Rusdilli təbəqə niyə xalqı aşağılayır? - Tarixçidən dəqiq diaqnoz

Hit: 1662
Rusdilli təbəqə niyə xalqı aşağılayır? - Tarixçidən dəqiq diaqnoz

Azərbaycanda əzəli-əbədi mövzu var: dil sindiromu. Bakıda yaşyan rusdilli elita kənddən gələn, rus dilini bilməyən insanları bəzən görməzdən gəlir, bəzən də “çuşka”, “çastpik” deyib aşağılayır.

Mövzu ilə bağlı tarixçi Dilavər Əzimli Faktor.az-a danışıb.

O, bildirib ki, öz dilini qoyurub saxlamaq böyüklükdür, başqasının dilindən mədət ummaq isə kiçiklik rəmzidir: “Dil məsələsində mən belə qənaətə gəlmişəm ki, ruslar olsun, Türkiyədən gələnlər olsun, bizim dostlarımızdır, Azərbaycanda yaşayır, amma öz ləhcəsini unutmur, öz bildiyi dildə danışır. Hesab eləyirəm, bu, böyüklüyün rəmzidir. Yəni bizim dili də bilir, öz dilini də qoruyub-saxlayır. Tutaq ki, bizimkilər, elə mənim öz dostlarım, Türkiyəyə gedir, bir ildən sonra hamısı Osmanlı türkçəsində yazır, danışmağa başlayır. Bu, kiçiklik rəmzidir. Dərhal dəyişir. Bir misal çəkim, 30 il burada yaşayan bir Türkiyə türkü ləhcəsini dəyişmir. Onda bir sindirom yaranıb ki, bu böyüklük rəmzini heç vaxt unutmasın. Bizlər isə dərhal dəyişirik. Bu kiçiklik, aşağılıq kompleksi ilə bağlıdır. O mənada ki, qürur yoxdur. Ona görə də, rus dilində, ingilis dilində danışmağı şərəf bilirik. Mən Fransada bir fransızla ingilis dili vasitəsilə danışmaq istədim, cavab vermədi. Onlar öz dillərinə çox böyük dəyər verirlər. Fransada tərcüməçi tapmasan, ingilis dili köməyinə çatmır. Elə Almaniyada da vəziyyət eynidir. İngiliscə ünsiyyət qurmaq istəyirsən, cavab vermirlər. Mən hələ 1984-cü ildə Pribaltikada olanda bir nəfər adam tapa bilmirdim ki, rus dilində nəsə soruşum. Nəhayət, bir qoca nənə tapdım. O, mənə əliylə taksini göstərib dedi ki, heç kimə yaxınlaşma, rusca bilirlər, amma cavab verməyəcəklər. Bu məsələnin birinci tərəfi. İkincisi, bizimkilərdə bir sindirom formalaşıb ki, rus dilini biliriksə, mədəniyik. Məsələn, o vaxt Bakıya gələndə mənə “kəndalı”, “çuşka” deyirdilər. Rus dilini bilsən belə, kənddən gəlmisənsə, “çuska”san. Mən şəhərdə yaşayıram, rus elitasına məxsus adamam. Və bu kimi şeylər bizim dövrümüzdə daha güclü idi. Adama mədəniyyətsiz kimi baxırdılar”.

Tarixçi onu da qeyd edib ki, bu həm də böyük işğalla bağlı məsələdir: “Bir dəfə məni Rusiyaya göndərmişdilər, rus bölməsində dərs aparırdım. Orada Rusiyanın işğalçılıq siyasətindən danışdım, rus siyasətçilərini, Pyotru filan aşağıladım. İvan adlı biri qayıtdı ki, sən mənim milli hisslərimi niyə təhqir edirsən? Mənim xoşum gəldi onun bu hərəkətindən. Bizimkilərdə o xüsusiyyət yox idi, təhqir eləsən, dinmə-söyləməz başını aşağı salacaqdı. Rus isə dərhal reaksiya verdi. Bir dəfə də Qərb Universitetində dərs aparırdım, bir tərəfdə rus bölməsini, bitirənlər o biri tərəfdə Azərbaycan bölməsini bitirənlər. Orada belə fərq hiss olunurdu. Mən elə bilirəm, bu böyük işğalla bağlı məsələdir. Bu haqda yazmışdım. Biz işğal tarixini işləməmişik, işğal tarixi bizim təfəkkürümüzü dəyişdi. Böyük Səfəvilər imperiyasından sonra xanlıqlar şüuruna keçdik, sonra quberniya şüuruna... Bu da öz işini gördü. Və yazılarımda daim buna qarşı mübarizə aparıram ki, böyük şüuru geri qaytarmaq lazımdır”, - deyə əlavə edib.

Hikmət Orhun

Faktor.az









Redaktorun seçimi