Cümhuriyyət iqtisadiyyatında xarici kapital və ixrac potensialı

Hit: 2642
Cümhuriyyət iqtisadiyyatında xarici kapital və ixrac potensialı

Müsəlman Şərqində ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından 100 il keçir. Məlum olduğu kimi, 1918-ci il mayın 28-də Azərbaycan xalqını təmsil edən Milli Şura müsəlman Şərqində ilk dəfə olaraq respublika formasında Azərbaycanın dövlət müstəqilliyini elan etdi. 1917-ci ilin fevralında Rusiyada çarizm devrildi. Müvəqqəti hökumət quruldu. Oktyabr ayında isə bolşeviklərin hakimiyyətə gəlməsi tamamilə yeni bir şərait yaratdı. Noyabr ayının əvvəllərində Bakıda bolşeviklər hakimiyyəti ələ aldılar. Bundan bir neçə gün sonra ANTANTA ölkələrinin yardımı ilə Tiflisdə Transqafqaz Komissarlığı yaradıldı. Rusiyada bolşevik hökuməti müharibədən çıxdığını elan etdi. Almaniya bloku ölkələri ilə barışıq imzaladı. Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məslisinə seçilən deputatlar mərkəzdə fəaliyyətə başlaya bilmədiklərindən və bu orqan bolşeviklər tərəfindən qovulduqdan sonra onlar 1918-ci il fevralın 23-də Tiflisdə Transqafqaz Seymini (parlamenti) yaratdılar. Bu parlamentdə Azərbaycan fraksiyası 44 nəfərdən ibarət idi. Həmin ilin aprelin 22-də Seym Cənubi Qafqazın müstəqilliyini elan edərək Zaqafqaziya Demokratik Federativ Respublikasını yaratdı.

Cümhuriyyətin elan edildikdən dərhal sonra milli hökumət yaradıldı. Nazirliklər quruldu. Azərbaycanda icraedici hakimiyyəti hökumət həyata keçirirdi. İlk baş nazir Fətəli xan Xoyski oldu. Hökumətdə birinci, ikinci və üçüncü kabinetə Fətəli xan Xoyski, dördüncü və beşinci kabinələrə Nəsib bəy Usubbəyli başçılıq etdi.

AXC hökuməti bütün iqtisadi sahələrlə yanaşı ölkəyə pul axını üçün çalşır, xarici investorları Azərbaycana yatırım qoymağa cəlb edirdi.

Azərbaycan hökumətinin 18 oktyabr 1919-cu il tarixdə qəbul etdiyi qərarda Böyük-Şor gölünün bir hissəsini “Nobel qardaşları birliyinə” icarəyə verilməsi haqqında vaxtı bitmiş müqavilənin bərpa olunması göstərilir, bu müqavilənin şərtlərinə yeni dəyişikliklərin edilməsi əsaslandırılırdı. Ümumiyyətlə, Azərbaycanda xarici kapital və konsessiya məsələsinə dair həm parlamentin, həm də xarici kapital nümayəndələrinin fikirləri uyğun gəlirdi. Fransız kapitalistlərinin fikrincə, xarici kapitalın, o cümlədən fransız kapitalının Azərbaycana gəlməsi gənc müstəqil dövlətin yaşamasını, onun məhsuldar qüvvələrinin inkişaf etməsini təmin edər. Xarici kapitalın respublikaya hansı şəkildə tətbiqinə gəldikdə isə aşağıdakı formalar təklif olunurdu: 1) İngiltərə, Almaniya, Fransa, Hollandiya və ABŞ-da olduğu kimi müəyyən sənaye sahəsinin sadəcə, maliyyələşdirilməsi yolu ilə; 2) Konsessiya formasında.

Qeyd edək ki, Azərbaycana sərmayə yatırımda mühüm pay sahibi olan fransız kapital sahibləri ikinci yola üstünlük verirdilər. Hesab edirdilər ki, Azərbaycanda konsessiya obyekti nəqliyyat, meşə sərvətinin istehsalı, liman avadanlıqları istehsalı, neft rayonlarının elektrikləşdirilməsi, soyuducu işi və s. ola bilər. Həmçinin respublika sərhədləri daxilində mal mübadiləsini tənzimləmək məqsədilə 1919-cu ilin avqust ayından xaricdən Azərbaycana gətirilən bir sıra zinət şeylərinə xüsusi müvəqqəti gömrük tarifləri tətbiq olunurdu...

Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 22 dekabr 1919-cu il tarixli iclasında hökumət rəhbəri Nəsibbəy Yusifbəyov yeni kabinənin bəyannaməsini elan edir. Bəyannamə iqtisadi fikir baxımından diqqəti cəlb edir. Orada Azərbaycanın azad və müstəqil yaşamasının şərti kimi güclü iqtisadiyyatın yaradılması zərurəti göstərilir. Hökumətin xarici ticarət siyasətində köklü dəyişiklik etməsi nəzərdə tutulur. İndiyədək ticarət siyasətində idxalı artırmaq və imkan daxilində ixracı azaltmaq üstünlük təşkil edirdisə və nəticədə pul qiymətdən düşürdüsə, artıq indi ixracı stimullaşdırmaq istiqamətində tədbirlərin həyata keçirilməsi mümkünlüyü və zərurətindən bəhs olunurdu . Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti özünün xarici iqtisadi fəaliyyətində daim Azərbaycan hökumətinin başlıca vəzifələrini reallaşdırmaq məqsədini güdürdü. Bu vəzifələrdən biri öz əhalisini zəruri şeylərlə təmin etməkdən və xəzinənin gəlirlərini artırmaq üçün əlavə mənbələr axtarıb tapmaqdan ibarət idi. Belə əlavə mənbələrdən biri də gömrük gəlirləri idi. Bu və ya digər məhsulun xaricə satışına icazə verilməsi və ya onun qadağa edilməsi zamanı o məhsulun əhali üçün nə dərəcədə zəruri olması, hökumətə nə qədər gəlir gətirməsi halları diqqətlə nəzərə alınırdı. Azərbaycan hökumətinin 20 fevral 1919-cu il tarixli qanun layihəsi ilə xaricə konyak, üzüm və tut spirtlərinin ixracına icazə verilir. Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən qabaq xaricə spirtlərin satışı qadağan olunmuşdu. Bu da bəzi təsərrüfatların və hökumətin maliyyəsinə ciddi mənfi təsir göstərmişdi. Hökumət belə hesab edir ki, xaricə spirt satışında nəinki dövlət xəzinəsi və araq çəkməklə məşğul olan adamlar, həmçinin bütün əhali maraqlıdır. Onlar öz təsərrüfat məhsulları olan üzümü və tutu şərab zavodlarına satmaqla qazanar, indiyədək heç bir qiyməti olmayan tullantılardan (məsələn, çürümüş meyvə qabıqları) istifadə sərfəli bir işə çevrilər. Bu qanun layihəsini işləyib hazırlayarkən hökumət həm də onu nəzərdə tuturdu ki, əhali üçün spirt ancaq texniki və tibbi məqsədlər üçün zəruridir. Xaricə satışına icazə verilən 85 dərəcəli konyak spirti və 40-45 dərəcəyə qədər olan üzüm və tut spirti isə bu məqsəd üçün yaramır. Ona görə də onun xaricə satışından əhaliyə heç bir ziyan dəyə bilməz. Parlamentin Azərbaycan Respublikasının sərhədlərindən kənara xammal ixracının şərtləri haqqında qəbul etdiyi qanun da respublikanın xarici iqtisadi fəaliyyətini öyrənmək baxımından çox qiymətlidir. Bu qanuna görə pambıq, yun, ipək, frizon (ipək istehsalında tullantı), barama kimi xammalların azad şəkildə ixracına bu şərtlə icazə verilirdi ki, ixrac olunan xammalın dəyərinin 25 faizi əvəzsiz olaraq xəzinənin hesabına keçirilsin. Məsələnin belə qoyuluşu xarici valyuta əldə etmək və ya əmtəə mübadiləsi qaydası ilə dövlətə lazım olan zəruri məhsulları almaq imkanı verirdi. Bu şəkildə xammal ixracının nisbətən səmərəli bir tədbir kimi ortaya çıxması çoxlu mübahisələrin, fikir ayrılıqlarının təsiri nəticəsində aşkar olundu. Ticarət, Sənaye və Ərzaq Nazirliyi ilk vaxtlar valyuta əmtəələrinin xarici bazarlarda özünün xüsusi agentləri vasitəsi ilə satışının təşkil olunmasını irəli sürdü. Lakin bu agentlərin Qərb bazarlarının qayda-qanununu kifayət qədər bilməməsi və bu qaydaların hələ hökumət üçün də qaranlıq olması nazirliyin bu tədbirdən əl çəkməsinə səbəb oldu. Bu zaman xarici valyuta əldə etmək məqsədi ilə belə əmtəələrin azad satışına icazə verilməsi, azad ticarət prinsipinin tətbiqi kimi mülahizələr də mövcud idi. Bu mülahizələr onların tətbiqində ciddi çətinliklərin mövcudluğu ucbatından həyata keçirilmədi. Məsələn, azad ticarət prinsipinə keçid ona görə əlverişli ola bilməzdi ki, bütün qonşu respublikalarda tənzimlənən əmtəə mübadiləsi sistemi üstünlük təşkil edirdi. Belə şəraitdə yalnız Azərbaycanda azad ticarətin tətbiqi respublikadan hər şeyin ixracına səbəb olar, idxal minimum həddə enərdi. Qonşu respublikalar Azərbaycan mallarından özlərində xaricə əmtəə mübadiləsi əməliyyatları üçün istifadə edərdilər. Nəticədə Azərbaycan hökuməti xammal ixracına, xəzinəyə müəyyən rüsum keçirmək şərti ilə icazə vermək qaydasına üstünlük verdi. Xammal ixracına dair bu cür qaydanın işlənib hazırlanmasını Azərbaycan Xalq Cümhuriyyəti dövründə iqtisadi fikrin mühüm nailiyyəti hesab etmək olar.

