Ayağı kəsilən polis işçisi DİN-ə, BŞİH-nə səsləndi - Mənə yardım etsinlər

Hit: 1307
Ayağı kəsilən polis işçisi DİN-ə, BŞİH-nə səsləndi - Mənə yardım etsinlər

1960-cı ildə Gədəbəy rayonunun Nərimankənd kəndində doğulmuşam. Bunu mütləq yaz, özü də dekabr ayında…

 

“İnsan taleyi” layihəsində həmsöhbətim olan keçmiş polis işçisi Hacıyev Cəmaləddin belə deyir.
Səsi yorğundur, amma anlaşıqlıdır. İllərin o tayında qalan sağlamlığının şirin xatirələri ömrünün ağrılı günlərində vərəqlənir. Cəmaləddin birinci qrup əlildir.

 

Narahatdır. Ən çox da həyat yoldaşının onkoloji xəstə olması onu üzür. Ali təhsilli həkim qızlarının ona görə işləməmələri, qayğısına qalmaları, özlərini unudub həyatlarını vərəq-vərəq atalarının uğrunda çevirmələri onu narahat edir, incidir. Balalarına yük olub..

 

Cəmaləddin deyir ki, neft mühəndisi olmaq istəyib, lakin instituta girə bilməyib. Hərbi xidmətə yola düşüb, qayıtdıqdan sonra isə Bakı Məişət Kondisionerləri zavodunda çilingər kimi əmək fəaliyyətinə başlayıb. İşinin öhdəsindən yaxşı gəlib, bacarıqlı və intizamlı işçi olub.1983-cü ildə isə Bakı Şəhər Dövlət Obyektlərinin Mühafizəsi üzrə polis nəfəri kimi işə düzəlib. Dəfələrlə təşəkkür və medallarla təltif olunub. İki dəfə SSRİ DİN-in “əlaçı polis işçisi” adına layiq görülüb.

 

Bakı İcra Hakimiyyətinin inzibati binasında mühafizədə çalışıb. 2010-cu ildə təqaüdə çıxdıqdan sonra isə BŞİH-nin başçısı Hacıbala Abutalıbov 7-469/17g saylı, 10 dekabr 2010-cu il tarixli məktubu ilə DİN-nin Baş Mühafizə İdarəsinin o zamankı rəisi, polis general-mayoru Mədət Quliyevə məktub ünvanlayıb. Xahiş edib ki, 1983-cü ildən hazırkı dövrə qədər Bakı Şəhər İcra Hakimiyyətində xidmət aparmış, İH-nin etibarlı müdafiə olunmasında və daxili buraxılış qaydasına ciddi riayət olunmasında çox fəal iştirak etmiş və BŞİH-nin rəhbərliyinin və işçilərinin dərin rəğbətini qazanmış Hacıyev Cəmaləddin yaş həddinə görə təqaüdə çıxsa da, onun xidmətdə qalmasına köməklik göstərilsin. Şəhər merinin xahişi general tərəfindən nəzərə alınıb. Cəmaləddinlə yenidən müqavilə bağlanıb.

 

Cəmaləddinin xatirələrində yer alan nüanslar təkcə bu deyil. Şəhərin ağrı-acılı günlərində də çox əziyyətlər çəkib:

 

“1988-ci ildə Bakıda hərbi xunta hökm sürürdü. O zaman şəhərin komendantı olan Tiqanov Bakı Sovetinin, indiki İcra Hakimiyyətinin binasında otururdu. Çox zalım adam idi, bizimkiləri heç sevmirdi. Mən xidmət edirdim. Polis nəfəri olsam da, bura işi düşən yerli əhaliyə bacardığım köməyi edirdim. Tiqanovun gözündən yayınmırdı bu hallar. Amma deyim ki, o da mənim xidmətimdən şikayətçi deyildi. Qayda-qanuna riayət etməyimə görə hələ bir təşəkkür də imzalamışdı, rəhbərliyə məktub da göndərmişdi”.

 

Cəmaləddini bir vaxtlar həm də ona görə narahat ediblər, gözüm-çıxdıya salıblar ki, o, Heydər Əliyevin tərəfdarı olub:

 

– Mən binanın içində polis yoldaşlarıma, eləcə də ordakı işçilərə deyirdim ki, bizim nicatımız o kişidədir. Onun böyüklüyündə, ağlında, siyasətindədir. Qorxmurdum. Elə bir rütbəm də yoxdur axı, adi polis serjantıyam da. Böyüklərin ətəyinə əlimiz, sözümüz çatmasa da, bacardıqca içimdəki inamı sərgiləyirdim.

