Azərbaycanın növbəti qələbəsi

Hit: 2853
Azərbaycanın növbəti qələbəsi
    Ulu öndər Heydər Əliyevin başladığı, ölkəmizin başçısı cənab İlham Əliyev və I vitse-prezident xanım Mehriban Əliyevanın davam etdirdiyi uğurlu siyasət nəticəsində öllkəmiz yüzdən çox ölkəyə qapılarını açmış, irqindən, dinindən və inancından asılı olmayaraq bütün insanların ana yurduna çevirilmişdir.
 
    Bu, qədim tarixə və mədəniyyətə malik olan, bir sıra azsaylı xalqlara və milli azlıqlara qucaq açmış Azərbaycanın dünyaya günəş kimi işıq və sülh saçmasının göstəricilərindəndir. Mənəvi zənginliyi, öz qonaqpərvərliyi və xoşməramlılığı ilə seçilən Azərbaycan xalqı bütün insanları öz ətrafına sıx toplamış və bu uğurlu siyasətin tarixi əhəmiyyətli bir hadisə olduğunu dünyaya, o cümlədən Azərbaycana qarşı qarayaxma kompaniyası yürüdən təşkilatlara, dövlətlərə sübut etmiş, onları mehriban və əminamanlıq şəraitində yaşamağa, xüsusilə də sülhə səsləmişdir.
 
    İyirmi beş ildən artıqdır ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, Qarabağ və ətraf rayonların işğalı, silsiləli şəkildə genişmiqyaslı təxribatları davam etməkdədir. Qadınlara, uşaqlara, qocalara qarşı törətdikləri qətliamlar, soyqrımlar beynəlxalq qurumlar tərəfindən tanınmış və Ermənistanın bu addımı qətiyyətlə pislənmişdir. Xocalı soyqrımı - XX əsrin ən dəhşətli hadisələrindəndir. Erməni terrorizminin qurbanına çevirilmiş Xocalı sakinləri… Erməni vandalizminə məruz qalan Azərbaycan torpaqları… Hələ də minlərlə Azərbaycan vətəndaşı erməni əsrliklərində insana xas olmayan məşəqqətlərə məruz qalır. Kəlbəcərə - öz doğma yurdlarına, anasının məzarlarını ziyarət etməyə gedən Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı erməni xüsusi təyinatlıları tərəfindən hələ də şiddət göstərilməkdədir... Qondarma məhkəmə zamanı D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətində azadlıqdan məhrum edilmişdir. Ermənistan hakimiyyətinin yürütdüyü bu uğursuz siyasət, dövlətlərarası dostluq münasibətlərimizin, sülh və əminamanlığımızın pozulmasına yönəlmişdir.
 
 
    Ötən gün qarşısı alınmış Ermənistanın Silahlı qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətləri bunun göstəricilərindəndir. Azərbaycan təhlükəsizlik orqanlarının birgə bəyanatında bildirilir:
“Düşmənin ölkəmizdə, o cümlədən Bakı şəhərində və respublikanın digər ərazilərində qəsdən vəziyyəti gərginləşdirməyə yönəlmiş istənilən təxribat və terror fəaliyyətinin qarşısı bundan sonra da qətiyyətlə alınacaq və sarsıdıcı adekvat tədbirlər görüləcəkdir”.
 
    Tarixi Azərbaycan torpaqlarında yaranmış Ermənistan Respublikasının yürütdüyü işğalçılıq siyasəti, uydurma ərazi iddiaları regiona nifaq salmağa, multikultural dəyərlərə söykənmiş IV İslam Həmrəyliyi Oyunları zamanı genişmiqyaslı təxribatların törədilməsinə yönəlmişdir. Beləliklə Ermənistan hakimiyyəti öz çirkin fikirlərindən əl çəkməyərək mövqelərini bir daha nümayiş etdirmiş oldu.
 
    I Avropa Oyunları kimi mötəbər bir yarışa ev sahibliyi etmiş Bakı bir neçə gün sonra IV İslam Həmrəyliyi oyunları zamanı dünyanın 57 ölkəsinə öz qapılarını açmış olacaq. Təbii ki, dini, irqi seçkiliyə yol verməyən Azərbaycanın ölkələrin mədəniyyətinə, dininə və tarixinə olan hörməti, dəyəri bir daha nümayiş olunacaqdır.
 
 
    2016-cı il Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan edilməsi tarixi hadisədir. Ölkə başçısı multikulturalizmlə bağlı nitqində deyirdi:
“Azərbaycan multikulturalizmlə bağlı çox böyük işlər görüb. Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyillər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolu uğurla gedəcəyik”.
 
    Azərbaycan Respublikasının I vitse-prezidenti xanım Mehriban Əliyeva ölkəmizin qlobal multikulturalizm mərkəzlərindən birinə çevrildiyini söyləyir: “Bu gün Azərbaycan dünyada qlobal multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Müxtəlif millətlərə və dinlərə mənsub olan insanlar əsrlər boyu Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşayıblar. Bu gün biz ənənələri qorumaq və gücləndirmək üçün əlimizdən gələni edirik”.
 
    Multikulturalizm Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırılıb. Təbii ki, müasir Azərbaycanda multikulturalizmin möhkəmləndirilməsi, saxlanmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xüsusi rolu olmuşdur.
 
 
    Hal-hazırda Azərbaycan Universitetlərində multikulturalizm kafedraları fəaliyyət göstərir. Təbii ki, bu fənnin tədris olunması beynəlxalq əlaqələrin inkişafına, mədəniyyətlərin qorunmasına, milli və mənəvi dəyərlərin nəsildən nəsilə ötürülməsinə xidmət edir. Ölkəmizdə daimi olaraq bununla bağlı kütləvi tədbirlər, seminarlar, konfranslar və “dəyirmi masa”lar təşkil edilir.
 
    Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 2017-ci il “İslam Həmrəyliyi ili” elan olunması tarixi hadisələrdəndir. Multikultural dəyərlərə söykənən bu mötəbər il haqda ölkə başçısı nitqində deyir: “Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr vermişdir. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır”.
 
    Aprelin 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında bir neçə gün sonra baş tutacaq yarışları tariximizin növbəti qələbəsi kimi qiymətləndirib:
"IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın tarixində növbəti qələbə kimi qalacaq. 2017-ci ildə paytaxtımızda IV İslam Həmrəylik Oyunları keçiriləcək. Beləliklə, Bakı iki il ərzində 100-dən artıq ölkəni bir araya gətirən Avropa və İslam Oyunlarına ev sahibliyi etmiş şəhər olacaq. Bu, bizim beynəlxalq münasibətlərin, qarşılıqlı hörmət və anlaşmanın, tolerantlığın gücləndirilməsinə töhfəmizdir”.
 
    Gənclər tərəfindən ölkəmizin yürütdüyü bu siyasət böyük coşqu ilə qarşılanır və xüsusi qayğı ilə dəstəklənir. Bunun nəticəsidir ki, şanlı tarixini qızıl səhifələrə yazan Azərbaycan, gənclərlə birlikdə zirvələri fəth etməyə doğru getməkdədir.
 
    Hər bir Azərbaycan vətəndaşının düşmənçilik mövqeyini qətiyyətlə pisləməsi bizim ən böyük uğurularımızdandır. Biz dinindən, irqindən, milliyətindən, inancından asılı olmayaraq bütün insanlarla birlikdə sülh və əminamanlıq şəraitində yaşamağı öz həyat tərzimizə çevirmişik.
 
 

 









Redaktorun seçimi