“Hansı Eynulla? Elmarın “bağladığı” Eynullanı deyirsən?”

Hit: 3764
“Hansı Eynulla? Elmarın “bağladığı” Eynullanı deyirsən?”

Bu, Eynulla Fətullayevdir, çoxlarımızın yaddaşında belə qalıb, ən yaxın tarixdə televiziya verilişlərinin birində Elmar Qasımovun ona dediyi söz ilə... Bu söhbətlərə qarışmaq fikrim yoxdur, özləri bilər, yəni onu nə vaxt kütləvi şəkildə tanıdığımızı və necə tanıdılmağını xatırlatdım. İndi də çoxlarından soruşsanız, deyəcəklər ki, “Hansı Eynulla? Elmarın “bağladığı” (“bağlayırlar” sizin yazınızdan olan ifadədir) Eynullanı deyirsən?” Şəxsi tanışlığım yoxdur, necə biridir bilmirəm, ortaq və kəsişən yerimiz olmayıb.

Bir sənət insanı kimi dərdim başqadır, heç min il qala Eynulla yadıma düşməz, sifəti də o vaxtdan yüz dəfə dəyişilib, görsəm tanımaram. Əgər Elmar Qasımovu hərdən görməsəm, o söz də yadıma düşməsə, belə birisinin varlığından xəbərim olmaz.

Amma, Adil Əliyevi tanıyıram, xoş münasibətlərim var, nə onun, nə də mənim şəxsi mənada elə bir addımımız olmayıb ki, bir-birimizdən "qazancımız" olsun. Belə hal yaransa, düşünürəm ki, hər birimiz bir-birimizə bu addımı ürəklə atarıq.

Sadəcə, Adil Əliyevin insanlar ilə münasibətini, dostlara qayğısını, qazisinə, şəhid ailəsinə münasibətini görmüşəm və bu gördüklərimi son dərəcə çalışıb ki, görünməz etsin, yəni sağ əl verdiyini sol əl bilməsin. Bu hərəkətləri bizlərdə ona qarşı hörmət yaradıb və yeri gələndə onu haqlı müdafiə etməyi özümüzə borc bilirik. İndi Elmar Qasımova görə yadımızda saxladığımız bu Eynulla, şəkildə bir barmağı ilə də ağzını tutub deyir – “vallah, ha istəyirəm danışmayam, amma bacarmıram” - bir lətifədə deyildiyi kimi. Həkim deyir – “Sən xəstəsən.” – “Ay sağ ol, həkim, camaata deyirəm – xəstəyəm, inanmırlar, elə deyirlər sən ...”

İndi yenə bu adam istəyib danışmaya, yenə dözməyib, bu dəfə də yalan-gerçək danışanların sözünü öz bildiyi kimi qələmə aldırıb. Özləri yazırlar ki, “Həmin evlər Nazirlər Kabinetinin təsdiqlədiyi, köhnə evlərin sökülərək yerində yeni yaşayış binalarının tikintisini nəzərdə tutan, “pilot layihə” adlandırılan proqram çərçivəsində sökülür. Sakinlərə yeni mənzillər hazır olana qədər kirayə mənzillərdə qalmağı təklif edirlər. Lakin sakinlərin bir qrupu bu təkliflə razı deyil, kompensasiya və ya hazır mənzil tələb edirlər.” İndi bu işləri bir şirkət görməlidir də, bunun Adil Əliyevlə nə bağlılığı? Bu məsələlər belədir ki, verilən qanun hamıya aiddir və əhaliyə verilən məbləğ hamı üçün eyni müəyyən olunur qaydalara görə. Kimlərsə, qayda-qanun bilmir, deyir “yox, bir anda milyonçu olmalıyam, əlimə şans düşüb, daha baha satım”. Bu daha keçərli deyil. Dövlətin şərtləri ilə razı olmayanlara dövlət məcburiyyət qanunundan istifadə edir, yəni məcburetmə səlahiyyətindən. Hər ərazidə polis var, icra hakimiyyəti var, prokuror var, yəni belə işlərə dövlətin cavabdeh təşkilatları var. Millət vəkilinin əlində heç bir icra səlahiyyəti olmaya-olmaya, işi-gücü qanun qəbul etmək ola, bu qədər bu işlərə cavabdeh təşkilatların gözünün qabağında "dəstəsi" ilə bunu necə edə bilər ki, hətta siz deyən olsa? Həm də bu dəstə kimlərdir? İndi hərənin əlində bir telefon var, çəkib göstərərdilər xalqa. Biz də tanıyardıq. İndi hansı dövrdə yaşayırıq ki?! Dövlətimizin bu sahəyə nəzarəti elə səviyyədədir ki, belə qanunsuz hərəkətlər etmək mümkün deyil. Adil Əliyevin adının hallanması yalanın və böhtanın miqyasını göstərir. Məqsədi bəlli edir, əsas məsələ, olmayan yerdə onun adını hallandırmaq. Yazının quruluşu da bu düşüncəni açıq verir. Hamımız xəstə ola bilərik, hansısa orqanımızda çatışmazlıqlar ola bilər (Allah xəstə olanlara şəfa versin), sən bəlkə yenidən həkimə gedəsən, təzə eynək yazdırasan, həkimə də deyəsən ki, sizə elə dərman yaza ki, sizə daha elə gəlməsin ürəyinizdən keçənlər həm də gerçəklikdir.

