Əkbər Qoşalı: “Azərbaycan modelinin necəliyini bir daha nümayiş etdiririk”

Hit: 493
Əkbər Qoşalı: “Azərbaycan modelinin necəliyini bir daha nümayiş etdiririk”

"Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Forum məhz Azərbaycan adı, ünvanı ilə tanınır və artıq dördüncü dəfədir keçirilir. Bunlar özlüyündə ciddi önəm daşımaqdadır. Bu arasıkəsilməz tədbir, hər dəfə respublikamızın daha yaxından tanıdılması, daha yaxşı tanıdılması, həqiqətlərimizin gərəyincə göstərilməsi baxımından əvəzsizdir. Hər dəfə bizə yeni dostlar qazandıran bu Forum, sıradan insanların deyil, nüfuzlu dövlət, elm, din, mədəniyyət xadimlərinin iştirakı ilə keçirlməsi ilə bir başqa əlamətdarlıq daşımaqdadır".  Faktor.az Sia.az-a istinadən bildirir ki, bunu Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.

Onun sözlərinə görə, Forum hər hansı başqa bir ölkədə keçirilsə də, uluslararası hadisə olacaqdı lakin Azərbaycanda keçirilməsi ikiqat anlamlıdır - elan olunmamış müharibə, işğal, terror, önəmli tarixi abidələrə qarşı vandalizm, bir sözlə, anti-mədəniyyət faktlarından ciddi itkilərə məruz qalan bir respublika olaraq, öz başımıza gələnlər misalında bəşəriyyətin ağrıyan yerlərini göstəririk: "Dünyanı barışa, anlaşmaya, dialoqa çağırmaq üçün ən uyğun yerlərdən birinin, bəlkə də, birincisinin məhz Azərbaycan olduğunu göstəririk. Ayrıca, səmavi dinlərin dinc yanaşı yaşamasının Azərbaycan modelinin necəliyini bir daha nümayiş etdiririk.

Sizi əmin edirəm, Azərbaycanda keçirilən hər uluslararsı tədbirdən sonra Ermənistan başbilənləri xeyli sarsılır, əlavə resurslar axtarmağa, əziyyət çəkməyə məcbur olur, düşmənin iç üzü görsənir və hər dəfə yenidən maskalanmağa məcbur qaldıqca yeni yanlışlıqlar etmiş olurlar. Habelə belə bir ortam, tanıtım isə yalnız mədəni, ideoloji-siyasi deyil, eyni güclə iqtisadi anlam da daşıyır və ölkəmizə turist axınına təsirsiz ötüşmür. Bax, bütün bunlar IV Ümumdünya Mədəniyyətlərarası Forumun qısa özəti olaraq fərqləndirilə bilər". 

Faktor.az 









Redaktorun seçimi