Əgər bu xəbər doğrudursa - Şeyx işdən azad edilir?

4520 dəfə oxunub
Əgər bu xəbər doğrudursa - Şeyx işdən azad edilir?

QMİ sədri kimdən və niyə incikdir...

Aprelin 18-də, prezidentin andiçmə mərasimində  QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə də iştirak edib. Milli Məclisdə Şeyxülislam ön sırada olub. Bu hadisə ona görə diqqətimizi çəkdi ki, hörmətli Şeyx son zamanlar ümumiyyətlə, “göz önündə” olmur. Göründüyü zaman isə verdiyi açıqlamalar, bir qayda olaraq narazı və əsəbi tonda olur. QMİ-dəki son tədbirdə olduğu kimi.

Xatırladaq ki, martın sonlarında dini idarədə keçirilən tədbirdə Şeyx sükutu pozub və özü haqda yazılan yazılara və söylənən ittihamlara münasibət bildirib. Çünki prezident seçkiləri kampaniyasında namizədlərdən bəziləri, konkret olaraq Hafiz Hacıyev ittiham etdiyi rəsmilər arasında Şeyxin də adı olub. Hacıyev Şeyxin Çexiyadakı mülklərindən danışıb.

Ancaq Şeyx QMİ-dəki çıxışı zamanı, təbii ki, ad çəkməyib. QMİ sədri deyib ki, onun 150 hektar torpağı, xaricdə və ölkədəki villaları ilə bağlı yayılan məlumatlar iftiradır, nəzir qutuları ilə bağlı yayılan məlumatlar da həqiqəti əks etdirmir. O, nəzir qutuları ilə hər hansı əlaqəsinin olmadığını da deyib. Eyni zamanda şikayətlənib ki, niyə yalnız onu hədəfə alırlar? Bildirib ki, bununla bağlı ölkə başçısı ilə də söhbəti olub: “Gizlətmirəm, mənim prezidentlə söhbətlərim olur. Onda da heyrətimi gizlətmirəm ki, bu qədər iftiranın səbəbi nədir. Deyirlər, şeyxin xaricdə, ya da burda çoxlu mülkü var. Bunların hamısı təxribatdır. Əvvəla, sevinin ki, sizin şeyxiniz bu cür güclü olsun. İkincisi isə, xaricdən onsuz da dini liderə qarşı iftira var, bunu daxildə də davam etdirməklə nə əldə edirsiniz? Xaricdən həm prezidentimizə, həm də mənə - şeyxülislama qarşı belə çirkin təxribatlar törədilir”.

QMİ-nin ile ilgili görsel sonucu

Doğrudur, bu çıxışdan sonra televiziya debatlarında Şeyxi ittiham edən açıqlamalar olmayıb, ancaq eyni zamanda QMİ sədrinin özü də efirdə görünməyib. Əvvəlki illərdə seçkilərdə aktiv iştirak edən Şeyxülislam bu il seçki prosesinə yaxın düşməyib. Bəlkə də yaxınlaşa bilməyib, ya da buna gərək duyulmayıb.

prezident xanımı ilə birlikdə Yasamal rayonunda “Hacı Cavad” məscidinin ile ilgili görsel sonucu

“Gərək duyulmur” demişkən, seçkinin sabahı günü prezident xanımı ilə birlikdə Yasamal rayonunda “Hacı Cavad” məscidinin açılışını edib. Maraqlıdır ki, orda da Şeyxülislam olmayıb. Məscidin iki ruhanisi, icma sədri, ağsaqqallar, bir də Yasamalın icra başçısı iştirak edib. Halbuki məscidin açılışında adətən Şeyx iştirak edir. Üstəlik, açılış günü simvolik idi, prezident seçkilərinin sabahı günü ölkə başçısı ilk iş olaraq məscidin açılışını edirdi. Belə bir mərasimdə adətən Şeyxülislam da iştirak edir. Amma, qəribə də olsa, Şeyxi dəvət etməmişdilər. Üstəlik, məhz “Hacı Cavad” məscidinin ərsəyə gəlməsi, xüsusən də “Sovetski” ərazisində sökülən köhnə məscidin sökülməsi ilə baş verən hadisələr bütün ölkədə səs salıb. Nəhayət, prezidentin işə qarışması ilə köhnə məscidin əvəzinə Yasamalda yeni məscidin tikilməsi barədə qərar qəbul olunub. Və bu prosesdə Şeyxülislam yaxından iştirak edib, bir növ dövlətlə dindarlar arasında vasitəçi kimi çıxış edib.

Yeri gəlmişkən, dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, maddi dəstək alacaq din xadimlərinin siyahısı Mənəvi Dəyərlərin Təbliği Fonduna təqdim olunub və hazırda maddi dəstək alacaq din xadimlərinin siyahısı ilə bağlı məsələ dəqiqləşdirilir.

Sitat: “Fondla QMİ bu istiqamətdə fəaliyyət göstərir. Himayəçilər Şurasında da bu məsələ müzakirə edilib. Bu dəstək maaş formasında deyil, maddi dəstək formasında din xadimlərinə veriləcək”.

QMİ-nin ile ilgili görsel sonucu

Məsələ ondadır ki, ötən ilin oktyabrında yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondu DQİDK-nin tərkibində fəaliyyət göstərir. Ancaq qurumun fəaliyyəti əsasən QMİ-nin fəaliyyət istiqamətləri ilə eynidir. Yəni DQİDK-nin etməsi qanunla mümkün olmayan. Bu günə qədər QMİ-nin üzərində olan dini icmaların maliyyələşməsi, din xadimlərinə maddi yardım və ya maaş verilməsi, dini maarifçilik, dini təhsil, təbliğat və digər dini fəaliyyətləri məhz bu Fond tərəfindən həyata keçiriləcək. Bu, təxminən Türkiyədəki dini idarəçilik modelinin oxşarıdır. Yəni mərkəzi dini qurum Diyanət İşləri Başkanlığıdır, Diyanət Vəqfi isə daha çox mədəni, təbliğat, təhsil və sair fəaliyyətləri həyata keçirir. Əlbəttə, yaxşı addımdır, uğurlu olacağına inanırıq.

Amma bu həm də QMİ-nin bir qurum olaraq əhəmiyyətini azaldır. Bir zamanlar QMİ-nin gördüyü və ya görməli olduğu işləri artıq Mənəvi Dəyərlərin Təbliği Fondu, yəni birbaşa dövlət qurumu həyata keçirəcək. QMİ isə getdikcə daha çox formal bir quruma çevrilməkdədir. Bəlkə də Şeyxi daha çox narazı salan, qəzəbləndirən də odur. (Yeni Müsavat)


loading...
loading...

Redaktorun seçimi