Çünki yazırsınız ki, “Sakinlərdən biri isə əlavə edir ki, Səbail rayon İcra Hakimiyyətinə şikayət ediblər. Bundan sonra icra başçısının birinci müavini Abid Əliyev məhəlləyə gəlib. Amma, sakinlərin şikayətlərini dinləmədən söküntü əmrini verib.”

Buna görə deyirəm – eynəyin vaxtıdır, icra başçısının birinci müavininin adını Abid Əliyev (Adil Əliyev yox) kimi özünüz yazmısınız, çünki adlarının baş hərfi ilə soyadları eynidir. Deyəsən, sizə elə gəlir ki, adlarının baş hərfi ilə soyadları eyni olanlar hamısı bir adamdır.

Öz yazdığınız kimi, sökülmək əmrini birinci müavin verib, məsul şəxsdir, bildiyi bir şey var, hər kəs plana düşən evə öz qiymətini qoya bilməz, bazar tənzimləyir qiyməti, yazırsınız ki, İcra Başçısı əraziyə gedib və s.

Bəs Adil Əliyevin o əraziyə nə bağlılığı var ki, orada tikinti aparan şirkətlə nə əlaqəsi var ki?! Kiminsə ağzından aldığınız sözü çeynəyib öz istədiyiniz formaya salıb yazırsınız. Həmin ərazidən də millət vəkili deyil ki, yenə nəsə əmması ola. İndi kim nə dedi inanaq, aparaq kimi kimə gəldi bağlayaq?! Daha orasını bilmirik ki, bu yazını bazara neçəyə çıxarmısınız, biz bazara işləmirik, amma daha bu qədər ağ eləməyin də, neçə ilin yazarısınız, bilirsiniz ki, sizin tərəzi heç vaxt düz çəkmir, bir də Adil Əliyevin çəkisini bilmək üçün sizdə o rəqəmlər çoxluğu yoxdur, ora qədər öyrədə bilməyiblər sizi, bura qədərini öyrədə biliblər, filankəslər filan şirkəti Adil Əliyevin adına bağlayırlar. Görürsünüz, konkretlik yoxdur, fakt yoxdur, görmədiyinizi, dəqiq bilmədiyinizi araşdırmadan yazırsınız, çünki fərq etmir, əsas məqsəddə Adil Əliyevin adını hallandırmaq var.

Onda biz hamımız Elmar Qasımovun o vaxt dediyinə inanaq - həm tv-də dedi, həm də üz-üzə dedi... İndi deyək ki, Elmar Qasımov sizə belə dedi, aparaq sizi yenidən bağlayaq ora?! Bağlamağa qalanda sizi o qədər yerə bağlayırlar ki, çoxu da inandırıcıdır, inanaq?!

Nəyimizə lazım, bizim siz adlı dərdimiz yoxdur. Bizim dərdimiz böhtan, yalan, olmayan şeyləri danışanları bağlamaqdır. Biz, bizim cəmiyyətdə böhtanın, yalanın ayaq tutub yeriməsini istəmirik. Bunu Azərbaycan üçün edirik.

Adil Əliyevi müdafiə edənlər hamısı yazır ki, “onu şəxsən tanıyırıq”, gizli adlarla kimsə yazmır, hamı da onun haqqında eyni sözü deyir, hamı haqqında eyni danışır, bunu qazanmaq asan deyil, bu qazanc alınmır, satılmır, insanda ya olur, ya da olmur. Sizinsə qazancınız belə böhtanla, şərlə çıxırsa, halal xoşunuz, bir neçə adamı belə dolandırmaq da savabdır.

 

P .S. Millət vəkili seçildiyi dairədə seçicilərin hörmətini qazanmaq, onlar ilə doğmalaşmaq, onların problemlərini şəxsi probleminə çevirə bilmək bacarığı, problemlərin həllində birbaşa iştirakçı olmaq, seçicilər ilə görüşdə başını dik tutmaq, seçicisini sevmək, hörmət etmək, hər addımında, hərəkətində, dövlət və milli maraqları hər şeydən üstün tutmaq Adil Əliyevin Cənab Prezidentin sadiq əsgəri olduğunun göstəricisidir.

Rza Rzayev

 









Redaktorun seçimi