Azərbaycanda terror təhlükəsi - Deputatdan mühüm mesaj: “İŞİD-çilər ölkəmizə üz tutub...”

Hit: 1203
Azərbaycanda terror təhlükəsi - Deputatdan mühüm mesaj: “İŞİD-çilər ölkəmizə üz tutub...”
Dünən Dövlət Təhlükəsizlik Xidməti (DTX) Milli Şuranın mitinqində terror planlaşdıran dəstə üzvlərinin məhv edildiyi ilə bağlı məlumat yayıb. Kifayət qədər ciddi bir hadisə baş versə də, müxalifət düşərgə sosial şəbəkələrdə bunun siyasi oyun kimi təqdim etdilər. Lakin bu, Azərbaycanda planlaşdırılan ilk terror faktı deyil. Bu il ərzində bir neçə dəfə DTX ölkəmizdə terror törətmək istəyənlərin zərərsizləşdirildiyi ilə bağlı rəsmi məlumat yayıb. Bunlardan biri isə hətta Milli Məclisin binasında planlaşdırılmış.
 
Bəs kimlər Azərbaycanı hədəf alıb?
 
Mia.az xəbər verir ki, məsələ ilə bağlı BakuPost.az-a danışan Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü deputat Zahid Oruc bildirib ki, ələ keçirilən adamlar inanclı kəsimdən olsalar da, onların dini ekstremist qruplaşmalarla nə dərəcədə əlaqəli olduğunu demək çətindir: "İŞİD yarandıqdan sonra ekspertlər, siyasətçilər hamısı həyəcan təbili çalırdı. Hər kəs bir sualı verirdi: İŞİD dayaqlarına zərbə vurulandan, yuvaları dağıdılandan sonra sağ qalan birləşmələr hara üz tutacaqlar? İŞİD çıxarıldığı ərazilərdə bayrağını endirib, harada qaldıracaq?
 
Elə bilin ki, həmin o dövr gəlib çatıb. İŞİD-ə ciddi zərbə vurulur, məskunlaşdığı yerlərdən çıxarılır.
 
DTX-nın zərərsizləşdirdiyi həmin adamların ləqəblərindən görünür ki, bu sahədə "əməkləri” olmuş şəxslərdir. Hətta onların içərisində əmir rütbəsinə qədər yüksələnlər var. Bu o anlama gəlir ki, casus kimi ələ keçirilən, terror şəbəkəsinin yeminə çevrilmiş adamlar, təəssüf ki, inanclı kəsimdən olanlardır. Bu adamların etiqadından istifadə edən konkret mərkəzlər mövcuddur. Dünən zərərsizləşdirilən adamların həmin dini ekstremist qruplaşmalarla əlaqəsi varmı, bu suala cavab vermək çətindir”.
 
 
Plan baş tutsaydı, nələr ola bilərdi?
 
Millət vəkili düşünür ki, o adamların planları baş tutsaydı, bu, Azərbaycanda qarışıqlıq salmaq istəyən qüvvələrin mənafeyinə işləyəcəkdi:"Azərbaycanın ən böyük sərvəti sabitliyidir. Lakin düşünün ki, hansısa qüvvələr hər hansı bir kütləvi aksiyanı hədəf götürərək, ora zərbə vururlar. Burada həyatını itirən insanlar hansı cinahdan, hansı siyasi mənsubiyyətdən getmələrindən asılı olmayaraq, birinci növbədə terrorçu qüvvələrin niyyəti baş tutmuş olacaq.
 
İkincisi, onların niyyəti odur ki, camaata "dövlət sizi qorumur, bizimlə hesablaşın” mesajını verə bilsinlər.
 
3-cüsü isə, şübhəsiz ki, Avropada ixtisaslaşmış tənqidçi siyasi mərkəzlər bununla Azərbaycan hakimiyyətini daha çox tənqid etmək imkanı qazanmış olurlar. Ona görə də təhlükəsizlik məsələsində müxaliflik etmək olmaz. Hər kəs bu məsələdə dövlətin müvafiq qurumlarının yanında olmalıdır”.
 
"Hakimiyyət terror planıyla bağlı məlumat yaydı ki, Milli Şuranın mitinqinə gələn olmasın, yaxud da az olsun” fikirlərinə də münasibət bildirən millət vəkili bunun boş xəyal məhsulu olduğunu deyib:"Milli məsələlərdə bəzən amansız yanaşmalar bizdə təəssüf doğurur. "İnsanların kütləvi toplaşdığı yerlərdə qəddar plan baş versin və bu, cəmiyyətdə xofu, qorxunu gücləndirsin” məramına dayalı bir əməliyyat zərərsizləşdirilib. Buna görə dövlətə minnətdar olmaqdansa, adamlar bunun üzərində siyasət qururlar və anti-iqtidar təbliğatı aparırlar. Əli Kərimlinin burnu qanasa, onun çevrəsində qərarlaşmış səfirliklər və müxtəlif növbətçi ixtisaslaşmış beynəlxalq təşkilatlar bunu da dövlətin üzərinə atacaqlar, müxtəlif bəyənatlarla çıxış edəcəklər.
 
Ancaq adamların fiziki varlığı hifz edilir, burada da bir düşmən niyyəti axtarırlar. Axı əməliyyatda zərərsizləşdirilən konkret adamların adları çəkilib. Əməliyyatın məkanı, ünvanı göstərilib. Bu admaları sabah təhlükəsizlik orqanına dəvət edib planla tanış etməlidirlər ki, nələr olub? Yalnız bundan sonra vətəndaş mövqeyi göstərəcəklər?
 
Bunu 28 oktyabr aksiyasının ideolojisinə çevirmək, hakimiyyətin texnologiyası saymaq təəssüf hissi doğurur. Hər bir məsələdə müxalifətçilik aramaq nə deməkdir? Düşünün ki, müxtəlif ölkələrin əli ilə hansısa terrorçu qruplaşmanın silahlı bir hissəsi gəlib o çevrədə özünə yer eləyib... Günlərlə, aylarla, sağdan soldan, ayrı-ayrı qitələrdən bəyanatlar eşidiləcəkdi.
 
Bəlkə bunlara özlərinin ölümü doğrudan da lazımdır? Bəlkə hesab edirlər ki, yalnız bu vasitəylə insanları hakimiyyət üstünə qaldıra bilərlər? Bu, fəlakət nəzəriyyəsidir. Həmin informasiyaya şübhəylə yanaşmaq terror planlaşdıranlarla eyni müstəvidə hərəkət etmək deməkdir”.
 
Zahid Oruc əhaliyə tövsiyə də verib: "Dövlət Təhlükəsizlik Xidmətinə bu işlərdə yardım etmək lazımdır.
 
Yaxınımızın, qonşumuzun o şəbəkənin içərisində olduğunu, hansısa əməliyyatlarda iştirakını biliriksə, bu məlumatları paylaşmaq lazımdır. Sistem nümayəndələrinə çatdırmaq lazımdır.
 
Övladını amansız savaşın içinə verənlər, hansısa şəbəkələrə cəlb olunanlar, yaxud varlanmaq ehtirasıyla bu işlərə qoşulanlar varsa, bu, adamları tanıyanlar öz ailəsinin imicini, adını düşünmədən yaxınlıqdakı təhlükəsizlik orqanlarına getməlidir, məlumat verməlidir. Burada güzəşt mövqeyi seçilə bilməz”.








Redaktorun seçimi