maliyyə-İqtisad texnikumuna daxil olub, 2013 -cü ildə bitirmişəm. Ardınca 2013-2014-cü illərdə Azərbaycan Beynəlxalq bankında təcrübə keçmişəm. 2014-cü ildə anidən verdiyim qərarla imtahan verərək, Azərbaycan Kooperasiya Universitetinin “Dünya Iqtisadiyyatı və Kommersiya” fakültəsinə daxil olmuşam. Hazırda 4-cü kurs tələbəsiyəm. Bununla yanaşı, həm Rus dili müəlliməliyi, həm də yazarlıqla məşğulam. Kitablarım Türkiyə türkcəsində yazılıb və Türkiyədə satışdadır. Yaxın zamanda Azərbaycan dilində də çap etdirəcəm. 

- Yazmaq istəyi və istedadı necə yaranıb?

- 2011-ci ildən kitab oxumaq vərdişim yarandı və əksəriyyəti Türkiyə türkcəsində idi. Bu dildə oxumaq daha rahat idi. Bir müddət sonra düşüncələrimin bu dildə olduğunu anladım və telefona qısa qeydlər yazmağa başladım. Bununla da yazıya qarşı həssas olduğumu anladım. 

- Gülarə xanım bu sənəti seçməsəydi, kim olmaq istəyərdi?

- Yəqin ki, həkim və ya şirniyyat kafesinin sahibəsi olardım. Əslinə qalsa, indi də sırf bu işlə məşğul deyiləm. Universiteti bitirəndə yenidən bank işinə qayıtmağı düşünürəm.

- Başqa istedadlarınız nələrdir? 

- Yaxşı şiriniyyatlar bişirirəm, ağ parça üzərində fərqli rəsmlər işləyə bilirəm. 

- Neçə kitabınız işıq üzü görüb?

- 2 kitabım - "Gülüm" və "Ay balam" Türkiyədə nəşr olunub. 

- Kitabları yazarkən, ümumiyyətlə, elə əlinizə qələm alanda nələrdən ilham alırsınız?

- Açığı, bunun cavabını özüm də bilmirəm. Yazmaq istəyəndə düşündüklərimi kağıza köçürürəm. 

- Sizcə, kifayət qədər uğurlu insansınız?

- Məni qane edəcək qədər uğurlu olduğumu düşünürəm. İlk növbədə allah mənə istədiklərimin hamısını verib. Ən önəmlisi həyat yolumda allaha ibadət etdiyim üçün çox şanslıyam. Bu hər adama qismət olmur.

- Kimdən və ya nədən güc alırsınız? 

- İlk növbədə allahdan, sonra isə ailəmdən güc alıram. Daha sonra isə bir az da müasir tələblərə uyğun olaraq, Hind aktyoru Şahrux Xan və azarkeşi olduğum futbol klubu "Real Madrid"dən.

- Sizi nələr məyus edə bilər? 

- Hələ də həyata keçməyən arzularım var ki, onları etməsəm, həqiqətən məyus olaram. 

- Ən yaxşısı üçün özünüzü necə motivasiya edirsiniz?

- Qarşıma məqsəd qoyuram və ciddi cəhdlə ona nail olmaq üçün əlimdən gələni allahın da köməkliyi ilə başa vururam.

- Bəyənmədiyiniz zəif cəhətləriniz hansılardır? 

- İnsanlara çox tez inanıram və xarakter baxımından kövrəyəm. 

- Bundan sonrakı planlarınız və məqsədlərinizdən danışaq...

- Əsas məqsədim övladıma yaxşı ana ola bilməkdir. 

- Şirniyyat bişirməyi bacarırsınızsa, deməli, evdarlığınız da var.

- Evdarlığım yaxşıdır, amma etiraf edim ki, şirniyyatı daha yaxşı hazırlayıram, nəinki yeməkləri. 

- Pul yoxsa, uğurlu kariyera?

- Təbii ki, işimi daha yüksəklərə qaldırmaq daha önəmlidir. 

- Rafael bəyin qızı olmaq sizə nələr qazandırıb və ya əksinə, hansı maneələri törədib? 

- Əslində Rafael bəyin qızı olaraq, nə isə qazanmamışam. Atam hər zaman maddi baxımdan mənə dəstək olub. Digər uğurlarımın altında isə öz imzam var. Kitabım təqdim olunandan sonra tanınmışam, amma oxuduğum məktəbdə belə kim olduğumu bilmirdilər. Çünki heç vaxt bununla lovğalanmaq istəməmişəm. 

- Hamımızın həyatını ələ keçirən sosial şəbəkələr sizin həyatınza necə təsir edib?

- "Həyatımı işğal edib" desəm, yalan olar. "İnstagram" istifadəçisiyəm, o da qədərində. 

- Təşəkkür edirəm! 

- Mən təşəkkür edirəm. Xoş oldu. 

Bəsti İsrafilova//Faktor.az









Redaktorun seçimi