İki gün əvvəl tapılan meyit neftçilərdən birinə məxsus imiş

Hit: 500
İki gün əvvəl tapılan meyit neftçilərdən birinə məxsus imiş

Martın 20-də saat 12 radələrində Xəzər dənizi, Qaradağ postu adlanan ərazinin yaxınlığından tapılan meyit ötən ilin dekabr ayında estakadanın dənizə uçması nəticəsində itkin düşən maşinist Güloğlan Zülfüqarova məxsusdur.

Faktor.az xəbər verir ki, işçi qrupdan İstiPress-ə verilən məlumata görə, tibbi ekspertizanın rəyinə əsasən meyit ona aiddir.  

Qeyd edək ki, faciə zamanı itkin düşən Güloğlan və Azay Zülfüqarov qardaş olublar. Güloğlan Zülfüqarovun 8, qardaşının isə iki övladı qalıb. 

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” prezidentin sərəncamı ilə Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir. 

Xatırladaq ki, ötən il dekabrın 15-də Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft-Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Nəticədə Neft-Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.

İndiyə qədər altı nəfərin meyiti tapılıb:

operator İlham Qafarov (faciədən dərhal sonra),

Həsənağa Hacıəliyev - Sahil qəsəbəsinin sakini, 1956-cı il təvəllüdlü (fevralın 1-də)

1957-ci il təvəllüdlü Qurbanov Vidadi Cümşüd oğlu (fevralın 17-də)

1974-cü il təvəllüdlü Rüstəmov Qorxmaz İsbat oğlu (fevralın 28-də)

1957-ci il təvəllüdlü mexanik Elçin Həsənov (martın 4-də) 

1971-ci il təvəllüdlü maşinist Ramiz Abbasov (martın 13-də)









Redaktorun seçimi