700 bal toplayan Jalə: "ABŞ-da təhsil almışam..." - MÜSAHİBƏ

Hit: 3527
700 bal toplayan Jalə: "ABŞ-da təhsil almışam..." - MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) mayın 13-də ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini elan edib.

Faktor.az xəbər verir ki, qəbul imtahanında 7 abituriyent maksimum nəticə göstərərək 700 bal toplayıb. Onlardan biri də Xaçmaz rayonu 8 saylı orta məktəbin (akademik Zərifə Əliyeva adına)şagirdi Jalə Rəcəbovadır.

Xaçmaz şəhərinin ilk 700 bal toplayan abituriyenti Jalə Rəcəbova “TəhsildəSƏN”ə təəssüratlarını bölüşüb:

- Sizi göstərdiyiniz bu böyük uğura görə təbrik edirik! Bizi çox sevindirdiniz.

- Təşəkkür edirəm, çox sağ olun!

- Nə hislər keçirirsiniz? Nələr baş verir?

- Nəticəm elan olunandan sonra telefonlar susmur, müəllimlərim, qohumlarım hamı zəng vurub təbrik edir, hətta evə gələnlər də var. Elə bizim kimi hamı çox sevinir. Gözəl hislərdir...

- Tam olaraq neçə ildir hazırlaşırsınız?

- Sırf abituriyent kimi soruşursunuzsa, tam 2 il yarımdır. Amma ondan öncə də dil kurslarına gedirdim. Məktəbdə dərslərimi yaxşılaşdırmaq üçün təkmilləşdirməyə gedirdim. Hətta qrupuma aid olmayan fənlərin hazırlığına da getmişəm.

- Bundan öncə hansısa sınaqda 700 bal toplamışdınızmı?

- Sınaq imtahanlarında 660-691 bal toplayardım. Amma DİM-in keçirdiyi sonuncu sınaqda 700 bal topladım. Suallar mənə görə asan görünürdü deyə, öncədən heç kimə demək istəmirdim. Qəbulda da tam 700 balı gözləmirdim. Çünki 700 bal bir az şans məsələsidir.

-  Seçəcəyiniz ixtisas və universitet barəsində düşünmüsünüzmü?

- İxtisas seçmişəm, yəəqin ki, maliyyə ixtisası olacaq. Riyaziyyata çox meylim var. II qrupda da ixtisasların əksəriyyəti humanitar yönümlü olduğu üçün mənə tam uyğun olmadığını düşünürəm. Universitet məsələsinə gəldikdə isə xaricdə ola bilər, mənə uyğun və kifayət qədər təqaüd verən universitet olsa, oranı seçərəm. Amma Azərbaycanda da kifayət qədər çox yaxşı universitetlər var. Ola bilsin ki, elə onlardan birini seçdim. 

- Valideynləriniz seçim məsələsində hansı fikirdədir?

- Valideynlərim mənim qərarımı gözləyir. Mən haranı istəsəm, onlar da buna razıdır.

- Bildiyimiz qədər ABŞ-da təhsil almısınız...

- Aha, bəli. ABŞ-ın İndiana Universitetində 1 aylıq liderlik məktəbi keçmişəm. İndiana universitetində biznes ideama görə mini qranta da layiq görülmüşəm...

- Qalibiyyəti olduğunuz müsabiqələr haqqında da məlumat verməyinizi istərdik.

 - IX-X siniflərdə rayon üzrə Riyaziyyat olimpiadasında I yerə çıxmışam. Təəssüf ki, respublika olimpiadasına keçə bilmədim. Bu il isə respublika olimpiadasında Coğrafiya fənni üzrə iştirak etdim. Rayon və yarımfinal turlarının hər ikisini 100 faiz nəticə ilə keçdim. Respublika turunda isə bir az anlaşılmazlıq oldu. Ona görə balım bir az çıxdı. İntellektual yarışlarda da iştirak etmişəm. Müxtəlif yarışlardan 30-a qədər sertifikatım və medallarım var. Çempionatlarda, televiziya yarışmalarında iştirak etmişəm. “Mən Azərbaycanlıyam” verilişinin qalibi olmuşam. “Ədəbiyyat bilgisi” yarışmasında respublika üzrə II yerə çıxmışam. Baxmayaraq ki, qrupuma aid fənn deyildi. Bundan başqa kursların təşkil etdiyi yarışmalarda da mini qrantlar qazanmışam.  

 - İdmanla və ya musiqi ilə məşğulsunuzmu?

 - 4 il şahmatla məşğul olmuşam.

- Sizinlə qürur duyuruq!

- Çox təşəkkür edirəm! Çox xoş oldu!

Şahin Sərdarlı









Redaktorun seçimi