Azərbaycanın dünyada tanınan Şəmkiri

Hit: 2057
Azərbaycanın dünyada tanınan Şəmkiri

Ölkənin ən sürətli inkişaf edən bir şəhəri var: Şəmkir.

Özünün iqtisadi-mədəni çəkisi ilə Azərbaycanda xüsusi yerə malik olan şəhər günü-gündən gözəlləşir, nəinki ölkəmizin, dünyanın da diqqətini cəlb edir.

210 min əhalisi olan rayon sosial rifahın və vətəndaş yaşamının real təcəlli etdiyi məkana dönüb.

Abadlıq-quruculuq işləri onun haqqında daha dolğun və aydın təsəvvürlər yaradır.

Müasir həyatın ənənəvi yaşam qaydaları ilə estetik harmoniyasnın bariz nümunələri ilə üz-üzə gəlirsən.

Lent kimi uzanan küçələrin divarlarındakı  bahar ovqatlı gül-çiçək dibçəkləri və alman ruhlu strukturun yatardığı qocaman bir ruh var.

Şəmkirin öz üslubu var, orda tikilən istənilən məkanın fərqi və spesifikası var.

"Təkcə son vaxtlarda açılan obyektlərin siyahısına nəzər salaq: Heydər Əliyev Mərkəzi, Bayraq meydanı, Bayraq muzeyi, Uşaq Akademiyası, "Zəka" intellektual mərkəzi, "Excelsior Hotel Shamkir" mehmanxanası, içməli su və kanalizasiya sistemi...

Gəncə səmtindən gələndə Şəmkirə çatan kimi sol tərəfdə - az qala bir kilometr məsafədə yan-yana düzülmüş orijinal görkəmli obyektlər adamı valeh edir".

Bir cəhət xüsusilə xoşdur ki, çox yerdə görülməyən iş, təmir-bərpa zamanı səkilərin yanında səliqə ilə beton novçalar, su arxları, tunel tipli keçid-körpülər düzəldilib. Yol-izi də gözəldir, bağlar, parklar, müxtəlif yönümlü obyektlər də. Ən səfalı guşədə Heydər Parkı salınıb. Genişdir, ümumi sahəsi on dörd hektardır! Ərazidə müxtəlif tipli yeddi fəvvarə, on körpü-keçid, həmçinin süni göl düzəldilib. Burada iyirmi minədək müxtəlif növ dekorativ ağaclar, güllər əkilib, yaşıllıqlar salınıb. Əhalinin istirahəti üçün hər şərait yaradılıb.

Hiss olunur ki, burada bütün işlərə ciddi bir nəzarət var, tələbkarlıq yüksək səviyyədədir, dövlətə və dövlətçiliyə sədaqət adamların hər hərəkətində, davranışlarında açıq-aydın görünür. Rayonda görüləcək bütün işlərə əvvəlcədən hazırlıq görülür, təhlil olunur, məsul şəxslər müəyyənləşdirilir, onların hesabatları dinlənilir, qabaqcıl təcrübə öyrənilir, qarşıya çıxa biləcək problemlər yerindəcə həll olunur, müvafiq nazirlik və baş idarələrə müraciət edilir və sair. Maraqlı, həm də təqdirəlayiq haldır ki, ilk dəfə olaraq rayonun  növbəti beş il üçün inkişaf konsepsiyası hazırlanmışdır.

...Bu günlərdə rayonda 2016-cı ilin yekunları və qarşıda duran vəzifələr haqqında icra hakimiyyəti başçısının hesabat yığıncağında iştirak etdik. Qarşıda duran vəzifələrin hərtərəfli təhlili, hədəf, problemlərin həlli yolları hesabat məruzəsində o qədər dəqiqliklə ifadə olundu ki, yığıncaq iştirakçıları möhtəşəm Heydər Əliyev Mərkəzinin konfrans zalını tərk etdikdən sonra da bu barədə danışır, fikir mübadiləsi aparırdılar.

Diqqətimi belə bir məqam cəlb etdi ki, iki ildən bir qədər çox müddətdə bu rayona rəhbərlik edən Alimpaşa Məmmədov ucqar kəndlərin belə ən xırda problemindən də xəbərdardır. Elə bir sahə qalmadı ki, onun dərin təhlilini verməsin, həlli yollarını göstərməsin. Ona görə də tənqid və özünütənqid ruhunda hazırlanan hesabat böyük maraqla dinlənildi. Alimpaşa müəllim bildirdi ki, bizim əsas işimiz adamların sosial rifah halının yüksəldilməsi, onların dolanışığının yaxşılaşdırılmasıdır. İstənilən kənddə və ya qəsəbədə adamların necə yaşamasını bilmək istəyirsənsə, orada son illərdə tikilən fərdi evlərin sayı ilə maraqlanmalısan. Bu, əslində, məsələyə ulu öndərimiz Heydər Əliyevin yanaşmasıdır. O, həmişə bu məsələyə xüsusi önəm verib.

