Yaltaq "ziyalı"ların ümidinə qalmaq... - KÖŞƏ

308 dəfə oxunub
Yaltaq "ziyalı"ların ümidinə qalmaq... - KÖŞƏ
İşimiz gərəyi cəmiyyətin hər təbəqəsi ilə ünsiyyətdə oluruq və bu ünsiyyət cəmiyyətin necə və nə cür formalaşması mövzusunda insanı düşündürür. Bu məsəl isə tam yerinə düşür. Balıq başdan iylənir. 
 
Bu yaxınlarda şəhərdə belə bir sorğu keçirirdik "Lotu Qulini yoxsa, Fətəli Xan Xoyskini tanıyırsınız"? Lotu Qulini hər kəs tanıyır, lakin dövlət qurucularımızdan biri olan Fətəli Xanı tanıyan yoxdur. Əslində, bu sualın cavabları bizim cəmiyyətin ciddi ziyalılara ehtiyacı olduğunun göstəricisidir.
Çünki ziyalı şəxs əxlaqi dəyərləri, yüksək intellekti və sözünün təsiri olan insandır. 
Bizim bu cür ziyalılarımız yoxdur, demirəm. Lakin onlar səhnə arxasında cəmiyyətə heç bir fayda vermədən, həyatlarına davam edir. Ona görə də, cəmiyyətimiz daha çox lotuları tanıyır. Üzdə olan, bizə əxlaq dərsi verən dırnaq arası ziyalılarımızdan görüb - götürür. Bu qənaətə işlədiyim təhsil müəssisələrinin birində gəldiyimi də nəzərinizə çatdırım. Dərs aldığım professorla birgə işləməyə başladığım zaman, dosent və professor olmağın qiymətlərini öyrəndiyim zaman, işlədiyim və oxuduğum yerdən iyrənməyə başladım. Bunları mənim zədələnmiş xatirələrim olaraq, istərdim nəzərinizə çatdırım. 
 
Deməli işlədiyim həmin təhsil müəssisəsində prorektor vəzifəsinə keçmək üçün ya dosent, ya da professor olmalısan. Həyatını alverə həsr edən və ixtisasının nə olduğunu unudan insanlardan biri pulunu ödəyib dosent oldu.
 
Hazırda prorektor kimi fəaliyyət göstərən o insan vəzifəsindən sui-istifadə edərək, istədiyi insanı aşağlayır. Əzdiyi insalar isə ona yaltaqlanmaqdan vaz keçmir.
 
Bilirsiniz niyə? Çünki onlar da eyni üsulla vəzifədədirlər. Həmin prorektor işçilərini üçün əjdaha, tabe olduğu şəxsin yanında isə ikiqat gəzən bir şəxsiyyətdir. Və həmin universitetdə təhsil alan gənclər bu mənzərələrin təsiri ilə təhsil alır və inkişafda o yöndə gedir.
 
Ziyalı insan inkişaf etməyə təhsil müəssisəsində başlayır. Təqdim etdiyim mənzərə ilə biz uzun zaman istədiyimiz şəxsiyyətlərə möhtac qalacağıq. İndi keçək daha acınacaqlı bir durumun şərhinə.
 
Bəli, Lotu Qulini tanımaq ayıb deyil. Çünki hər cəmiyyətdə bu cür insanlar var və onlara hörmət edirlər. Lakin tarixi şəxsiyyətlərimizi tanımamaq ayıbdır.
 
Çünki biz qazandığımız bu dövlət və müstəqillik üçün hansı yoldan keçdiyimizi bilməliyik. Bizə Cümhuriyyətin tarixi yox, onun mahiyyəti lazımdır. Bu şəxsiyyətlər kimdir, onlar hansı şəraitdə və nə üçün bu dövləti qurub? Lakin bizim gənclərimiz üçün rəqəm daha önəmli mahiyyət daşıyır. Çünki onlar test tapşırığında mahiyyəti yox, rəqəmi qeyd edirlər. 
 
Biz isə qalmışıq yaltaq ziyalıların ümidinə. Onlar üçün vacib amil mentalitet dəyərlərin mahiyyətidir. Bütün günü qınaq və yaltaqlıqdan ibarət həyat yaşayan bu insanlardan mən hansı dəyərləri mənimsəyə bilərəm axı...
 
Naminə Nur


loading...
loading...

Redaktorun seçimi