Əli Həsənov: Azərbaycan dövləti mediaya xüsusi önəm verir

Hit: 720
Əli Həsənov: Azərbaycan dövləti mediaya xüsusi önəm verir

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin mükafatlandırılması mərasimi keçirilib.

Faktor.az Trend-ə istinadən məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri, KİV rəhbərləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, müsabiqədə 66 kütləvi informasiya vasitəsi iştirak edib və müsabiqəyə 153 yazı daxil olub: “Yazılar ekspertlər tərəfindən qiymətləndirilib və hər istiqamətdə 6 yazı qalib elan olunub. Birinci yer üzrə 1, ikinci yer üzrə 2, 3-cü yer üzrə isə 3 yer müəyyən edilib. Ümumilikdə 16 istiqamət üzrə 96 yazı qalib elan olunub”.

V.Səfərli qeyd edib ki, 2017-ci il Azərbaycan üçün çox uğurlu olub: “Azərbaycanda bu il İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması bu uğurlardandır. Digər sahələr kimi, bu il KİV sahəsinin də inkişafına böyük diqqət göstərilib. İl ərzində Fond bir çox layihələr həyata keçirib. Bu layihələrin bir istiqaməti də fərdi müsabiqələr olub. İl ərzində 6 belə müsabiqə keçirilib və 650-dən çox jurnalist mükafatlandırılıb”.

Daha sonra tədbirdə çıxış edən Ə.Həsənov bildirib ki, 2017-ci ildə olduğu kimi, 2018-ci ildə də Azərbaycan jurnalistlərini yaradıcı fəaliyyət gözləyir: “Azərbaycan dövləti mediaya xüsusi önəm verir, cəmiyyətlə dövlət arasında körpülərin yaradılmasında medianın imkanlarından istifadə edir”.

Prezidentin köməkçisi vurğulayıb ki, bu il jurnalistlərin bir qismi mənzillərlə təmin olunub: “2018-ci ildə də dövlət tərəfindən kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində dəstəyini davam etdirəcək”.

Ə.Həsənov qeyd edib: “2018-ci ildə də media ilə birlikdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılması, qaçqın və məcburi köçkünlərin problemləri, 200 ildən artıq müddətdə təcavüzkar Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı Xocalı və digər soyqırımlar barədə reallıqları dünya ictimaiyyətinə çatdıracağıq”.

PA rəsmisi əlavə edib ki, 2017-ci il Azərbaycan İslam dünyasında həmrəyliyin gücləndirilməsi istiqamətində çox mühüm fəaliyyət nümayiş etdirib: “Bu ilin “İslam Həmrəyliyi ili” elan olunması, Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi və digər tədbirləri göstərmək olar”.

Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 2018-ci ilin Azərbaycanın İislam həmrəylinə töhfəsi baxımından mühüm il olduğunu bildirib: “2018-ci ilin Azərbaycan üçün daha uğurlu il olacağına inanıram. Azərbaycan jurnalistlərini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirəm”.

Faktor.az









Redaktorun seçimi