"Dinimiz də məzhəbçiliyin əleyhinədir" - MÜSAHİBƏ

Hit: 710
"Dinimiz də məzhəbçiliyin əleyhinədir" - MÜSAHİBƏ

İnsanlar özlərini nəyə görə bir təriqət və məzhəblə tanıdırlar?

Bu gün dünyada əsasən də şərq ölkələrində baş verən məlum hadisələrin başında dayanan səbəblərdən biri də “məzhəbçilik”dir. Eyni dindən olan insanların biri digərindən fərqlənərək özlərini müxtəlif məzhəblərə aid etmələri bəzən anlaşılan deyil. Bu məsələyə aydınlıq gətirmək üçün ilahiyyatçı-yazar Aydın Mülayimə müraciət etdik. İlahiyyatçı mövcud problemə geniş izahat verərək dinimizin məzhəbçilik ideologiyasına qarşı olduğunu vurğuladı:

“İslam dinində belə bir şərt yoxdur. Başqa sözlə desək, Qurani-Kərim və peyğəmbər hədislərində belə bir tələb qətiyyən yoxdur. Bu kimi şeylər tarixən yaranıb və adət-ənənə halını alıb. Bizim etimad etdiyimiz alimlərimiz var, onlar da bu fikirdədirlər.

Allah Quranda belə buyurur:

“(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini bildirəcəkdir!”. (Ənam, 6/159)

Burada dinini parça-parça edib kimlərinsə ətrafına yığışanlar nəzərdə tutulur. Yəni, filan ağanın camaatı, filan təriqət şeyxinin icması, filankəsin təriqəti və sairə kimi. Allah Muhəmməd peyğəmbərə (s. a. v.) bildirir ki, sən heç bir məsələdə onların cərgəsində deyilsən. Məzhəblərə və məzhəbpərəstliyə verilməli olan cavab məhz budur!

Burada çox vacib bir məqam da var: Əgər biz özümüz Quran və Sünnədən hökm çıxartmağı bacarmırıqsa, şübhəsiz ki, bilənlərdən soruşub öyrənməliyik. Amma bu o demək deyil ki, kimi isə kor-koranə təqlid edək.

Bilirsinizmi, bu nəyə oxşayır? –deyə ilahiyyatçı əlavə etdi. “Tutalım ki, siz gedib bir marketdən çörək aldınız. Məgər bu halda bütün digər şeyləri də eyni marketdən almağa məcbursunuz? Əlbəttə ki, xeyr! Çünki o marketin satdığı çörək ləzzətli və tutumlu ola bilər, ancaq başqa bir yerdə satılan pendir də oradakından keyfiyyətli ola bilər! Başqa bir yerdən də təzə meyvələri və digər ərzaq məhsullarını almaq olar. Yaxud da filankəs daha ucuza satır deyə, gedib başqa yerdən ala bilərsiniz.

Yuxarıdakı sözlər bir misal vermək üçün işlədilib. Əlbəttə, müsəlman elm öyrənməli, dini məsələri də xüsusi qaydada araşdırmalıdır. Öz işinə sərf edir deyə, gedib kiminsə ətəyinə yapışmamalı, onun dediklərinin hamısını düzgün şeylər kimi qəbul etməməlidir. Əksinə, hər şeyi Quran və Sünnəyə əsasən saf-çürük etməlidir.

Odur ki, əgər bir şəxs hər hansı bir dini məsələyə dair fikir söyləyirsə, onun dediyinin Quran və Sünnəyə nə dərəcədə müvafiq olub olmadığına baxmaq lazımdır. Və ən vacibi budur ki, bir nəfər bir şeyi düz deyibsə, onun bütün dediklərinə necə deyərlər, abunə olmayasan”

Hazırladı: Ülkər PİRİ









Redaktorun seçimi