Elmlər Akademiyası ləğv olunur
AMEA ləğv olunur? – Deputatlar təhsillə elmin birləşməsindən danışdı
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tez-tez tənqidlərə tuş gəlir. Bu tənqidlər hətta rəsmi şəxslərin də dilindən eşidilir. Hər il dövlət büdcəsindən AMEA-ya xeyli vəsait ayrıldığı, amma bunun müqabilində yüksək səviyyəli işlərin görülmədiyi vurğulanır. Hətta AMEA-da bəzi institutların bağlanması təklifləri də gündəmə gətirilir.
Faktor.az xəbər verir ki, Modern.az məsələ ilə bağlı Milli Məclisin deputatların da fikirlərini öyrənib.
İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa dünyada elmi tədqiqat institutlarının xüsusi sifarişlərlə çalışdığını bildirib.
“Bizdə isə AMEA-ya dövlət büdcəsindən ayrılan vəsait daha çox əmək haqqına yönəldilir. Ona görə də elmi ixtiralara, kəşflərə və yaxud da bu istiqamətdə məsələlərin həllinə həmin vəsaiti sərf etmək imkansızdır. Bu baxımdan da məsələnin fundamental həllinə ehtiyac var. AMEA-nın nəzdində olan institutların laboratoriyalarının müəyyən dərəcədə universitet bazasına köçürülməsinə ehtiyac var. Yeni universitet modelinə ehtiyac var. Bu model qurulmadığına görə çox təəssüf ki, problemlər yaşanır. Bizdə elmin inkişafı o səviyyədə deyil ki, elmi tədqiqat institutları müəyyən layihələr hazırlasınlar, proqnozlar versinlər. Ona görə də bu istiqamətdə hərtərəfli işlərin görülməsinə ehtiyac var”.