 

Cəmaləddin ağrılarını unudur sanki. Əlini dizindən yuxarı kəsilmiş sağ ayağının qalan bir qarış hissəsində gəzdirir, tumarlayır. Ötən günlərin xatirələri isə vərəqlənməkdədir:

 

– Qərbi Azərbaycandan qovulmuş adamların yüklərinin şəhərə daşınması üçün icazə vərəqləri lazım idi. Kimin adamı vardı, elə bir vərəqə alırdı. Yoxsa komendanlıq buraxmırdı. Yüzlərlə adama elə bir vərəqin düzəlməsində yardımçı olmuşam. Təmənnasız ha, indi də görəndə təşəkkür edirlər. O vaxtlar ara qarışmışdı, kim harda necə bacarırdı, qazanırdı. Özünə şərait yaradırdı. Mənə deyirlər ki, bu qədər işləmisən, hanı sənin şəraitin? Bax, bu, mənim evim. Bu mebellər uşaqların anasının cehizidir. Neçə illərdir bizimlə birgə qocalır…

 

Sonra danışığına ara verir, yadına qürur duyası anları salır:

 

– İki qızım var. Hər ikisi oxuyub, təhsil alıblar, həkimdirlər. Heç kəsin yanında gözükölgəli deyiləm, daha nə istəməliyəm ki! Kaş can sağlığım olaydı.

 

Ağrıdan üz-gözünü turşudub, əlavə edir:

 

– Yaqub Məmmədov Ali Sovetin sədri oldu. Sonradan ürəyindən prezidentlik keçdi. Hamı eşidə biləcək qədər dedim ki, ondan dövlət başçısı olmaz, onun ayaması “dollardır”. Bu adam ölkəni batırar. Bizim səsimiz haracan gedirdi ki…

 

Mən nələri gördüm bu 30 ildə? Hakimiyyət dəyişdi. Cəbhə hər şeyi aldı ələ. Dəhşətə gəldim. Təsadüfi adamlar kabinetlərə doldu. Hər biri öz vəzifəsinin mahiyyətini belə bilmirdi. Rəhmətlik Əbülfəz Elçibəy deyirdi ki, kommunistlərin ölənlərinə rəhmət, onlar bunların yanında şükürlüdür. Rüşvətxorluq götürmüşdü də ölkəni başına.

 

Cəmaləddin səsinin tonunu azaldıb, sanki qonşu otaqdakı ailə üzvlərinin eşitməsindən çəkinirdi:

 

– Bilirsən, borcun içində boğuluram. Xəstəxanaya yerləşdirmişdilər. Borca götürdüyümüz pul bitdi. İndi evdəyəm, görürsən də həkimlərin yazdığı resept 330 manat tutdu. Pensiyanı gözləyirik, keçirsinlər, dərmanları alacaqlar. Hələ uşağın işindən sarı da qohumlardan borc edib bir nəfərə 1000 manat veriblər. Uşaq işə getmək istəmir, ürəyincə deyil, məni ağrıların içində qoyub getsin?! Pulu da geri ala bilmir ki, dərmanlarıma versin…

 

Sonra da istəyini dilə gətirir:

 

– Çox istəyirəm ki, müalicəmə kömək etsinlər. Gördüyün budur ki, ayağım kəsilib, gözüm zəifdir, sol gözüm tamam tutulmaq üzrədir. Bunlardan əlavə mədəmdə, ağciyərimdə, onurğamda çox pis ağrılar var. Sağ qolumu kəsilən ayağımın taleyi gözləyir. Elə sol ayağım da toxtamır…

 

Sizin vasitənizlə DİN-ə, BŞİH-nə müraciət etmək istəyirəm ki, mənə yardım etsinlər.

 

Sonra da səsini qısıb pıçıltı ilə deyir:

 

– Balalarım ikisi də öz güclərinə oxuyublar, hər ikisi də özlərini mənim səhhətimə qurban verir…

Faiq Balabəyli









Redaktorun seçimi