Son bir ildə Şəmkirdə ümumi sahəsi 38 min 400 kvadratmetr olan 410 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir. Onların ümumi dəyəri 20 milyon 100 min manatdan çoxdur. Əslində normal göstəricidir. Lakin A.Məmmədov qeyd etdi ki, bu, bizi qane edə bilməz. Elə şərait yaratmalıyıq ki, sakinlər daha çox yaşayış evi tiksinlər, təzə minik maşınları alsınlar, ölkəmizdə və xaricdə vaxtaşırı istirahət edə bilsinlər. Yalnız o zaman biz istədiyimizə tam nail olacağıq.

Hesabatda göstərildi ki, istehsal gücü 50 ton olan çörək zavodu “Nəfis çörək” brendi altında hər gün 15 adda 30 ton çörək bişirir və təkcə Şəmkiri deyil, ətraf rayonları da təmin edir. Təməli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2014-cü ilin noyabrında qoyulmuş “Şəmkir Aqroparkı”nın tikintisi davam etdirilir. Burada meyvə-tərəvəz emalı müəssisəsi, tara istehsalı fabriki, logistika və aqroservis mərkəzinin, soyuducu anbarın və digər infrastruktur müəssisələrinin layihələndirilməsi işi başa çatdırılmışdır. Tutumu 21 min tondan çox olan logistika mərkəzinin bu ilin aprel-may aylarında istifadəyə verilməsi nəzərdə tutulub.

Çinarlı bələdiyyəsinin təsis etdiyi “Çinarlı qəsəbə” MMC-nin nəzdində  “Şəmkir səbəti” brendi altında kənd təsərrüfatı məhsullarının satışı üzrə “Yaşıl market”in bir hissəsi istifadəyə verilmişdir. Burada 500-ə yaxın yeni iş yeri yaradılmışdır. Yaxın aylarda regionda analoqu olmayan mərkəzin tam açılışı həyata keçiriləcəkdir.

Şəmkir bələdiyyəsinin nəzdində yaradılmış “Morul Tikinti” MMC də çox iş görür. Cəmiyyətin özünün Dəllər qəsəbəsində saatda 56 ton asfalt istehsal edən zavodu işə düşüb. Müəssisə yol tikintisi üçün tələb olunan 40 müxtəlif markalı maşın və mexanizm gətirib. “Azərxalça” ASC-nin nəzdində Şəmkir xalça fabrikinin tikintisinə başlanılmışdır. Tikintialtı sahəsi 1200 kvadratmetr olan bu obyektdə işlər davam etdirilir. Azərbaycan Respublikası Prezidenti tərəfindən investisiya fondundan ayrılmış 640 min 586 manat vəsait hesabına Şəmkir şəhəri və Dəllər qəsəbəsində 8 ədəd çoxmənzilli ümumi yaşayış binası əsaslı təmir edilmiş, bütün kommunikasiya xətləri tamamilə dəyişdirilmiş və abadlıq işləri aparılmışdır. Nəticədə 231 yeni iş yeri açılmışdır.

Rayonda gənclərin asudə vaxtlarının səmərəli təşkili və sağlam böyümələri üçün idman sahəsinə diqqət artırılmış, rayon icra hakimiyyətinin köməyi ilə Olimpiya İdman  Kompleksində, Kür və Zəyəm qəsəbələrində yerləşən futbol meydançaları əsaslı şəkildə yenidən qurulmuşdur. Qeyd edək ki, Şəmkirin 2016-cı ildə Gənclər Paytaxtı tituluna yiyələnməsi və bu layihənin uğurla başa çatması maraqla qarşılanmışdır.

Təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin də fəaliyyəti hərtərəfli təhlil olunmuş, nöqsanlar göstərilmiş, məsul şəxslərdən işlərində ciddi dönüş yaratmaq tələb olunmuşdur.

Yığıncaqda şəmkirli iş adamları çıxış edərək onlara yaradılmış əlverişli şəraitə görə ölkə başçısı İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Milli Məclisin deputatları Sahibə Qafarova və Kamran Bayramov, Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev hesabat yığıncağında çıxış etdilər.

Tədbirdə Azərbaycan  Prezidentinə müraciət qəbul olunmuşdur.

xalqqazeti.com

 









Redaktorun seçimi