Təqaüdlərin artırılması jurnalistlərə də şamil ediləcək

249 dəfə oxunub
Təqaüdlərin artırılması jurnalistlərə də şamil ediləcək

Məlum olduğu kimi, fevralın 22-də prezidentin sərəncamı ilə fərdi, xüsusi və fəxri adlara görə aylıq təqaüdlər artırıldı.

Belə ki, dəyişikliyə görə prezidentin fərdi təqaüdünün məbləğinin martın 1-dən 1300 manatdan 1450 manatadək, gənc istedadlara xüsusi təqaüdlər 300 manatdan 400 manata qədər artırılıb. Həmçinin martın 1-dən “Xalq” fəxri adından ötrü təqaüd 150 manat, “Əməkdar” fəxri adına görə isə 100 manat müəyyən edilib. Xatırladaq ki, əvvəlcə “Xalq” fəxri adına görə 100, “Əməkdar” fəxri adına görə isə hər ay 60 manat ödənildiyi bildirilirdi.

Qeyd edək ki, ölkə mətbuatında “Əməkdar” fəxri adını almış çoxsaylı jurnalistlər var. Onlardan “Yeni Müsavat” qəzetinin baş redkatoru Rauf Arifoğlu, qəzetin redaktoru Zahid Səfəroğlu, “Ayna”, “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı, “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov, “Gündəlik Teleqraf” MMC-nin direktoru Aynur Camalqızı və digərlərini qeyd etmək olar.

Maraqlıdır, prezidentin sərəncamı “Əməkdar” fəxri adını almış jurnalistlərə də şamil ediləcəkmi?

Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev sualımızı bu cür cavablandırdı: “Bəli, prezidentin sərəncamı “Əməkdar” fəxri adını almış jurnalistlərə də şamil ediləcək. Sərəncama əsasən onların təqaüdləri martın 1-dən artırılacaq. Belə ki, əvvəlcə bu təqaüd 60 manat idisə, hazırda 100 manat olacaq”.



Redaktorun seçimi