“Neftçi”nin ermənisi: Bakı üçün darıxıram - VİDEO - FOTOLAR

Hit: 911
“Neftçi”nin ermənisi: Bakı üçün darıxıram - VİDEO - FOTOLAR
“Neftçi”nin əfsanəvi hücumçusu Anatoli Banişevski yaşasaydı, bu gün 72 yaşını tamamlayacaqdı. 
 
Mərhum futbolçu 1946-cı il fevralın 23-də anadan olub.
 
Banişevski haqda sabiq komanda yoldaşı, milliyyətcə Bakı ermənisi olan Eduard Markarov “Vestnik Kavkaza”ya müsahibə verib. O, “Neftçi”də əfsanəvi Banişevski-Markarov-Tuayev “trio”sunun 1960-1970-ci illərdə SSRİ-nin ən yaxşı hücum “üçlüy”ü sayılmasından danışıb:
 
“Banişevski sovet futbolunun əfsanələrindən biridir. O və Kazbek Tuayev təmiz hücumçular idi. Onlara qədər isə Adamas Qolodets və Yuri Kuznetsov var idi və hər biri çıxış etdiyi mövqedə fərdi cəhətdən maraqlı oyun sərgiləyirdi.
 
Məndən və Banişevskidən yaşca böyük olan Tuayev fərdi oyunçu idi. Tolik Banişevski qol vurmaq üçün harda dayanmalı olduğunu həmişə yaxşı bilirdi. Mən də öz növbəmdə Tuayev və Banişevskinin üstün cəhətlərini bilirdim. Qolodetslə Kuznetsov gedəndən sonra mən Tolikin irəlidə yer alması üçün geridə oynamağa başladım.
 
Məhz komanda oyunumuzun hesabına rəqiblər üçün bizim qarşımızı kəsmək çox ağır idi. Biz rəqibin hər addımını bilirdik, onları yaxşı təhlil edib, güclü və zəif tərəflərini müəyyənləşdirirdik və oyunumuzu buna əsasən qururduq. Buna görə bizim “trio” çox maraqlı idi. Sovet İttifaqı bizi həmin dövrün ən güclü hücumçularından biri kimi qəbul edirdi”.
 
O, Banişevskinin komandaya gəlişini belə xatırlayıb:
 
“Tolik əvəzedici heyətə düşəndə mən artıq beş il idi ki, əsas heyətdə oynayırdım. Hər komandanın ikinci heyəti var idi, orda gənclər və zədəli təcrübəli futbolçular olurdu. Tolik də əvəzedici heyətdən başladı və özünü yaxşı tərəfdən göstərərək, qol vurmaq bacarığının olduğunu isbatladı.
 
Banişevski sürətli idi. Ən güclü cəhəti isə başla oynamaq bacarığı idi. Yəni “ikinci mərtəbə”də yaxşı oynayırdı. Onun istedadını tez hiss etdilər. Adik Qolodets və Yura Kuznetsov həmin vaxt karyeralarını bitirmişdilər və mən Kazbek Tuayevlə tandem təşkil edirdim.
 
O məqamda Tolik bizə qoşuldu. Bu, 1965-ci ildə oldu. Banişevskinin bizə qoşulmasından sonra mən hücumçu arxasında oynamağa, azad “rəssam” kimi çıxış etməyə başladım. Təmiz hücumçu kimi isə Tolik və Kazbek oynayırdılar.
 
Onu da qeyd etməliyəm ki, yığmaya asanlıqla düşmək olmurdu. Futbolçu özünü isbatlamadı idi. Tolik də bunu bacardı. O, yığmada çıxış etməyə layiq idi. Çünki Banişevski Sovet İttifaqının ən yaxşı hücumçularından biri idi.
 
O, kollektivə çox tez uyğunlaşdı. Hər futbolçuda belə olmur. Çünki kollektiv hər yeni gələni qəbul etmir. Elə bu məqam Tolikin necə yaxşı, düzgün insan olduğunu göstərir. Deyə bilərəm ki, onun mənfi cəhəti yox idi. Tolik həm güclü futbolçu, həm də əla oğlan idi. Komandaya özü uyğunlaşdı və kollektiv onu qəbul etdi”.
 
Markarov həmin illərdə Bakı şəhərinin “Neftçi”nin sayəsində futbolla nəfəs aldığını bildirib:
 
“Onda futbolla təkcə şəhər yox, rayonlar da nəfəs alırdı. Rayon camaatına pulsuz avtobuslar verirdilər ki, gəlib oyunlara baxsınlar. Onlar da 3-4 saatlıq yol qət edərək, Bakıdakı oyunlarımıza gəlirdilər. Məhz bunun hesabına bütün matçlarımızda stadion tam dolurdu.
 
Meydana çıxanda onlar üçün bütün gücümüzü qoyurduq. Olurdu ki, oyunlardan sonra stadiondan çıxa bilmirdik. İnsanların stadiondan getməsini 1-2 saat gözlədiyimiz vaxtlar da olub. Bakı maraqlı şəhər, bakılılar isə maraqlı insanlardır. Orada çoxlu millətlər yaşayırdı və insanlar arasında kimin erməni, kimin rus, kimin azərbaycanlı olması ilə bağlı fərq yox idi.
 
Bakı beynəlxalq şəhər idi. Harasa gedəndə məndən soruşurdular ki, siz bakılısınız? “Hə” cavabını verirdim. Soruşurdular ki, bəs milliyyətcə kimsiniz? Deyirdim ki, milliyyət nədir, Bakıda bu suala ancaq “bakılı” cavabını verirlər. Bax, belə yaşayırdıq”.
 
1961-1970-ci illərdəki “Neftçi” karyerasının ardından Eduard Markarov 29 yaşında Bakı klubunu İrəvanın “Ararat” klubuna dəyişir. O, 1975-ci ildə futbolçu karyerasını məhz Ermənistanda başa vurur. Makarov Azərbaycan futbolunun ona çox şey verdiyini və Bakı üçün darıxdığını vurğulayıb:
 
“Orada anadan olub, 29 il Bakıda yaşamışam. 29 yaşında bir komandadan digərinə keçmək asan deyildi. Axı həmin dövrdə 25-26 yaşlı futbolçunun artıq yaşlı olduğunu düşünürdülər. İndi isə 25 yaşlı futbolçunun gələcəyinin irəlidə olduğunu deyirlər. 2009-cu ildə Ermənistanın nümayəndə heyətinin tərkibində Bakıya getmişdim.
 
Düzünü desəm, doğma şəhərimi tanımadım. Mənim vaxtımda hava limanından mərkəzə maşınla təxminən bir saata gedilirdi. İndi isə böyük yol çəkilib, hər tərəfdə üç zolaq var. Şəhər çox xoşuma gəldi”. // Oxu.az








Redaktorun seçimi