Xarici investorlar əsasən neft sahəsinə meyl edir və neftlə bağlı yatırıma üstünlük verirdilər. Amma hökumət üzvləri digər iqtisadi sahələrin də inkişafında, xarici investorların digər sahələrə də yatırım qoymasında maraqlı idilər. Məsələn Məhəmməd Əmin Rəsulzadənin “Əsrimizin siyavuşu” əsərində bu elementlərə rast gəlmək mümkündür. Əsərdə vurğulanır: “Dünyanın ikinci pəhləvanı dəmirdir. Dəmir nə qədər Azərbaycan dağlarının içərisində miqdarı bilinməyən bir halda qapalı qalsa da, onun ən böyük yavəri olan əl dəyməmiş Gəncə dağları ilə Qarabağ zirvələrində (Gədəbəy və Zənkəzur mədənləri) çoxca bulunur. Hazırkı dünyanın qüvvəti yalnız yanacaqla, mədənlərmi məhdudlaşır? Yanacaqla mədənə bolluqla malik olan Almaniyanı aclıqla məğlub etmək istəmirdilərmi? Demək, bu iki pəhləvandan sonra meydan ərzağındır.

Azərbaycan, orada olan Muğan, Mil, Aran və s. ovalığındakı münbit ərazisi sayəsində özünə artıqlıq edən buğda anbarı vücuda gətirə bilər. Bu ovalıqlar Muğan çöllərində izləri hələ qalan qədim arxlar kimi kanallar və yaxud daha müasir vasitələrlə başdanbaşa sulanarsa, o zaman Azərbaycan yalnız özünə deyil, qonşularına da ərzaq verər və yalnız insanları deyil, böyük fabrikləri də kətanı və ipəyi ilə doydurar. Ərzaq qüvvəti heyvan qüvvəti ilə dəstəklənməsə heçdir. Azərbaycan bu xüsusda da xoşbəxtdir. Azərbaycanda olan mal-davar Qafqasyanın heç bir səmtində yoxdur. Balıq məhsulu isə Mavereyi-Qafqasyada yalnız buraya aiddir...”.

 

Əziz Əlibəyli

Yazı İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı” mövzusunda müsabiqəyə təqdim edilir

 

 

 

 

 









Redaktorun seçimi